Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist, istedadlı yazıçı-publisist və naşir Ağəddin Mansurzadəyə həsr olunmuş «Ömür bitsə də…» kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum ömrünü-gününü jurnalistika peşəsinə sərf etmiş dəyərli şəxslərlə bağlı xatirə tədbirlərinin, yaradıcılıq gecələrinin, müəllifləri olduqları kitabların təqdimatının təşkilini xoş ənənəyə çevirib. Bu iş onların sənətinə verdiyimiz dəyərdən irəli gəlməklə yanaşı, belə adamların jurnalistikamızdakı, ümumilikdə ictimai fikir tariximizdəki rolunun və mövqeyinin, zəngin və gələcək nəslə örnək həyat yollarının öyrənilməsi zərurətindən irəli gələn addımdır. Qaynar.info xəbər verir ki, “Ömür bitsə də...” kitabında 200-dək şəxsin Ağəddin müəllim barədə xatirələri toplanıb. Nəşrin tərtibçisi və redaktoru mərhum qələm sahibinin övladı Orxan Mansurzadə, məsləhətçiləri əməkdar jurnalist Dağbəyi İsmayılov və jurnalist Mehman Fərzullayevdir.
Milli Məclisinin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında Mansurzadələr nəslinin Sumqayıt şəhərinin həyatında son dərəcə mühüm mövqe tutduqlarını, ənənə yaratdıqlarını xatırlatdı, Ağəddin Mansurzadə şəxsiyyətinin tamlıq, bütövlük nümunəsi olduğunu vurğuladı.
Mərhum A.Mansurzadə jurnalistlik və naşirliklə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvü də olub. Şeyxülislam Hacı Allahşükür Paşazadənin toplantı üçün ünvanladığı məktubda onun din xadimi kimi mənəvi keyfiyyətlər daşıyıcısı olduğu, insanları düzlüyə, saflığa, imana çağıran əsərlərinin yaradıcılığında önəmli yer tutduğu vurğulanırdı.
«İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BDU-nun jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, İnsan Hüquqları üzrə Müvəkkilin mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, jurnalist Ənvər Məşədiyev, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Xalq artisti Canəli Əkbərov, şair Vahid Əziz, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, həmçinin mərhumun sənət dostlarından Mehman Fərzullayev, Kamran Nəzərli, Şəddat Cəfərov və başqaları A.Mansurzədinin həyat yoluna dair ayrı-ayrı məqamlar barədə söhbət açaraq, istedadlı jurnalistlə bağlı yadda qalan xatirələri bölüşüblər.
Sonda A.Mansurzadənin övladı, «Ömür bitsə də…» kitabının tərtibçisi və redaktoru Orxan Mansurzadə çıxış edərək mərasim iştirakçılarına təşəkkürünü bildirdi.