Ekonomiks 15:17 24.09.2022

MİDA-nın ilk mənzil seçimi 31 saniyəyə bitib (YENİLƏNİB)

MİDA-nın təxirə salınmış mənzil seçimi prosesi bu gün yenidən keçiriləcək.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin güzəştlə satışı prosesi elektron qaydada keçiriləcək. Satış prosesinin saat 15:00-da başlaması nəzərdə tutulub.

Qeyd edək ki, daha öncəyə planlaşdırılan satış prosesi baş tutmamışdı. Belə ki, satış başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilib.

Həmin vaxt bildirilib ki, güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınıb. 

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar edilib.
 
 15:17
 

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu "6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa çıxarılan 815 mənzilin seçim prosesi başlayıb.

Qaynarinfo xəbər verir ki, prosesin başlamasını Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzil satışına dair Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkil etdiyi brifinqdə qurumun aparat rəhbəri Fərman Qurbanlı elan edib.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzil çıxarılıb.

"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Studio tipli mənzillərin qiyməti – 33 222 manatdan,

1 otaqlı mənzillərin qiyməti – 33 222 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 53 732 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 68 904 manatdan,

4 otaqlı mənzillərin qiyməti – 91 295 manatdan başlayır.

Mənzillərin satış qiymətinə ƏDV daxildir.