Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikdiyi mənzillərlə bağlı daha bir nəfər axtarışa verilib.
Bu barədə Qaynarinfo-ya Bakı sakini Fəyyaz Ələkbərov bildirib.
Onun sözlərinə görə, MİDA-nın tikdiyi binalarda mənzil almaq istəyib. Əli Hüseynov adlı şəxs bu məsələdə ona yardım edə biləcəyini deyib. Həmin şəxs özünü informasiya texnologiyaları (İT) mütəxəssisi kimi təqdim edib: "O məndən göstərəcəyi köməklik müqabilində 10 350, dostumdan isə 10 850 AZN alıb. Bundan əlavə, 7 nəfərdən də pul alıb. Biz aldadıldığımızı başa düşəndə Yasamal Rayon Polis İdarəsinə şikayət etdik. Lakin işi aparan müstəntiq Əlini təmizə çıxardı. Bundan sonra müstəntiqdən şikayət etdik. Ona töhmət verdilər. İş başqa bir müstəntiqin icraatına verildi. İbtidai istintaq bitdikdən sonra iş məhkəməyə göndərildi. Əli Hüseynov barəsində həbs qətimkan tədbiri seçilmədiyindən o aradan çıxdı”.
Fəyyaz Ələkbərov əlavə edib ki, hazırda Əli Hüseynov Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində ittiham olunur və barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışdadır.
"Onun tutulması Yasamal Rayon Polis İdarəsinə həvalə edilib. Hələ ki, tutulmayıb. Əgər qaçıb gizlənsə, onu heç kim axtarmayacaq. Hələ ibtidai istintaqda biz işi aparan müstəntiq Məmmədəli Cümşüdovdan tələb etmişdik ki, o, Hüseynov Əli Yadigar oğlu barəsində həbs qətimkan tədbiri seçsin. Lakin müstəntiq naməlum səbəblərdən xahişimizi təmin etməmişdi. Bunun da mənfi nəticəsidir ki, hazırda Hüseynov Əli Yadigar oğlu arxayıncasına azadlıqda gəzərək, məsuliyyətdən kənarda qalır”.
Vətəndaş Daxili İşlər naziri Vilayət Eyvazovdan məsələni diqqətdə saxlamağı xahiş edir.
DİN-nin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Qaynarinfo-ya bildirib ki, Əli Hüseynovun tutulması üçün tədbirlər davam etdirilir:
"Həmin şəxs axtarışdadır. Onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir”.
Seyid