UEFA Millətlər Liqasında pley-off oyunlarına start verilib.
Qaynarinfo-nun məlumatına görə, ötən mövsüm C Liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 komanda - Estoniya, Kipr, Moldova və Qazaxıstan D Divizionuna düşməmək uğrunda mübarizə aparırlar.
Moldova millisi Kişineuda Qazaxıstanla üz-üzə gəlib. Meydan sahibləri ilk yarıda İon Nikolaeskunun qolu ilə önə keçsələr də, fasilədən sonra qonaqlar iki qol vuraraq, əzmkar qələbə qazanıblar - 2:1. Moldova millisinin qapısını qoruyan "Keşlə"nin qolkiperi Stanislav Namaşko 63-cü dəqiqədə kobud səhvə yol verərək, komandasının qapısına bərabərlik qolunun vurulmasının səbəbkarı olub. Son qolu isə onun komanda yoldaşı Vyaçeslav Posmak öz qapısına vurub.
Estoniya yığması isə Tallində Kiprlə qolsuz heç-heçə edib. Meydan sahibləri 85-ci dəqiqədə qol vursalar da, VAR sisteminə müraciət edildikdən sonra həmin top ləğv olunub.
Cavab qarşılaşmaları martın 29-da oynanılacaq. İki görüşün nəticəsinə əsasən qalib gələn komandalar C Liqasındakı yerlərini qoruyacaqlar.
UEFA Millətlər Liqası
Pley-off
İlk oyunlar
24 mart
Moldova - Qazaxıstan 1:2
Qollar: İon Nikolaesku, 45+1 - Sergey Malıy, 63. Vyaçeslav Posmak, 79 (öz qapısına)
Estoniya - Kipr 0:0