Azərbaycanın veteran futbolçularından olan Emin Quliyev hazırda işsizdir. Millimizin sabiq futbolçusu çalışdığı AFFA-nın "Elit məşq” layihəsindən uzaqlaşdırılıb. Sözügedən layihədə azyaşlı futbolçulara məşq keçən Quliyev hazırda futboldan kənarda saxlanılmasından narazıdır.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq müdafiəçi özü deyib:
"Heç yerdə işləmirəm. İki-üç aydır işsizəm, oturmuşam evdə. AFFA-nın elit məşq layihəsində çalışırdım. Amma mənimlə Elmir Xankişyevi işdən çıxardılar. Səbəbini bilmədim. Onsuz da orda nə edirdim ki? Gedib top daşıyırdım. Nə inzibatçı vardı, nə də başqası. Uşaqlar yaxşı idi, təki yetişsin. Həm də balacalarla işləməyə səbrim çatmır. Uşaqlarla işləmək üçün səbrli adamlar lazımdı. Əsəblərim yerində deyil”.
Quliyev məşqçilik kateqoriyası almaq istədiyini də dedi:
"Hazırda "B” kateqoriyasına malikəm. "A”nı da almaq istəyirdim. Amma 5 il birlikdə çörək yediyim Aslan Kərimov o vaxt məni imtahandan kəsdi. Hamıya kateqoriya verildi, məndən başqa. Ondan sonra 3-4 il özümə qapandım. Futboldan küsdüm. Oxumağa həvəsim olmadı. İndi təkan olsa oxuyaram, işləyərəm, kimlərisə öyrədərəm. Niyə öyrətmirəm ki? Azdan-çoxdan mənim də Azərbaycan futbolu tarixində adım var. Millinin sabiq üzvlərindən kimlərisə çağırsınlar, iclas etsinlər. Eləmirlər axı. Məsələn müdafiəçilərlə danışım, fikirlərimi bildirim, öyrədim. Düzdür, Allah ruzini verir, heç kimi ac qoymur. Amma yenə də ürəyim ağrıyır. Futboldan başqa nə iş bacarıram ki? Gedim güləşdə çalışım? Onsuz da bizdə hər şey tərsinədir. Güləşçi gəlir futbolda işləyir. Futbolçu gedib basketbolda çalışır. Heç aidiyyəti olmayanlar gəlib futbolda çalışır. Baxın Gürcüstana, sabiq futbolçuların hamısı futbol federasiyasında işləyir. Otururlar, məsləhətləşirlər. Bizdə kim var? Təşkilatçılıq yaxşıdır, şərait yaradılıb. Amma, məsələn, ingilis dili istəyirlər. Belə futbol inkişaf edir? Yəqin sərf etmirik AFFA-ya. Şans versinlər, işləməsəm, desinlər ki, bacarmırsan”.
Səbuhi Həsənov