Xəbər lenti

Mingəçevirdə məlumat bazasına dair təlim keçirilib - FOTOLAR
Ölkə16:08 29.11.2016

Mingəçevirdə məlumat bazasına dair təlim keçirilib - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın 21-dən Mingəçevir Media Mərkəzində Mingəçevir Valideynlər Assosiasiyası (MVA) Çexiya ("Transitions”) və Polşadan ("Linking Media”) olan tərəfdaşları ilə birgə Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən "Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində QHT, dövlət və KİV nümayəndələri üçün açıq məlumatlara dair təlimlərə start verib.

Qaynarinfo.Az xəbər verir ki, 1 həftə ərzində davam edən təlimləri media üzrə mütəxəssis belaruslu Aleksey Leonçik (Lyaksey Lyavonçık) idarə edib.

MVA-nın prezidenti Fərman Nəbiyev deyib ki, Azərbaycanda açıq məlumat təcrübəsinin genişləndirilməsinə ehtiyac var: "Bu seminarlar jurnalist, QHT və dövlət strukturları nümayəndələrinə ona görə lazımdır ki, əhali ilə əməkdaşlığını daha rahat və sərbəst qurmağa nail olsunlar. Düşünürəm ki, layihədən Azərbaycan yetərincə bəhrələnəcək. 3 gün ərzində onlar açıq məlumatlar konsepsiyasını müzakirə edib, Belarus, Avropa Birliyi və dünya KİV-lərinin, QHT və dövlət orqanlarının açıq məlumatlarla işləmə təcrübəsini öyrənib. İştirakçılar açıq məlumat portalları, məlumat mənbələri, vizuallaşdırma alətləri ilə tanış olub, xəritələr üzərində işləməyi öyrəniblər”.

Ekspert Aleksey Leonçik bildirib ki, təlimin əsas məqsədi auditoriyanı açıq məlumatlarla tanış etmək və gələcəkdə onlara məlumatları hamının başa düşəcəyi şəkildə təqdim etməyi öyrətməkdir. Mingəçevir İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev ölkə üçün vacib olan belə tədbirin Mingəçevirdə keçirilməsindən məmnunluğunu ifadə edib. Şəhər statistika İdarəsinin rəisi Etibar Kərimov maraqlı ideyalarla çıxış edib.

Təlim boyunca məlumatların toplanıb "Excel” cədvəlinə salınması, şəkillər və cədvəllər üzərində iş, statistik məlumatın yoxlanması, ilkin mənbələrdən məlumatların əldə olunması və sair məsələlər araşdırılıb.

Qeyd edək ki, 3 qrup üzrə aparılan təlimlər noyabrın 27-dək davam edib. Təlimlərdə Qaynarinfo.Az-ı Səbuhi Tofiqoğlu təmsil edib. Təşkilatçılar iştirakçılar üçün hər cür şərait yaradıb, onların Mingəçevirin 4 ulduzlu "Kür" otelində məskunlaşmasını təmin ediblər.

Qaynarinfo.Az