Xəbər lenti

İdman 15:42 17.06.2023

Mircavadov: “Bu, De Byazinin sonuncu oyunu ola bilər”

Bu gün millimiz AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. "Dalğa Arena”da Estoniya yığmasına qarşı baş tutacaq görüşün nəticəsinin De Byazi üçün böyük önəm daşıdığı bildirilir. Digər tərəfdən, seçmə mərhələ çərçivəsində ilik iki oyunda qapısından 9 qol buraxan komandanın qələbəyə ehtiyacı var. Bəs qələbə olmasa, hadisələr necə inkişaf edə bilər? De Byazi istefa verməlidirmi?

Yığmanın oyunu ilə bağlı tanınmış mütəxəssislərimizdən olan Ağasəlim Mircavadov fikirlərini bölüşüb. O, Qaynarinfo-ya açıqlamasında bunları deyib:

"İndi elə bir vaxtdır ki, oyun ikinci plana keçir. Ancaq qələbə lazımdır. Bir neçə amili qabartmaq istərdim. Birincisi çempionat çoxdan bitib. Oyunçular pərakəndə haldadırlar. Biri məşq edir, digəri başqa kluba keçmək haqda düşünür. Həyəcanlıdırlar, ona görə də məşqçi amili böyük rol oynamalıdır. Bilirəm ki, millimiz ayın 7-dən təlim-məşq prosesindədir. Uşaqlar məşqdən sonra evə buraxılırdı. Bu yaxşı haldır ki, futbolçu çox düşünməsin, evi, ailəsi ilə də maraqlansın. İkincisi, heyəti tapmaq lazımdır. Əsas amil inam və psixoloji durumdur. Son iki qarşılaşmada çox zəif oynadılar və böyük səhvlər buraxdılar. Böyükhesablı məğlubiyyətlər oldu. İnamı qaytarmaq, ailəni bərkitmək lazımdır. Bu səbəbdən Estoniya üzərində qələbə vacibdir”.

Mütəxəssis bu matçın nəticəsindən də çox şey asılı olduğunu deyib. O, estonlarla matçın yığmamızın baş məşqçisi postunda De Byazi üçün sonuncu ola biləcəyini də bildirib:

"Məşqçi amili hər yerdə, hər zaman həddindən artıq böyükdür. Əfsuslar olsun ki, bizdə məşqçiyə "yüngül" baxırlar. Halbuki məsələləri o həll edir. Oyunçu ilə danışığa, məşqlərə, oyun qurma məsələlərinə, futbolçuların bir-birilərinə inanması prosesinə məşqçi cavabdehdir. Əlbəttə, düşünməlidir ki, geriyə yol yoxdur. Açığı, hətta heç-heçəyə də razı deyiləm. Rəqibin baş məşqçisinin, futbolçularının müsahibələrini oxudum, qələbə üçün Bakıya gəldiklərini deyirdilər. Bu da bir stimuldur. Heyətlə tanış olmuşam, normaldır. Yaxşı oyunçular yığıblar. Oyunun gedişatından çox şey asılı olacaq. Əvəzetmələrdə səhvlərin olmaması da vacibdir. İstefa verməsi özündən asılıdır. Özünü istəyən məşqçi düşünməlidir ki, hadisələr əks tərəfin xeyrinə bitsə, bu onun sonuncu oyunu ola bilər”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->