Xəbər lenti

Mirzə Kazım bəyin axtardığı kitab
Ölkə12:44 30.09.2013

Mirzə Kazım bəyin axtardığı kitab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İdris Heydərli 

"Tarixi Dərbəndnamə"

Mirzə Kazım bəy Dərbənddə doğulub...

"Mən uşaq idim. 14 yaşim olardı. Uzun gecələrin birini şəkilli tarix anladan bir əlyazmanı oxumaqla keçirirdik. Böyuk bir ailə bu əlyazma oxunduqca, tarixin qədim dövrlərindən, qəhrəmanlarindan, gerçəklərindən ötənləri öyrənməyi sevərdi".

Kazım bəy bu sətirləri çox sonralar, bir peşmançılığı xatırlayarkən qeyd edir.

1722-ci il... Dərbəndin naibi İmamqulu I Pyotra şəhərin açarı ilə bir əlyazma da verir...

"Bu əlyazma haqqında Dərbənddə çox danışılardı. Onu oxumaq istəyənlər isə lap çox idi. Üç nəfərdə varydı, bu əlyazmadan... Hər üçü də tacir idi.  Onlar da, "Məndə bu əsər var" deyə fəxr etməkdən başqa bir şey anlamazdılar.

Bir nəfər isə hansısa yolla bu əlyazmaya sahiblənmişdi. Bir kimsə bilmədi ki, necə əldə edib. O, bu əlyazmanın üzünü çıxararaq oxumaq istəyənə verirdi. 

Mirzə Kazım bəy illər keçəndən sonra "Bu əlyazmanın dəyərini o zaman anladım ki, artıq Avropa alimləri bu əlyazma haqqında dəyərli araşdırmalar çap etdirmişdilər. Uzun axtarışdan sonra bu əlyazmadan birini 1839-cu ildə əldə edə bildim", - yazır.

Bu əlyazma "TARİXİ DƏRBƏNDNAMƏ" idi.

Qarşımda iki kitab var: 

"Dərbəndnamə" - Dağıstan tarixşünaslığının abidəsi kimi. Mahaçqala, "Epoxa" nəşriyyatı, 2007. 

Ön sözün müəllifi Maqsud Alixanov-Avarskinin redaktəsi ilə Tiflisdə 1898-ci ildə Y.İ.Libermanın mətbəsindəki çapın eynisi... 

İkinci kitab isə dəyərli yazıçımız Cingiz Huseynovdan götürdüyüm rus dilində "Mirzə Kazım bəyin, "Seçilmiş əsərləri"dir. 

"Dərbəndnamə" 1814-cü ildə akademik Y.Klaprot tərəfindən alman dilində, 1819-cu ildə isə fransız dilində çap olunub.

Mirzə Kazım bəyin uşaqlıq dövründə tarix nağıllarına qulaq asdığı, İmamqulu naibin I Pyotra hədiyyə etdiyi, almanın, fransızın, ingilisin 18-ci yüzildən öyrənib, çap etdirdiyi bu kitabin əsas əlyazması AZƏRBAYCAN TÜRKCƏSİNDƏDİR...

"...Və şimal tərəfində ki, ibarət  az tayfa xəzərdən ola...", "mühəndis olan memarlar və sahb vəquf olan fəhlələr.."

Mirzə Kazım bəyin istifadə etdiyi və Azərbaycan türkcəsindən fars dilinə düzgün tərcümə olunmayan bu sitatlardan və bir neçə sözdən başqa, o zamanın Azərbaycan dilinin necə olduğunu bilə bilmədim.

Hansı tarixçimiz bu əlyazma üzərində işləyib, bilmirəm...

Hansı dilçimiz bu əlyazmadakı dili araşdırıb, onu da bilmirəm...

Hansı?..

"Dərbəndnamə" isə artıq Dağıstan tarixi olur, cənab ...şünaslarımız! 

Azərbaycan dilində, Azərbaycan tarixini anladan bir əlyazmaya niyə sahib çıxmırıq? "Yeni Azərbaycan"a bu tarixlər hansı ləkəni gətirə bilər ki, öyrənmək istəmirik? Bəlkə, tarixsiz, keçmişsiz, izsiz-soraqsız Yeni Azərbaycan quracağınıza əminsiniz?!

Mirzə Kazım bəy dinini dəyişdi, amma dilini yox. 17 yaşında bu dilin ilk qrammatikasını yazdı. Bu gün hər birimiz onu yalnız dinini dəyişdiyinə görə ittiham edə bilərik, dilini dəyişdiyinə görə yox. 

Məncə, Kazım bəy dinini dəyişsə də, dilini qorudu və öz milləti üçün bizim hər birimizdən çox iş gördü. Elmi əsərlər yazdı, anlatmağa, anlamağa çalışdı.

Mirzə Böyuk Füzulini xatırladaraq, ürək yanğısıyla əlyazmalardakı təhriflərdən yazırdı, danışırdı. 

Füzuli yeganə Şərq mütəfəkkiridir ki, Allahdan öz yazdıqlarının pis xəttatların əlinə düşməməsini arzulayır.

Hər hansı bir əlyazma köçürülərkən ikinci köçürmədə bir hissəsi, üçüncüdə yarısı təhrif olunur, beşincidə isə o əsərdən əlamət qalmır. Bunu kim anlatmali idi ki, Nizamidən "Dərbəndnamə"yə qədər bizlərə sırınan tarixlərin mahiyyətini anlaya bilək.

"Tarixi Dərbəndnamə"nin son nəşri Dağıstan tarixi olaraq tarixləşdirildi. Rudolf İvanov isə kitabın arxa qabığında Maksud Alixanov-Avarskini təqdim edir. Rus İmperator Ordusunun general-leytenantı və ... bildiyimiz vələr.

AZƏRBAYCAN TÜRKCƏSİNDƏ AZƏRBAYCAN TARİXİ deyil, ALBANİYA maraqlıdır bizim zatı bilinməyən bəzi tarixçilərimiz üçün. Çünki onlar kimi Albaniyanin da zatı yoxdur...

Ruhun şad olsun, Mirzə! Biz öz tariximizi öyrəndikcə qurur duyuruq. Bizlər üçün önəmli olan Sizin  yanlış və doğru olduğunuz məqamlar deyil, başaldığınız YOLdur...

"Tarixi Dərbəndnamə"yə Mirzə Kazim bəyin yazdığı şərh yetər ki, zaman TARİXİNƏ sahib çıxa bilsin...