
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın müsahibə verib.
Qaynar.info saytı Turan agentliyinə istinadən həmin müsahibənin əsas hissəsini təqdim edir.
Sual: Azərbaycanda prezident seçkiləri başa çatıb. Seçkiqabağı situasiyanı necə qiymətləndirirsiniz, beynəlxalq standartlara uyğundurmu?
Cavab: Biz 10 oktyabrda həm seçkiöncəsi, həm də seçki günü qiymətləndirilməsini əks etdirən bəyanat vermişik. Biz həmin bəyanata sadiq qalırıq. Əlavə etmək istəyirəm ki, bizim bəyanatımız seçkinin yekunlarını şübhə altına almır. Prezident Əliyev andiçmə mərasimi keçirərək prezident vəzifəsinin icrasına başlayıb.
Bizim həm hökumətlə, həm prezident Əliyevlə bir sıra məsələlərlə bağlı geniş, hər iki ölkənin marağında olan və eyni zamanda bu ölkənin vətəndaş cəmiyyəti üçün vacib olan bir sıra məsələlər üzrə əməkdaşlığımızı davam etdirməyimiz vacibdir. Bunlara demokratiya, Dağlıq Qarabağ, geosiyasi məsələlər daxildir. Həmçinin terrorizmlə mübarizə, iqtisadi diversifikasiya, enerji məsələləri də buna aiddir. Bütün bu məsələlər, xüsusilə demokratiya məsələsi çox önəmlidir və eyni zamanda bizim hökumətlə bu məsələlər üzrə əməkdaşlığımızı davam etdirməyimiz də vacibdir.
Sual: Azərbaycandakı prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun bəyanatında seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf, azad və ədalətli olmadığı qeyd edilir. Həmin bəyanatı ABŞ da dəstəklədi. Amma Azərbaycan tərəfi bəyan etdi ki, seçkilər demokratik keçirilib. Hətta Amerikanın seçki praktikasında qüsurlar var, amma Azərbaycanda yoxdur. Amerikanın seçki praktikası, seçki pozisiyası ilə Azərbaycanın seçki pozisiyası arasında oxşar və fərqli cəhətlər nədir?
Cavab: Mən belə deyərdim ki, biz seçkilərlə bağlı işlərimizi yaxşı yerinə yetiririk. Biz mükəmməl deyilik və heç bir demokratiya mükəmməl deyil. Demokratiya davamlı bir prosesdir. Hətta ABŞ kimi 237 il demokratiya quruculuğu üzərində işləyən bir ölkənin də demokratiyanı təkmilləşdirməyə ehtiyacı var. Biz bu işi davam etdirəcəyik, çünki bundan daha yaxşı sistem tanımırıq.
Azərbaycan öz demokratiyasını təkmilləşdirdiyi müddətdə biz Azərbaycanla əməkdaşlıq etmək istəyirik. Bu işi seçkilər və bir sıra digər məsələlərlə bağlı öz rəy və fikirlərimizi bildirməklə edirik. Biz konstruktiv olmaq istəyirik. Biz istəyirik ki, Azərbaycan öz demokratiyasını, iqtisadiyyatını daha da inkişaf etdirsin və malik olduğu potensialı gerçəkləşdirərək böyük bir ölkəyə çevrilsin.
Qaynar.info