Bu gün səhər saatlarından etibarən Rusiya Ukraynanın paytaxtı Kiyevi və digər şəhərləri bombalamağa başlayıb.
Qaynarinfo Ukrayna KİV-inə istinadən xəbər verir ki, səhər saatlarında verilən həyəcan siqnalından sonra Kiyevdə 4 partlayış qeydə alınıb.
Kiyevin meri Vitalı Kliçko paytaxtın bombalanmasını təsdiqləyib. O bildirib ki, partlayışlar Kiyevin mərkəzində - Şevçenko rayonunda qeydə alınıb.
Sentyabrın 9-da Krım körpüsü partladılmışdı. Kiyevin bombalanması bu akta cavab hesab edilir.
Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Qaynarinfo-ya bildirib ki, Kiyevdə xüsusilə mülki obyektlərə raket zərbələri endirilməsi Rusiya-Ukrayna müharibəsinin daha dağıdıcı müstəviyə qədəm qoyduğunu göstərir.
"Burada kimsə Rusiyanın haqlı olduğunu deyə bilməz. Çünki artıq mülki obyektlərə zərbələr endirilir. Eyni zamanda müşahidələr göstərir ki, hərbi əməliyyatların intensivliyi artıb. Yəni, müharibə daha dağıdıcı forma almağa başlayıb”, deyə politoloq bildirib.
Tofiq Zülfüqarov əlavə edib ki, Kiyevin bombalanmasının Krım körpüsünün partladılmasından sonraya təsadüf etməsini Kremlin bu akta cavabı qənaətini yaradır. "İstisna deyil ki, Rusiyanın Kiyevi hədəf alması Krım körpüsünün partladılması ilə bağlıdır”, deyə keçmiş nazir vurğulayıb.
Bəzi mülahizələrə görə, Krım körpüsünün partladırlması Kremlin də planı ola bilər. Məqsəd Ukraynaya daha dağıdıcı zərəbələr endirmək üçün əsas yaratmaq hesab edilir. Hətta bu akt Moskvanın nüvə silahından istifadəsini şərtləndirən amilə çevrilə bilər. Tofqi Zülfüqarov da bu mülahizələri bölüşür:
"Bilirsiniz, biz ehtimalları, proqnozları məntiq əsasında səsləndiririk. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan Kreml elə məntiqsiz addımlara yol verib ki, heç nə istisna deyil. Konkret olaraq nüvə zərbəsinə gəlincə, biz bilməliyik ki, nüvə silahı iki cür olur: Taktiki və strateji. Burada böyük ehtimalla taktiki nüvə zərbəsindən söhbət gedə bilər ki, mən yenə də Rusiya rəhbərliyinin məntiqsiz addımlarına istinad edərək bunun baş verəcəyini istisna etmirəm”.
Bəs Ukrayna necə, Rusiyaya cavab zərbələri endirə bilərmi? Kiyevin Rusiyanın hansısa şəhərlərini hədəf almaq gücündə olan silahları varmı Tofiq Zülfüqarov hesab edir ki, Kiyevin cavab addım kimi Rusiyanı hədəf alması mümkündür.
"Bunun üçün Ukraynanın yetərli silahları var. Özü də bir növ deyil, müxtəlif növ silahlara malikdir. Ona görə də mümkündür ki, Rusiyaya cavab zərbələri endirilsin”, deyə politoloq bildirib.
Seyid