Asif Nərimanlı
Siyasət 16:42 04.03.2022

Moskva Kiyevlə danışıqlarda taktiki dəyişiklik edir?

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Alekey Arestoviç Rusiyanın tələblərini tədricən azaltdığını deyir: denazifikasiya və digər tələblərdən daha danışmır, "neytral status” haqqında az danışır, daha çox Ukraynada müəyyən növ silahların yerləşdirilməsinin qarşını almaq üzərində müzakirə edirlər. 

Arestoviçə görə, tələblərin azalması Rusiyanın hədəfinə hərbi yolla nail olmağın mümkün olmadığını anlamasından irəl gəlir. Rusiya ordusunun üzləşdiyi müqavimət və verdiyi itkilər də bu versiyanı gücləndirir.

Lakin Rusiya rəhbərliyinin, birbaşa Putinin geri çəkilməməklə bağlı açıqlamaları, əlavə qüvvələrin cəlb edildiyi haqda xəbərlər Moskvanın danışıqlara da taktiki dəyişiklik etdiyi ehtimalını da önə çıxarır.

Birincisi, denazifikasiya, yəni rusların iddia etdiyi kimi "Ukraynada neonasistlərə qarşı döyüş” təbliğatı effekt vermir: Kreml bunu müharibəni daxili ictimai rəydə legitimləşdirmək üçün istifadə edir, hərçənd, "işləyən mexanizm” olmadığı, xüsusilə sanksiyalar altında əzilən rus xalqının buna inanmadığı məlumdur;
 
Rusiya rəhbərliyi daxili ictimai rəydə sanksiyaları "azadlıq naminə verilən qurban” kimi təqdim etməyə çalışır;

İkincisi, Moskva Ukrayna hakimiyyəti ilə anlaşa bilmək imkanını da nəzərə alır: Kremldə hesab edirlər ki, Qərb Kiyevə lazımi dəstək vermir, Zelenskinin son açıqlamaları da bu fikri gücləndirən amildir və hücumun təzyiqini artırmaqla masada istəyinə razılaşa bilər; hərçənd, Kremldə onu da anlayırlar ki, rəsmi Kiyevin birbaşa "kapitulyasiya” etməsi mümkün deyil, tələblərinin yumşaldılması ilə Ukrayna hakimiyyəti üçün "açıq qapı” qoyur və "neytral status” məsələsində razılaşmaq istəyir, çünki ağır sanksiyalar fonunda rus ordusunun verdiyi itkilər və Ukrayna xalqının nifrəti Putinə "pirr qələbəsi” vəd edir.

Asif Nərimanlı