
Son vaxtlar Müdafiə Nazirliyində aparılan kadr islahatları ölkə gündəmində ciddi narahatlıqla müşahidə olunur.
Bu islahatların peşəkarlıq, döyüş təcrübəsi, geniş dünyagörüşü deyil, başqa prinsiplər əsasında həyata keçirilməsi diqqət çəkir. Yeni təyinatlarda əsasən bir qayda olaraq sabiq müdafiə naziri tərəfidən xidmətdə yol verdikləri ciddi nöqsanlara görə vaxtilə ordu sıralarından uzaqlaşdırılanların yer alması isə cavabını gözləyən cox ciddi suallar doğurur. Elə təkcə son təyinat - general Elbrus Orucovun Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə rəis təyin olunması hərbi mütəxəssislər tərəfindən geniş diskussiyalara yol açıb.
Ekspertlər nə düşünür?
Elbrus Orucovla bağlı təyinatın Azərbaycan ordusuna yaxşı heç nə vəd etmədiyini vurğulayan əksər ekspertlər hesab edirlər ki, onun Laçının işğalının 22-ci ildönümü ərəfəsində Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi ciddi yanlışlıqdır. Hətta Laçın taborunun keçmiş komandiri Arif Paşa baş verənləri bütün Azərbaycan xalqının mənafeyinə zidd bir addım kimi dəyərləndirir. O, mövqeyini kəskin şəkildə bildirərək qeyd edir ki, Elbrus Orucovun rəis təyin olunması Azərbaycan SQ-nə, Azərbaycan xalqına qarşı xəyanətdir.
Nəzərə almaq lazımdır ki, Əməliyyat Baş İdarəsi Baş Qərargahın beyni hesab olunur. Bununla yanaşı, səsləndirilən fikirlər arasında “Nəcməddin Sadıqov bu posta E.Orucov kimi bir şəxsi gətirməklə Azərbaycan ordusunun olan-qalan etibarını da məhv etmək istəyir”, “təsadüfi adamlar orduda ciddi postlara gətirilir” kimi ittihamların yer alması da Müdafiə Nazirliyində aparılan kadr islahatlarının ciddi narazılıqla qarşılanmasından xəbər verir.
E.Orucovla bağlı isatintaq materiallarına diqqət yetirmək kifayətdir ki, onun haqda tam təsəvvür yaransın. O materiallarda Şuşanın işğalı zamanı ordu rəhbərliyinin, orada döyüşən tabor komadirlərinin hamısının E.Orucov haqqındakı ifadələri yer alıb. Bu ifadələrin hamısında onun "xidməti" aydın görünür. Rəhbərliyin əmri olmadan Şuşanı tərk etməsi və bunun ardınca polkovnik-leytenant olan bu şəxsin general rütbəsi alması isə bəzi müəmmalı məqamlardan xəbər verir.
Təsadüfi deyil ki, hərbi ekspert Сəsur Sümərinlinin vaxtilə “İmpuls” qəzetində çap olunan E.Orucovla müsahibəsi də kifayət qədər ciddi maraq dogurur: “Bəlkə də, mənim həyatımda Şuşa məsələsi olmalı idi. Şuşa olmasaydı, bəlkə də mən heç general rütbəsi almayacaqdım..." Qəribə məntiqdir...
Bundan əlavə, ölkənin bir sira nüfuzlu siyasi xadimləri də sözügedən nazirlikdə aparılan kadr islahatlarından narahat olduqlarını ifadə ediblər. Ekspertlərin fikirlərində də bildirilir ki, Müdafiə Nazirliyində o adamları hakimiyyətə gətirirlər ki, həmin şəxslər bundan əvvəl Azərbaycan ərazilərinin işğal olunmasında adı hallananlardır. Elburus Orucov da Şuşanın, Laçının işğal olunmasında günahı olan adam kimi ittiham olunub. Bu adamı vaxtilə ordudan uzaqlaşdırdılar, indi isə ən yüksək postların birində vəzifəyə təyin etdilər.
Laçının işğalı ilə bağlı "müəmma"lar
Jurnalist İmdad Əlizadə isə ötən gün yazdığı köşəsində vurğulayır ki, Şuşanın, Laçının işğalına görə hamı haqlı olaraq təkcə üstümüzə qoşun çəkmiş düşməni deyil, həm də o dövrdə torpağımızın qorunmasına birbaşa cavabdeh olmuş müdafiə naziri Rəhim Qazıyevi günahkar bilir. Şuşa itkisi Rəhim Qazıyevin ictimai bəraət almasına imkan vermir. Rəhim Qazıyev nazir kimi Bakıda oturanda Elbrus Orucov Şuşada idi, rayonun müdafiəsi ona tapşırılmışdı. O deyə bilər ki, mən əmri yerinə yetirmişəm, belə deyiblər, belə də eləmişəm. Amma bu, heç nəyi dəyişmir: insanların Rəhim Qazıyevə münasibəti ilə Elbrus Orucova yanaşması arasında bir fərq yoxdur. Bəs nədən birinci təcrid olunduğu halda, ikinci Müdafiə Nazirliyinin rəhbərliyinə gətirilir, qabağa çəkilir, mükafatlandırılır? Və yaxud da təsadüfi adamlar orduda ciddi postlara gətirilir. Ən adi birini ordunun tibbi təchizat şöbəsinə müdir qoyublar. Bu kimi çoxlu faktlar var ki, yüksək vəzifə verilmiş hərbçilərin tərcümeyi-halına baxanda görürsən ki, ya qohumları Rusiyada yaşayır, ya da bu ölkə ilə əlaqələri var.
Bu cür halların Azərbaycan tarixində də acı nümunəsi var. Belə gedəcəyi təqdirdə Azərbaycanda istənilən təhlükəli adam hərbçi kimi müəyyən əməliyyatlarda, gözlənilən Qarabağ savaşı başlayan anda Azərbaycan dövləti üçün xoş olmayan hallar yaşana bilər.
Son...
Yeri gəlmişkən, Zakir Həsənovun müdafiə naziri təyin olunduqdan sonra orduda apardığı islahatlar da ciddi müzakirə obyektinə çevrilib. Bir çoxları nazirin atdığı addımlarda Rusiya faktorunun ciddi rol oynadığını ehtimal edirlər. Hətta bu gün mediada səsləndirilən rəylərdə də bildirilir ki, peşəkar hərbçiləri, ordunun NATO sisteminə keçidində ximəti olan generalları, zabitləri total şəkildə vəzifəsindən, hətta ordudan uzaqlaşdıran Həsənov meydanı Rusiya hərbi elitası ilə yaxın münasibətləri olan şəxslərə verir.
Zakir Həsənovun ilk əmrlərindən biri ehtiyatda olan general-mayor Anatoliy Vasyakı Müdafiə Nazirliyində vəzifəyə qaytarması idi və bu təyinat da bəzi çevrələrdə ciddi narahatlıq doğurdu. Doğrudan da, nə baş verir? Müzakirəyə çevrilən sullara cavab veriləcəkmi? Göründüyü kimi, Müdafiə Nazirliyi hələ cox suallara cavab verməli olacaq. Bizə isə verilən sualların cavabını gözləmək qalır. Gəlin, gözləyək.
Qaynar.info