Orxan
Saffari
Bəşər
tarixi mövcud olandan baş vermiş və bundan sonra da baş verəcək bütün müharibələrin
bircə yaxşı tərəfi var, hansı ki, bu tərəf elə məhz bəşəriyyətə xidmət edib,
fayda verir və baş verdikcə də verəcək. Buna qətiyyən şübhəniz olmasın.
Əgər
ağlınıza ədəbiyyat, sənət, incəsənət gəldisə, onda sizi ayaq üstə alqışlayıram.
Bəli.
İstər müharibənin ortasında olsun, istərsə də bitəndən sonrakı incəsənət nümunələri
insanlığın xilasıdır, qazancıdır. Bu, nə qədər ağrılı səslənsə də, belədir.
Müharibədə qazanan "tərəf" ancaq və ancaq ədəbiyyatdır, incəsənətdir.
Bu, təbii ki, sənət bilən, incəsənət sevən, ədəbiyyat dərk edən kəslər üçün belədir.
Məlumatlısınızsa,
yadınıza salın. Dünyanın ən məşhur və yaxşı əsərlərin bir çoxu elə məhz müharibə
ilə bağlı əsərlərdir. Səbəblər də məlum, bilirsiniz.
Dünya ədəbiyyatını
bir qırağa qoyub, Azərbaycan ədəbiyyatında da baxsaq, müharibə, ümumi olaraq
Qarabağ hadisələri, Qarabağ haqqında kifayət qədər yaxşı əsərlərin olduğunu görərik.
Onların da çoxu bizə məlumdur, tutarlı əsərlərdir. Mən onlarla belə əsər
sadalaya bilərəm, hansı ki, bu əsərlər bəziləri tək Qarabağla, bəziləri orada
baş verən hadisələrlə, ermənilərin etdikləri və s. ilə bağlıdır.
Mirzə Fətəli
Axundzadənin, Cəlil Məmmədquluzadənin, Əhməd bəy Ağaoğlunun, Məmməd Səid
Ordubadinin, Mirzə Ələkbər Sabirin və sairə bir çox ziyalılarımızın əsərlərində,
şeirlərində bu mövzular, daha dəqiq desək, ermənilərin törətdiyi vəhşiliklər
ustalıqla göstərilib. Sovet dövrü zamanı bu hadisələr nə qədər ört-basdır
olunmağa çalışılsa da, tarix heç nəyi unutmadı. Günü bu gün də bu əsərləri
oxuyaraq hadisələrə bir daha orda olmuş kimi şahid ola bilərik.
O cümlədən
müasir ədəbiyyat nümunələri də vardır bu mövzularda. Elçin Hüseynbəylinin
"Əsirlər", Sabir Əhmədlinin "Ömür urası", Elçinin "Bayraqdar", "Qarabağ
şikəstəsi", Əlibala Hacızadənin "Möcüzə", Aqil Abbasın
"Dolu", Mövlud Süleymanlının "Erməni adındakı hərflər",
Hüseynbala Mirələmovun "Xəcalət", Şərif Ağayarın "Haramı" və
sairə və ilaxır sadalamadığmız bir çox əsərlər vardır. Qeyd etdiyim kimi, hər
biri Qarabağ problemlərindən, müharibədən bəhs edir. Bunların yazılmağının digər
bir yaxşı tərəfi isə həm də tarix olmasıdır, tarixin unudulmaması, ötürülməsidir.
Söz
sözü çəkər, yaxşı əsər hər şeyi. Keçən dəfə televiyada işğaldan yenicə azad
olunmuş Cəbrayıl rayonunda bir ərazidən video görüntü paylaşılmışdı. Sonda isə
bir reportaj getdi. Videoda görsənən bir evin sahibi öz həyətini, evini görən
kimi tanıyıbmış.
Evin
sadəcə bünövrəsi yerindədir və sən 27 il sonra evini azad olmuş şəkildə dağınıq
da olsa televiziyadan görürsən. Ürək lazımdı dözməyə, ürək. İlahi, bəs, bundan
böyük ədəbiyyatmı var?! Yadıma Sabir Əhmədlinin "Ömür urası" romanı
düşdü. Romanın əsas obrazı Cəbrayıla, müharibədən əvvəl tikdirdiyi evinin ziyarətə
gedib doğma rayonuna qayıdanda kəndi tamamilə dağıdılmış vəziyyətdə görür. Ermənilər
kənddə qalan bütün evləri yandırıb dağıtmışdılar.
Bir
erməni əsgərinin verdiyi müsahibədə dediyi bu sözlər də yadıma bir əsəri saldı.
"Azərbaycanlılar
robot kimidir. Qaçmırlar. Birini vururuq, o biri gəlir".
Təbii
ki, erməni bizə hələ də bələd deyil.
Elçin
Mehrəliyevin "90-cı illər romanı"nda belə bir hissə var.
Əsərdəki
obrazlar Qəmzə Abbas qızı, onun oğlu Sarı Məhəmməd, gəlini Zəriş, Mətləb müəllim,
Kamal, Hüsnübanudan ibarətdir.
Ermənilərin
hücumu zamanı həlak olan ailədir. Müəllif bu romanda düşmənin basqını zamanı
ailənin göstərdiyi dirənişi, qəhrəmanlığı təsvir edib. Qəmzə Abbas qızının tüfəngdə
olan son güllə ilə düşməni öldürməsi və ələ keçməmək üçün özünü öldürməsi bir
Azərbaycan qadınının, ümumilikdə azərbaycanlı obrazıdır. Eləcə də Kamalın erməniyə
əliyalın hücum etməsi, onlardan birini öldürməsi də Azərbaycan kişisinin mərdliyini,
qürurunu göstərir. Digər bildiyimiz əsərlərdə göstərildiyi və olduğu kimi bu
romanda da erməni naqisliyi görünür. Ailənin yaxın qonşusu erməni Samvel öz vicdansızlığını
burada da göstərir. Kamalın gözlərini çıxartması, qulaqlarını kəsməsi, ən sonda
isə başını bədənindən ayırması düşmənin kim olduğunu çatdırır. Bundan sonra da
baş verən digər hadisələr də sadalağımız hər şeyi ortaya qoyur.
Bu cür
əsərlər yüzlərlədir. Təbii ki, bu da normaldır. 30 ildir ki, eyni məsələlər,
eyni proseslər, ağrı, acı, dəhşət və daha nələr. Burada ədəbiyyat yaranmasın
da, nə etsin?!
Dünya ədəbiyyatında
da müharibə mövzusunda yazılmış əsərlər də həm müharibə dövründə, həm də
müharibədən sonra yaranmış nümunələrdir. Bir çoxları da dünyaca məşhur əsərlər.
Bunlardan
özümün ən son oxuduqlarım arasında Mixail Şoloxovun "İnsan taleyi" əsəri
var ki, bu əsər real həyatda baş verib. 1946-ci ildə təsadüfən rastlaşdığı bir
döyüşçü ona öz həyat hekayəsini danışır, yazıçı da onu ustalıqla qələmə alır.
Digər
bir oxuduğum əsər isə Konstantin Simonovun "Dirilər və ölülər" əsəridir.
Müəllif bu əsərdə özünün Berlinə qədər keçdiyi döyüş yolunu yazıb.
Dediyim
kimi, yüzlərlə bu cür əsər sadalamaq olar.
Erix
Mariya Remarkın "Qərb cəbhəsində yenilik yoxdur", "Üç
yoldaş" əsərləri, Anna"Frankın "Anna Frankın gündəlikləri",
Henrix Bölün "Qatar vaxtında gəldi", Markus Zusakın "Kitab
oğrusu", Sven Hasselin "Cəbhə yoldaşları" və s. kimi əsərlərini
misal gətirə bilərik.
Şərhlər