Xəbər lenti

Müharibədə Azərbaycana hansı dövlətlər yardım edə bilər? - AÇIQLAMA
Ölkə06:30 15.08.2014

Müharibədə Azərbaycana hansı dövlətlər yardım edə bilər? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan bir çox ölkələrlə ikitərəfli əməkdaşlıqla bağlı müqavilələr imzalayıb, layihələrə qoşulur. Bəs Qarabağ müharibəsi başlayarsa, Azərbaycana hansı dövlətlər yardım edəcək?

Qaynar.info xəbər verir ki, məsələ ilə bağlı hafta.az-a açıqlamasında  hərbi ekspert Üzeyir Cəfərov müharibə olarsa Azərbaycana  hərbi yardımın daha çox Türkiyədən gələcəyini söyləyib:

“Əvvəla müharibə olacağı təqdirdə bizə kömək edəcək ölkələrin sayının çox olacağını şəxsən mən düşünmürəm. Amma bu ölkələr sırasında bizə dost və qardaş olan Türkiyənin olacağı şəksizdir. Bundan əlavə biz Pakistandan, Ukraynadan, İsraildən, həmçinin adını qeyd etmədiyim bir sıra dövlətlərdən həm mənəvi, həm də müəyyən miqdarda hərbi yardımlar alacağımıza ümid edə bilərik. Bu dəstək bizə birbaşa və ya dolayısı yolla da ola bilər. Prinsip etibarilə Azərbaycanda müharibəni başlamaq, öz daxili imkanlarından istifadə edib düşmənə layiq olduğu zərbəni vurmaq, ərazi bütövlüyünü bərpa etmək üçün hazırkı şəraitdə o qədər də çox iş lazım deyil. Yəni bizim insanı və maddi resurslarımı kifayət edir ki,  müharibəyə başlayaq”.

Ekspert bildirib ki, Azərbaycanda muzdlu ordu yaradılacaq:

“Azərbaycan gec-tez muzdlu ordu ilə bağlı məsələni həll etmək məcburiyyətində qalacaq. Yəni söhbət sırf peşəkarlardan ibarət ordunun yaradılmasından gedir. Çağırış sisteminin tədricən təkmilləşdirilməsi və peşəkarların sayının artırılması günün əsas vacib sayılan məsələlərindən biridir”.

Hərbi ekspert Yaşar Cəfərli də hafta.az-a açıqlamasında Azərbaycanda peşəkar ordunun yaradılmasının vacibliyindən danışıb:

“Peşəkar Ordunun (burada hərbi xidmətə məcburi çağırışdan imtina etmək və hərbi vəzifələrin könüllü qaydada müqavilə əsasında komplektləşdirilməsi nəzərdə tutulur)   yaradılması üçün Azərbaycanda bütün imkanlar var. Hesab edirəm ki, bu məsələdə biz artıq gecikirik. Çağırışdan imtina və ordunun müqavilə əsasında komplektləşdirilməsi zamanın tələbidir. Əminəm ki, tam keçid üçün 2 ildən çox vaxt tələb olunmur. Amma yenə də müharibə amilini nəzərə alıb, xüsusi hazırlıq tələb etməyən bir sıra vəzifələrin çağırış əsasında komplektləşdirilməsini qüvvədə saxlamaq olar. Bu bizə səfərbərlik resurslarının hazırlıq səviyyəsini artırmağa imkan verməklə yanaşı, çağırışdan möhlət almaq müqabilində vətəndaşlara dövlət büdcəsinə könüllü surətdə ödənişlər etmək üçün şərait də yaradar”.

Qaynar.info