Başqa millətlərin varlığını inkar edən imperialist ideologiya bir ölkədə dayanmayacaq. Əgər Ukraynanın qalib gəlməsinə yardım edilməsə müharibə davam edəcək.
Qaynarinfo Avropa Komissyasının birinci vitse-prezidenti Frans Timmermansın məqaləsini təqdim edir.
Bu müharibə də hər hansı digər müharibə kimi danışıqlar masası arxasında bitəcək.
Amma bu dəfə danışıqlar yalnız Ukraynanın ərazi bütövlüyü bərpa edildikdən sonra başlaya bilər. Və Moskvanın qısa müddətdə buna razılıq verməsi çətin olduğundan, Rusiya qoşunları güc yolu ilə öz sərhədlərinə geri çəkilməli olacaq və bu nə qədər tez baş versə, bir o qədər yaxşıdır.
Bu isə o deməkdir ki, Ukrayna Rusiya qoşunlarını Rusiyaya qaytarmaq üçün nə qədər tez vəsait alsa, hərbi əməliyyatlar bir o qədər tez bitəcək. Paradoksal görünsə də, müharibəni bitirmək üçün biz Putinə başa salmalıyıq ki, müharibənin nə qədər davam etməsinə baxmayaraq, biz dəstəyini davam edəcəyik. O, başa düşməlidir ki, gənc rusiyalıları Ukrayna cəbhəsinin ətçəkən maşınlarına sonsuzadək göndərməyin mənası yoxdur.
Putin bu müharibədə qalib gəlməyəcək. Əslində o, artıq uduzub, amma Ukrayna müharibəni bitirmək üçün vasitələrdən məhrum olarsa, hələ də çoxillik yarımdondurulmuş münaqişə yarada bilər.
Yalnız ədalətli sülh davamlıdır və yalnız Ukraynanın beynəlxalq sərhədlərinə, dövlətçiliyinə, demokratiyasına və hansı ölkə olmaq istədiyini seçmək hüququna hörmət ədalətli sülhə gətirib çıxara bilər.
Rusiya öz təcavüzünə Ukrayna dövlətçiliyini inkar etməklə haqq qazandırır və əslində Ukraynanın mövcudluq hüququnu inkar edir, ukraynalıları kimliyindən məhrum edir, onları Karl Şmitin ideologiyasının pozulmuş variantında "ümumi düşmən” kimi müəyyənləşdirir. Və belə bir düşməni nəinki məğlub etmək, həm də yer üzündən silmək lazımdır. Etdiyi iş üçün deyil, kim olduğu üçün. Beləliklə, saysız-hesabsız müharibə cinayətləri, işgəncələr, uşaqların beyinlərini yumaq məqsədilə oğurlanması, Ukrayna kitabxanalarından Ukrayna kitablarının ələ keçirilməsi.
Ukraynalılara ukraynalı olduqlarına görə zorakılıq Stalinin qırmızı terroru ilə müqayisə oluna bilər, milyonlarla günahsız insan sırf "sinfi düşmən” olduqları üçün öldürülürdü. Terror məhz ona görə "işləyib” ki, o, günahsızları hədəfə alıb və hamını dövlətin iradəsinə tabe olmağa məcbur edib. Bu, totalitarizmdir və bugünkü Rusiya da totalitar dövlətə çevrilib. Ona tabe olmayanlar uzun illər həbsxanaya düşmək riski ilə üzləşəcəklər. İrqçilik, ksenofobiya, daimi qorxu içində yaşayan LGBT-çilər - bugünkü Rusiya belədir.
Ölkəsini totalitar yaramaza çevirən adam səhnədən getsə belə, Rusiyanın özünü toparlaması çox uzun vaxta ehtiyacı olacaq. Rusiya millətinin tədricən zəhərlənməsi Putinə iyirmi il lazım gəldi, detoksikasiya (toksinlərin bədəndən təbii və süni şəkildə çıxarılması – red.) bir nəsil çəkə bilər və nəticə yenə də gözlənilməz ola bilər.
Biz birlikdə Ukraynaya nəinki davamlı sülhə nail olmaq, həm də qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmətə əsaslanan çiçəklənən dövlətə çevrilməsinə kömək etməliyik. Əvvəlki təcrübənin göstərdiyi kimi, Aİ-yə üzvlüklə bağlı proses bu mənada ölkələrə kömək etməyə meyillidir. O, artıq Yunanıstana, İspaniyaya, Portuqaliyaya, sonra isə Mərkəzi Avropa ölkələrinə diktatura keçmişindən təmizlənməyə kömək edib, Ukraynanı da diktatura gələcəyindən "peyvənd almağa” yardım edə bilər.
Mənim həyatımda tarix iki dəfə kəskin dönüş yaradıb və bizi yeni istiqamətə sürükləyib: 1989-cu ildə Berlin divarı yıxılanda və avropalıların yenidən birləşməsinə imkan verəndə və bir il əvvəl Rusiya Ukraynanı işğal edərək avropalıları ən əziz tutduqlarını müdafiə etməyə məcbur edəndə.
Etiraf etməliyik ki, indiki şəraitdə Avropaya inteqrasiya əvvəlkindən daha sürətlə getməlidir. Bununla belə, hərtərəfliliyi qurban vermək səhv olardı: qismən və ya səhv Aİ inteqrasiyası çatışmazlıqları həll olunmamış qoyacaq, həm Ukraynanı, həm də Aİ-ni zəiflədəcək.
Ukraynanın "Marşal planı”na ehtiyacı var: iqtisadi transformasiyanı hüquqi, inzibati və sosial transformasiya ilə birləşdirən görünməmiş geniş əhatəli yanaşma. Bu, heç vaxt Aİ ölkələri tərəfindən edilməyib, lakin indi bunu etmək məcburiyyətində qalacaq. Siyasətçi kimi bizim ən aktual vəzifələrimizdən biri də vətəndaşlarımızı bu prosesə hazırlamaqdır.
Rusiya rejimi bizi zəif dekadentlər, "Geyropa”, avara kimi göstərir.
Və son vaxtlara qədər, hətta Avropa və ABŞ-da Putini "ənənəvi dəyərləri qoruyan bilən güclü lider” olduğuna görə tərifləyən siyasi qüvvələr var idi. Ukrayna xalqı sübut edir ki, hər şey tam əksinədir.
Nəyin təhlükədə olduğunu hamımız başa düşməliyik. İlk təcəssümlərindən yüz il sonra totalitarizm qitəmizə qayıtdı. Onu dayandırmaq lazımdır ki, sonradan, rus xalqının özü tərəfindən məhv edilsin.
Bu müharibədə söhbət ərazi qazanmaq və ya itirməkdən daha böyük şeylərdən gedir. Ukrayna xalqı yaşamaq üçün mübarizə aparır. Amma başqa xalqların varlığını inkar edən imperialist ideologiya bir ölkədə dayanmayacaq. Başqa ölkələrdə müharibə alovu qızışacaq, avtokratiya qanqren kimi yayılacaq. Amma biz birlikdə Putindən və onun kimilərdən qat-qat güclüyük.
Qoy Ukrayna xalqının qəhrəmanlığı bizi onun mübarizəsini dəstəkləməkdə daha da böyük birliyə və qətiyyətə ruhlandırsın. Biz onlara nə qədər çox dəstək olsaq, qırğın bir o qədər tez dayanar.
Nizami Bağırov
Tərcümə