Xəbər lenti

“Mülkümü partladıblar, indi də pulumu vermirlər”
Ölkə12:04 21.04.2014

“Mülkümü partladıblar, indi də pulumu vermirlər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Binadan çıxan bütün materialları, o cümlədən 2 tır dolusu dəmir Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən satılıb; FHN ölkəmizdə bir neçə qrumun yerinə də çalışır; mənim mülkümü söküblər, deməli pulumu da verməlidirlər”

Martın 3-də AXCP-nin qərargahında baş verən müəmmalı partlayışdan bir aydan çox vaxt keçdi. Amma hələ də partlayış baş verən binanın sahibinə ödənilməsi gözlənilən pullar verilməyib.

Həmin mülkün sahibi Azər Əsgərov musavat.com-a verdiyi açıqlamada bildirib ki, məsələni uzatmaq üçün araşdırma aparılır bəhanəsi yürdülür: "Mənim AXCP-yə icarəyə verdiyim qərargahın guya qəzalı olması barədə Fövqəladə Hallar Nazirliyinin qərarı qeyri-qanunidir. Mən özüm mühəndisəm və o binanı özüm tikmişəm. Çox möhkəm bina idi. Bina tələm-tələsik sökülüb. 24 saat dayanmadan işləyiblər ki, binanı tez söksünlər. Bütün materiallar Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən daşınıb. Binadan çıxan bütün materialları o cümlədən 2 tır dolusu dəmir  Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən satılıb. İndi də mənə qanunla ödənilməsi gərəkən pulları verməməkdən ötrü işi yubatmaq üçün əllərindən gələni edirlər”. 

"Görünən odur ki, FHN ölkəmizdə bir neçə qrumun yerinə də çalışır”

Azər Əsgərov onu da bildirdi ki, araşdırmanı nə üçün FHN apardığı hələ də naməlum olaraq qalır: "Mənim özümə deməyiblər. Amma mətbuatdan oxudum ki, Nərimanov Rayon İcra Hakimiyyətindən deyiblər ki, Fövqəladə Hallar Nazirliyi araşdırma aparır. Mənə çox maraqlıdır ki, FHN nə araşdırması aparır? Artıq binanı partladıblar və söküblər. Onları işi burada yekunlaşıb. FHN Əmlak Komitəsi deyil ki, əmlakın dəyərləndirilməsi ilə məşğul olsun. İndi dəymiş ziyanı ödəmək üçün Əmlak Komitəsi araşdırma aparmalıdır. Amma nədənsə bu işi də FHN aparır. Mən hara şikayət etsəm, cavab verirlər ki, FHN araşdırma aparır. Görünən odur ki, FHN ölkəmizdə bir neçə qurumun yerinə də çalışır.”. 

"Mənim mülkümü söküblər, deməli, pulumu da verməlidirlər”

A.Əsgərov onu da qeyd edib ki, 1 aydan çox vaxt keçsə də, binanın sökülməsi ilə bağlı ona heç bir sənəd verməyiblər: "Mən bir həftə öncə Nərimanov Rayon İcra Hakimiyyətində oldum. Nərimanov İH başçısının 1-ci müavini mənə deyir ki, olmayan binanı onların deyəcəyi şəxsə satmalıyam. Mən də dedim ki, sökülmüş, mövcud olmayan, sizin yerlə-yeksan etdiyiniz binanı necə satmaq olar? Mən heç kəsə mövcud olmayan binanı satmayacağam və mən heç bir sənədə imza atan deyiləm. Mənə dedilər ki, hər kvadrat metr üçün 1500 manat pul verəcəklər. Bu da 320 kvadratmetrlik əmlakının müqabilində cəmi 480 min manat pul edir. Burada da qanunsuzluq edirlər. "Qış bulvarı” adı altında evləri sökəndə yəhudilərin yaşadığı mənzillərə kvadratına 5 min manatdan kompensasiya verilib. Bəs, mənə qarşı niyə belə edirlər? Sökülən mülkümün həyətyani sahəsində də mənim torpaq payım var, amma onu hesablamırlar. Mənim mülkümü söküblər, deməli, pulumu da verməlidirlər. Hər şey bir yana dursun. Partlayışın üzərindən 1 aydan çox vaxt keçib. Buna baxmayaraq, mənə hələ də bir qanuni sənəd verməyiblər”. 

"Fövqəladə Hallar Nazirliyinin ekspert araşdırması davam edir”

Nərimanov Rayon İcra Hakimiyyətindən "Media forum”a deyiblər ki, Fövqəladə Hallar Nazirliyinin ekspert araşdırması davam edir: "İşlər başa çatandan sonra Azər Əsgərovun əmlakı qanunvericiliyin tələblərinə uyğun dəyərləndiriləcək, onun adına bank hesabı açılacaq, pul köçürüləcək. Məbləğdən razı qalacaq, ya yox, bu, sonrakı prosesdir. Vətəndaşın bundan sonra məhkəmə orqanlarına və digər aidiyyəti təşkilatlara müraciət etmək hüququ var”.

Qaynar.info