Xəbər lenti

Multikulturalizm və insan hüquqları - Yazı
Ölkə19:19 15.05.2015

Multikulturalizm və insan hüquqları - Yazı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Multikulturalizm və İnsan hüquqları

Multikulturalizm tərcümədə çoxmədəniyyətlilik deməkdir. Son illərdə Azərbaycanda mültikulturalizm sahəsində böyük işlər görülür. Multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri təyin olunmuşdur. Bu siyasətin davamı olaraq ölkə prezidentinin digər sərəncamı ilə 15 may 2014-cü ildə Bakı Beynəlxalq Multikulturaizm Mərkəzi yaradılmışdır. Kütləvi informasiya vasitələlərində mərkəzin məqsəd və vəzifələri haqqında ictimaiyyətə ətraflı məlumatlar çatdırılmışdır.

Multikulturalizm 1960-cı ildə Kanada da meydana gəlsə də termin kimi 70 -ci illərdən etibarən Avropa və ABŞ-da istifadə olunmağa başlamışdır. Multikulturalizm sosial ədalət, imkanların bərabərliyi demokratiya kimi müzakirə olunan anlayışların sırasına daxildir. Multikulturalizm etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunması və inkişafını nəzərdə tutur. Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi kimi dövlət siyasəti səviyyəsinə qaldırır. Bu baxımdan Azərbaycançılıq ideologiyasını xüsusi olaraq qeyd etmək lazımdır. Azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan xalqların siyasi, iqtisadi, sosial və mədəni yüksəlişinə yönələn bir ideologiyadır. İlk öncə Azərbaycançılıq ideologiyası M.F.Axundov, Əli bəy Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəzulzadə. Ə.Topçubaşov və başqalarının fəaliyyətlərində öz əksini tapmışdır. 90-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra yenidən azərbaycançılıq ideologiyasına müraciət edilmişdir. Bu gün azərbaycançılıq ideologiyası milli ideologiyamızın ana xəttini təşkil edir. 

Etnik, irqi dini və mədəni müxtəlifliklər dövlət tərəfindən düzgün tənzimlənmədikdə  cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlərə və münaqişələrə səbəb olur. Azərbaycan Respublikası multikulturalizm siyasətinin həyata keçirilməsində BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlarla əməkdaşlıq edir. Belə təşkilatlardan biri Avropa Şurasına üzv olan ölkələrin imzaladığı Avropa İnsan Hüquqlarının Konvensiyasıdır. Konvensiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarının qorunmasıdır. Konvensiya 4 noyabr 1950-ci ildə Romada qəbul edilib. Konvensiyaya daxil olan 47 üzv dövlət və həmin ölkələrdə yaşayan 800 milyondan artıq vətəndaşın hüquqları müdafiə olunur. Azərbaycan Konvensiyanı 15 aprel 2002-ci ildə ratifikasiya edib və Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyıb. 1, 4, 6, 7, 14 saylı protokolları Azərbaycan dövləti ratifikasiya edib. Konvensiyanın 14-cü maddəsi ayrı-seçkiliyin qadağan olunması ilə bağlıdır. Orada göstərilir, “ bu konvensiyada təsbit olunmuş hüquq və asazdlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır”. Konvensiyaya üzv olan dövlətlər beynəlxalq və milli qanunvericilikdə ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı öz üzərinə öhdəlik götürsə də son zamanlar bəzi ölkələrdə bu prinsiplər pozulur. İngiltərənin baş naziri D.Kameron və Almaniya federal kansleri A. Merkelin multikulturalizmin iflasa uğraması ilə bəyanatları ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.

 Həmin ölkələrin bəzi siyasətçiləri bildirirlər ki, bizim ərazimizdə digər millətlər miqrasiya nəticəsində yaşamağa gəlib, oturaqlaşıblar. Ona görə də onların dillərinin, milli mədəniyyətlərinin qorunması, inkşaf etdirilməsi bizim üçün maraqlı deyildir. Almaniyada əhalinin 19 faizini qeyri almanlar təşkil etsələrdə alman olmayanlar “xaricilər“ adlandırılırlar. Miqrasiya yolu ilə ölkəyə gəlib sonradan vətəndaşlıq hüququ əldə edənlər də ölkənin çoxluğunu təşkil edən vətəndaşlarla eyni hüquqa malik olmalıdırlar. Konvesiyanın üzvü olan ölkələr üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə borcludurlar. Avropa İnsan Hüquqları Konvensiyasının yerləşdiyi elə Fransanın özündə yaşayan milliyyətcə qeyri fransızlar irqi və dini ayrı-seçkiliyə məruz qalırlar. Hicabın qadağan olunması 14-cü maddənin kobud surətdə pozulması ilə müahidə olunmuşdur. Fransa cəmiyyəti belə hesab edir ki, qarşıdakı şəxsin hicab geyimində olması mənim təhlükəsizliyim üçün təminat vermir. Hicab geyimi vasitəsilə hansısa terror hadisəsi törədilə bilər. Fikrimcə bu ölkənin təhlükəsizlik qüvvələri ilə bağlı olan problemdir. Tez-tez mətbuatda, qəzet və jurnallarda  islam dini liderlərinin karikaturaları yer alır. Bu kimi hadisələr millətlətarası münasibətlərin pozulmasına, kütləvi iğtişaşlara və münaqişələrə səbəb olur. Eyni zamanda burada konvensiyanın fikir, vicdan və din azadlığı olan 9-cu maddəsi pozulur. 

9-cu maddə də göstərilir: “Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu  hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir”. Dünyada azərbaycanlılar kimi soyqırıma məruz qalan yəhudilər Azərbaycanı İsraildən sonra ikinci ən təhlükəsiz yaşadıqları ölkə kimi qeyd edirlər. Respublikamızda yaşayan digər etnik xalqlar, millətlər üçün bərabər imkanlar özlərini təsdiq etmək mədəniyyətlərini inkişaf etdirmək üçün hər cür şərait yaradılmışdır.

Bu gün dünyada sülhün və ədalətin, sabitliyin təmin olunması üçün  bərabər hüquqların təmin edilməsi, ayrı-seçkiliyin qadağan olunması mühüm prinsiplərdən biridir. Azərbaycanın dünya ölkələrinə təqdim etdiyi multukultural model xalqların  dostluq və mehriban şəraitdə  birgə yaşamasını təmin edən modeldir.

İlham Soltanov

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı

Qaynar.info