Xəbər lenti

Mümkün 3-cü dünya müharibəsi və Azərbaycanın yeri
Ölkə19:03 14.03.2015

Mümkün 3-cü dünya müharibəsi və Azərbaycanın yeri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vəfa Quluzadə: “Azərbaycan mütləq Qərbin müttəfiqi olmalı və bunun üçün nə lazımsa, etməlidir...”
Yay aylarında Rusiya ordusu Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. Belə bir iddia ilə rusiyalı hərbi ekspert Pavel Felqenqauer çıxış edib. Onun sözlərinə görə, yaxın aylarda hələlik böyük müharibə gözlənilmir. “Lakin ordu texniki olaraq buna hazırdır. Rusiya ordusu yayda Ukraynaya girə bilər”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Qərb və ABŞ dəfələrlə bəyan edib ki, Ukrayna ordusuna qarşı Rusiya əsgərləri döyüşür. Rusiya tərəfi isə bunu cəfəngiyat adlandırır. Bu arada Rusiyanın  Krım, Cənubi Osetiya, Abxaziya və Ermənistanda olan hərbi bazasında 8 min əsgərin iştirakı ilə hərbi təlimlərə başlaması bölgədə gərginliyi artırıb. Türkiyə də daxil olmaqla NATO döyüş gəmilərinin Qara dənizdə təlimləri davam etdirməsi Rusiyanın 19 bölgədə adekvat addımı ilə nəticələnib. 
Bəllidir ki, Krımın Rusiyaya birləşdirilməsindən və Ukraynanın şərqində münaqişənin davam etməsindən sonra ABŞ bəyan edib ki, Baltikyanı ölkələrə və Polşaya Amerika hərbçiləri yerləşdiriləcək. Bu prosesə artıq başlanılıb. Hazırda Latviyada 150 amerikalı desantı var, bu ölkəyə 120-dən çox müasir zirehli texnika göndərilib. ABŞ hərbi gəmiləri və qırıcılarının Baltikyanı ölkələrin sərhədlərini təhdid etməsinin ardınca Qərb hərəkətə keçib. 
Bütün müşahidələr onu göstərir ki, vəziyyət getdikcə gərginləşir və 3-cü Dünya Müharibəsi üçün zəmin yaradacaq hallar baş verir. Bu gərginliklər fonunda əksər dövlətlər öz cəbhəsini açıq və ya gizli şəkildə seçməkdədir. Azərbaycan “Qoşulmayanlar Hərəkatı”nın üzvü olsa da, savaş olacağı təqdirdə kənar müşahidəçi kimi qalmağın özü də təhlükəli sayılır. Xüsusilə də Rusiyanın Cənubi Qafqazda vazkeçilməz maraqlarının olması şəraitində Bakının hansı səngərdə yer alacağı sual doğurur. 
Politoloq Hikmət Hacızadə də Moderator.az-a deyib ki, hələlik bu, psixoloji bir təzyiqdir: “Bu, ABŞ ictimaiyyəti və Konqresi üçün gerçəkləşdirilən bir addımdır. Hər yerdə olduğu kimi ABŞ-da da ”qartallar", “şahinlər” var. Deyirlər ki, “nə oldu, bir şey eləmirsiniz?” Bunlar da öz növbələrində söyləyir ki, bu qədər tank göndərdik, bu addımları atdıq və s. Hələ ki, baş verənlər daxilə hesablanan addımlardır. Lakin gələcəkdə hər şey dəyişə bilər". 
Ekspertin sözlərinə görə, rus və ABŞ ordusunun üz-üzə gəlməsi indiki məqamda nə qədər inanılmaz görünsə də, elə bir an yetişə bilər ki, bu ehtimal reallaşar: “Bəli, elə bir an yetişə bilər ki, Rusiya və ABŞ-ın hərbi müstəvidə üz-üzə gəlməsi qaçılmaz olar. Hər şey proseslərin gedişatından asılı olacaq. Proseslər elə məcrada inkişaf edə bilər ki, belə bir qarşıdurma qaçılmaz olar”.
Politoloq Vəfa Quluzadə isə deyir ki, Rusiya heç vaxt NATO ilə müharibə etməyəcək: “Çünki bu cür müharibədə Rusiya məğlub olacaq və bütün Rusİya rəhbərliyi xalqı ilə bərabər fəlakətə düçar olacaq. Rusiyanın həm ordusu, həm iqtisadiyyatı NATO-nun həm iqtisadiyyatından, həm də ordusundan qat-qat aşağıdır. Üstəlik, Ukrayna avantürasına görə Rusiyada dərin böhran gedir. Mən Almaniyanın və Nasional Sosializmin tarixini gözəl bilirəm. Hitler müharibəyə başlarkən birinci xalqını kifayət qədər toparladı, ölkədə iqtisadi çiçəklənmə, böyük quruculuq işləri getdi. Ondan sonra o, böyük uğurla bütün Avropanı işğal etdi. 
Fransa boyda nəhəngi iki həftəyə arxası üstə qoydu. Hitleri bir neçə faizini çıxmaq şərtilə alman xalqı dəstəkləyirdi. İndi baxın, görün Rusiyadakı vəziyyət necədir. İqtisadiyyat çöküb, Rusiyanın rublu neft qiymətlərinə görə ölüb, cəmiyyətdə bölünmə gedib, böyük etirazlar baş qaldırıb. Rusiya qorxusundan antimaydan yürüşü keçirir. Rusiyada bütün dünyanı lərzəyə salan terror aktı oldu, müxalifətin görkəmli liderlərindən birini, dünyada kifayət qədər yaxşı tanınan bir şəxsiyyəti Kremlin yaxınlığında güllələdilər. 
Bu, ölkədə gedən dərin böhranın əlamətidir. Üstəlik, hələ məlum deyil ki, bu qalmaqal nəyə gətirib çıxaracaq. Avropa beynəlxalq istintaqın araşdırma aparmasını istəyir, bu, Rusiyanın zəifliyinin nəticəsidir. Rusiya sanksiyalarla baş-başa qalıb, Hitlerə kim sanksiya tətbiq edə bilərdi? Ukraynada həlak olmuş rus əsgərləri gizlədilir. Üstəlik də rus KİV-ləri görüntü yaradır. Guya Ukraynada faşistlər hakimiyyətə gəlib və ona görə Ukraynanı dağıtmaq lazımdır. Bu cür məsələlər Rusiyanı dərin quyuya aparır”.
Quluzadə belə bir situasiyada Azərbaycanın Qərbin yanında yer almasını istəyir: “Azərbaycan mütləq və mütləq Qərbin müttəfiqi olmalı və bunun üçün nə lazımsa, etməlidir. Bu, təkcə Rusiya təhlükəsinin olmasına görə yox, Azərbaycan xalqının müqəddəratına görə vacibdir. Azərbaycan rəhbərliyi gizlətmir və açıq deyir ki, biz demokratik dövlət qurmaq istəyirik. Elə isə quraq da. Bunu qurmaq üçün isə qətiyyətli addımlar atmaq lazımdır. Böhran bizə də gəlib çatıb. Biz neft ölkəsiyik və bu 20 ildə alternativ sənaye qura bilmədik. Ona görə də neft qiymətlərindən asılıyıq. Lakin gec deyil. Gəlin rəqabətə qadir sənaye quraq, ölkəmizi o cür inkişaf etdirək ki, Qərbə müttəfiq olaq, Qərbdən kömək alıb daha da inkişaf edək”.//"Yeni Musavat"
Qaynar.info