İdman 23:51 06.08.2023

Murad Musayev: "Özü müəyyən məbləğ ödəyərək sərbəst qala bilər"

"Bu komanda ilə oyunlarımız hər zaman maraqlı və çətin alınır".

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Nurad Musayev evdə "Qəbələ"yə 5:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın ilk turunun bağlanış matçından sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis hər iki komandanın ifasında parlaq oyun alındığını bildirib: "Açıq futbol getdi. Hesaba baxmayaraq, oyun çətin keçdi. Avrokubok matçından sonra həm bizim, həm də "Qəbələ"nin bərpa üçün cəmi iki gün vaxtı var idi. Bizim kiçik üstünlüyümüz o idi ki, evdə oynadıq. "Qəbələ" isə Kiprdən yenicə qayıdıb. Bu mənada, biz bir az gümrah idik".

Azarkeşlərə dəstəyə görə təşəkkür edən 40 yaşlı çalışdırıcı çempionluq sözü verməyib: "Vəd verirəmsə, əməl etməliyəm. Necə deyə bilərəm ki, biz sabah çempion olacağıq? Alınmasa, birinci siz deyəcəksiniz ki, söz vermişdiniz, bəs necə oldu? Azərbaycan Premyer Liqası daha da gücləndi. Buraya maraqlı futbolçular gəlir. Hələ heç bir söz verə bilmərəm. Cəmi bir tur geridə qalıb".

Coy Lens Mikelsə rəsmi təklif gəldiyini təsdiqləyən Musayev onu satmaq istəmədiklərini vurğulayıb: "Çünki bizim üçün vacib, lider oyunçulardan biridir. Amma müqaviləsində bənd var ki, özü müəyyən məbləğ ödəyərək sərbəst qala bilər. Hələ heç nə dəqiq deyil. Mikelsin özü də yekun qərarını verməyib. Hadisələrin necə inkişaf edəcəyini bilmirəm".

Növbəti həftə Bakıda üç avrokubok matçının keçiriləcəyini söyləyən baş məşqçi "Qarabağ" və "Neftçi"yə görə öz oyunlarına az sayda azarkeş gələcəyindən narahatdır: "Dolu tribunalar qarşısında oynayanda tamam başqa atmosfer, emosiyalar olur. Biz hamıdan uzaqdayıq və "Sabah"ın oyununa gəlmək "Qarabağ" və "Neftçi"nin stadionuna yollanmaqdan daha çətindir. Üstəlik, oyun həftəiçidir. İnsanlar işə də getməlidirlər. İstənilən halda, bizi dəstəkləməyə gələcək hər bir insana öncədən təşəkkür edirəm. Kmin gəlmək şansı varsa, onları tribunada görməkdən şad olacağıq. Söz verirəm ki, "Partizan"la görüşdə uğurlu nəticə üçün ən yaxşısını edəcək, cəsarətli oynayacağıq".