Xəbər lenti

Müsavatçı fəalı işdən çıxartdılar
Ölkə14:55 22.11.2013

Müsavatçı fəalı işdən çıxartdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi, gənc fəallardan olan Tural Sadıqlını işdən çıxarıblar. Bu barədə musavat.com-a T.Sadıqlı özü məlumat verib. O, işdən çıxarılmasının səbəbləri barədə aşağıdakıları deyib: “Müsavatçı olduğuma, son dövrlərdəki ictimai-siyasi fəallığım, eləcə də Müsavat.com-da yayımlanan yazılarıma və facebookdakı statuslarıma görə işdən çıxarıldım. Mənə ya müsavatçılıqdan və aktiv ictimai-siyasi fəaliyyətdən imtina etmək, ya da işdən çıxarılmaq arasında seçim etmək bildirildi. Müsavatçı ola-ola və bu fəaliyyətdə davam edə-edə Elmlər Akademiyasında işləyə bilməyəcəyim söyləndi. Mən də vətəndaş mövqeyimi və müsavatçılığımı üstün tutaraq, işdən ayrılmaq məcburiyyətində qaldım. Xatırladım ki, 5 illik elmi fəaliyyətim dövründə 6 kitab və 200- dən çox elmi məqalənin müəllifi və tərcüməçisiyəm. Kitabların ikisi Azərbaycan Şərqşünaslıq elmində növünə görə ilkdir. Bir çox beynəlxalq elmi konfranslarda Azərbaycanın adını layiqincə təmsil etmişəm. Hazırda Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin doktorantıyam və gələn ilin aprel ayında müdafiə edib, alimlik dərəcəsi alacam”.

Gənc müsavatçı ruhdan düşmədiyini də bildirir: “Doğrudur, biz bu yola çıxarkən hansı çətinliklərlə üz-üzə gələcəyimizi düşünmədik. Çünki, məmləkətimizin düşdüyü bataqlığı və ağır vəziyyəti gözümüzlə gördüyümüz zaman bunları düşünmək bizə yaraşmazdı. Biz bu vətəni təmənnasız sevərək onun üçün fədakarlıqlara gedərək vətənpərvər olduq. Biz bu vətəni yalnız onun atributlarını yad etməklə özümüzə vətənşüvənliyi ar bildik. İndi bizə yolumuzdan dönməyi, haqqı bilib gizlətməyi və vətənşüvənliklə kifayətlənməyi tövsiyə etdilər və edilməyəcəyi təqdirdə, işimizi itirməklə, azadlığımızdan məhrum olmaqla hədələdilər. Bəli, bunları edə bilərlər. Çünki əllərindədir. Amma əllərində olmayan bizim bir varlığımız var. O da vicdanımızdır. Onu isə mən heç kimə təslim etməyəcəm”.

musavat.com