
Müsavat Gənclər Təşkilatının üzvləri şərlənərək, həbs olunmuş gənc Əbdül Əbilovun anası ilə görüşüblər.
Gəncin anası Nurcahan Əbilova onu dəstək olan müsavatçı gənclərə öz təşəkkürünü bildirib: “Oğlum şərlənərək, həbs olunub. Çox sağ olun ki, sizlər də oğlumun günahsız olduğunu bilib, ona dəstək olursunuz, müdafiə edirsiniz. Mənim oğlum sadəcə həqiqətləri dediyi üçün həbs olunub. Mayın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi olacaq. Məhkəməyə gedib, ona dəstək olacağam”.
Əbdül Əbilovun anası hüquqları pozulan insanlara görə cəmiyyətə səsləndi: “Mən buradan səslənirəm ki, həm Əbdülə, həm də digər şərlənən insanlara dəstək olun. Haqları tapdalanan insanlar müdafiəsiz qalmamalıdır”.
Xatırladaq ki, “Facebook” sosial şəbəkəsində “Yaltaqlara dur deyək” səhifəsinin, digər tənqidi resursların idarəçilərindən olan Əbdül Əbilov noyabr ayının 22-də DİN BMCMİ-nin əməkdaşları tərəfindən həbs olunub. Nərimanov Məhkəməsi noyabrın 23-də barəsində 3 aylıq həbs qətimkan tədbiri seçsə də, onu qanunsuz olaraq 3 gün DİN BMCMİ-də saxlayıblar.
Ə.Əbilov noyabrın 27-də Bakı İstintaq Təcridxanasına köçürülüb. Ə.Əbilovun yaxınlarının verdiyi bilgiyə görə, onu yaşadığı mənzildə həbs ediblər. Yaxınlarının iddiasına görə, DİN BMCMİ-nin mənzildə axtarış aparan əməkdaşları Ə.Əbilovun cibinə narkotik maddə “atıblar”.
Onların dediyinə görə, axtarış aparanlar özləri də Ə.Əbilovun saxlanılmasının əslində onun “facebook”dakı fəallığı ilə bağlı olduğunu ifadə ediblər, ona məxsus olan noutbooku özləri ilə aparıblar. Ə.Əbilov DİN BMCMİ-yə aparıldıqdan sonra “Yaltaqlara dur deyək” səhifəsi də qapadılıb.
Ə.Əbilovun təzyiqlərə məruz qaldığını deyən yaxınları narkotik maddə ittihamını rədd edərək, onun sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə həbs olunduğunu bəyanlayıblar.
Qaynar.info



