Hüseynbala Səlimov
İSRAİL OLMASAQ DA...
Bu dəfə bir qədər “uzaq”dan başlayacam. Bir-iki həftə bundan öncə BMT TŞ-nın qəbul etdiyi növbəti qətnamə İsrailin siyasi isteblişmentini əməlli-başlı ayağa qaldırdı.
Adətən belə hallarda səfirlər xarici işlər nazirliyinə çağırılır, onlara iradlar bildirilir və yaxud da notalar təqdim olunur. Amma iş o yerə çatdı ki, baş nazir B.Netanyahu ABŞ-ın İsraildəki səfirini izahat üçün şəxsən öz yanına çağırdı.
Fəqət, hətta bununla da iş bitmədi. İsrail hökuməti bir neçə ölkənin səfirlərinə qarşı kiçik sanksiyalar da tətbiq etdi və onların İsrailin xarici işlər nazirliyinə girişi yasaq edildi...
Bunları deməkdə məqsədim heç də Fələstin – İsrail məsələsində tərəf tutmaq və yaxud da hər hansı mövqe sərgiləmək deyildir, necə deyərlər, öz işləridir və çarəsini də özləri bilirlər...
Mənim demək istədiklərim tamam başqadır. Bəli, İsrail hesab edir ki, onun maraqlarına zidd olan qətnamə qəbul edilib və bu ölkənin yaxın müttəfiqi olan ABŞ da qətnamənin qəbuluna mane olmayıb, belə ki, o, özünün veto hüququndan istifadə edərək qətnamənin qarşısını ala bilərdi. Ona görə də İsrail çəkinmədən belə hərəkətinə görə özünün ən yaxın müttəfiqini, ABŞ – ı açıq çəkildə qınadı...
Azərbaycanın siyasi və diplomatik imkanlarını, resurslarını İsraillə bərabər tutmasaq da, hər halda, biz də müstəqil dövlətik. Bu günlərdə daim müsəlman həmrəyliyindən dəm vuran, hətta rəsmi Bakını özünün siyasi orbitində saxlamağa və daim onun siyasətini nizamlamağa çalışan qonşu İranın prezidenti Ermənistana səfər etdi və təcavüzkar ölkədə böyük təmtəraqla qarşılandı. Azərbaycan bu hadisəyə rəsmi səviyyədə hər hansı qınaq izhar etmədi, hətta bunun İranın daxili işi və ya suveren haqqı olduğunu bildirdi...
Düzdür, H.Ruhaninin səfərindən bir-iki gün sonra iranlı nazir M.Vaezi Bakıya səfər etdi. Diqqət çəkən o idi ki, Vaezi cəmi bircə ay bundan irəli, hələ noyabrın 29 – da Bakıya gəlmişdi.
Görən, naziri belə qısa fasilədən sonra yenidən Bakıya gəlməyə vadar edən nə idi? Düşünürük ki, bununla İran H.Ruhaninin Yerevana səfərindən sonra Bakıda yaranmış narazılığı bir növ malalamağa çalışdı. Hərçənd, bu səfər zamanı da Bakı rəsmiləri iranlı nazirə açıq şəkildə hər hansı bir irad bildirmədilər. Ola bilsin, dar çərçivədəki söhbətlər zamanı belə iradlar dilə gətirilmişdi, amma bunun geniş ifadəsilə rastlaşmadıq...
DEYƏSƏN, BUNLARA BAKI DA BƏS EDİR...
Nə demək olar? Adama bəzən elə gəlir ki, bizim hakimiyyət milli maraqların elə də fərqində deyil, elə bil təkcə Bakı da bunları qane edir! Qarabağ ətrafında nələr baş verir, Rusiya və İran bu konteksdə hansı siyasəti yürüdür, eləcə digər məsələlərdə ölkənin milli maraqları nə qədər gözlənir, – sanki bütün bunların bizim hakimiyyətə elə bir dəxli yoxdur...
İsraillə baş vermiş olayı da məhz elə buna görə xatırladıq. Digər ölkələrin siyasi xadimlərinin öz ölkələrinin maraqlarını hansı qətiyyətlə müdafiə etdiklərini və bu zaman bunun öz siyasi karyeraları üçün hansı nəticələr verəcəyini qətiyyən nəzərə almadıqlarını görəndə qeyri-ixtiyari olaraq bir sual yaranır adamda: əcaba, bizim də əsl dövlət olmağımızın vaxtı yetişməyibmi?..
Adama bəzən elə gəlir ki, biz bəzən böyük siyasətə, beynəlxalq məsələlərə də bir az “müsəlmansayağı” baxırıq, düşünürük ki, “şəxsi münasibətlər”in açdığı qapıları heç kim bağlaya bilməz. Ona görə də söhbət böyük siyasətdən gedəndə belə öz yüz illik “vərdiş”lərimizdən əl çəkmirik. Yəqin elə bunun nəticəsidir ki, hakimiyyətimizin dostlarının sayı Azərbaycanın dostlarının sayından qat-qat çoxdur...
Yox, demirəm ki, insanlar arasındakı münasibətlər, birbaşa təmaslar siyasətə heç bir təsir göstərmir. Xeyr, bunların da təsiri var. Amma əsl dövlət dostluğu odur ki, münasibətlər başqa bir siyasi isteblişmentin də vaxtında qüvvəsini saxlayır...
Bu gün Azərbaycanın xarici siyasəti adamı qətiyyən qane etmir, ona görə ki, bu siyasət çox əhəmiyyətli dərəcədə hakimiyyətin maraqlarının təmin edilməsinə yönəlib. Məsələn, Rusiya böyük və qonşu dövlətdir və daim onunla əlaqə saxlamaq lazımdır. Eləcə də Belarusla, Qazaxıstanla da ciddi münasibətlər qurmaq lazımdır, çünki bu ölkələr bizə MDB-də və ya KTMT-də maraqlarımızı təmin etməyə yardımçı ola bilər...
DÜNYA SİYASƏTİNDƏ ABŞ-I NƏZƏRƏ ALMAMAQ OLARMI?..
Amma yaxınlarda gözüm bir-iki ədədə sataşdı. Dünyadakı ümumi daxili məhsulun 22.8 faizi ABŞ-ın, 13.6 faizi isə Çinin payına düşür və bu sırada Rusiyanın payızı cəmi 1.7 faiz təşkil edir...
Göründüyü kimi, dünyanın iqtisadi nəhəngləri tamam başqa müstəvidədir. İqtisadi güc isə həm də böyük siyasi güc deməkdir. Ona görə də bir neçə dəfə yazmışıq ki, ABŞ – ı indi bəlkə də Çin daha çox düşündürür, nəinki ac-yalavac və silahlı Rusiya...
Böyük ehtimalla D.Trampın dövründə bu münasibət daha qabarıq şəkildə müşahidə ediləcək, çünki D.Tramp siyasət adamı deyil, daha çox biznesmen və iş adamıdır. Ona görə də o, ABŞ üçün təhlükəni tamam başqa səmtdə tutur...
Qərəz, bütün bunlara əmin olmağa hələ vaxtımız olacaqdır. İndi isə bu kiçik haşiyə ilə demək istəyirik ki, dünyada ABŞ erası bitməyib və böyük ehtimalla heç vaxt da bitməyəcək. Ona görə də bir az Moskvadan uzağı da görməyi bacarmaq lazımdır...
MÜTTƏFİQLƏRİ BELƏ ASANLIQLA DƏYİŞMƏZLƏR...
Ən qəribəsi odur ki, hətta Türkiyə də özünün on illiklər ərzində formalaşmış xarici siyasət orientirlərini itirməyə başlayıb. Elə ötən ilin son günlərində Türkiyə - Rusiya – İran razılaşması əldə olundu və belə bir mesaj verildi ki, bu üç ölkə Suriyada növbəti atəşkəsin təminatçısı olmaq əzmindədirlər. Hərçənd ki, üçlük elə də möhkəm deyil, deyilənə görə, İran bir az tərəddüd edir...
Amma yenə də məsələ öz gücündə qalır, təşəbbüsün mesajı verirlib. Biz düşünmürük ki, bunun müəyyən nəticəsi olacaq. Belə bir razılıq bir neçə ay bundan əvvəl Rusiya ilə ABŞ arasında da baş vermişdi, fəqət, nəticəsi olmadı...
İndi diqqət çəkən odur ki, Türkiyə ABŞ-ı nəzərə almadan koalisiya qurur və özünün əsas müttəfiqini bir növ kənarda qoyur. Bəli, prinsipcə, belə demək olardı ki, ABŞ-ın orada nə işi var? Suala sualla cavab vermək olar: bəs Rusiyanın orada nə işi var?!.
Türkiyəni və hətta İranı başa düşürük. Müharibə onların qonşuluğunda baş verir. Amma Rusiya orada nə axtarır?..
Düşünürük ki, prezident R.T.Ərdoğan da özünün növbəti, daha bir səhvini edir. Hər bir halda, belə bir tələskənliklə on illərin müttəfiqlərini dəyişməzlər...
Qaynarinfo.Az