Xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov avtomobilinə ziyan vuran şəxsin dəyən maddi zərəri qarşılamaq istəmədiyini iddia edir.
O, bu barədə Qaynarinfo-ya açıqlamasında danışıb.
Xanəndənin sözlərinə görə, hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır:
"Hadisə aprelin 8-də gecə saatlarında baş verib. Avtomobilimi saxladığım yerdə başqa bir maşın onu vurduqdan sonra hadisə yerini tərk edib. Mənə verilən məlumata görə, avtomobilin sahibi Laçın rayonundan olan Adil adlı şəxsdir. Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat vermişəm. Bildiyimə görə, avtomobili həmin şəxs özü idarə etməyib, sükan arxasında bir xanım əyləşib. Maşını geriyə hərəkət etdirərkən mənim avtomobilimə dəyib, sonra isə qəza yerindən uzaqlaşıblar".
Mütəllim Dəmirovun sözlərinə görə, qarşı tərəf hadisədən sonra onunla yalnız bir dəfə əlaqə saxlayıb:
"Bu da mən onun telefon nömrəsini tapdıqdan sonra baş verdi. Zəng etdi. Dedim ki, "hadisəni törədib, üstəlik oranı tərk etmisən. İndi niyə zəng edirsən?”. Ondan sonra zənglərimə cavab vermədi. Deyir ki, Rusiyada yaşayır və müxtəlif bəhanələr gətirir. Bu yaxınlarda anası mənə zəng etdi. Qaxda yaşayır. Xahiş etdi ki, şikayətimi geri götürüm. Mən isə hesab edirəm ki, avtomobilimə dəyən zərər tam şəkildə ödənilməlidir".
Bahar Rüstəmli
Şərhlər