İdman 13:27 21.07.2022

Mütəxəssis dəyərləndirməsi: Klublarımız Avropada necə çıxış edəcək?

İki gün öncə "Qarabağ” Bakıda İsveçrə çempionu "Sürix”i məğlub etməklə azərbaycanlı azarkeşləri sevindirdi. Bu gün isə daha üç klubumuz beynəlxalq arenada mövsümün ilk sınağına çıxacaq. Konfrans Liqasında "Neftçi” səfərdə "Aris”in (Kipr), "Qəbələ” Macarıstanda "Fehervar”ın qonağı olacaq. "Zirə” isə Bakıda "Makkabi”ni (Tel-Əviv, İsrail) qəbul edəcək.

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Ağasəlim Mircavadov Qaynarinfo-ya açıqlamasında klublarımızın şanslarını dəyərləndirib. 

"Qarabağ” normal oynayır. Oyunda topla ən çox oynayan tərəf "Qarabağ” oldu. Xeyli qol vəziyyətləri yaratsalar da, istifadə edə bilmədilər. Avropa səviyyəli yarışlarda hər qolun mahiyyəti var. Əfsuslar olsun, bizə iki qol vurdular. Hansı ki, onlardan biri ofsayd idi. İkinci qol penaltidən vuruldu. Həiqətən orada 11 metrlik cərimə zərbəsi vardı. Bu, Toralla Medinanın səhvindən oldu. Oyunlarda belə şeylər mümkündür. Amma heyifsilənmirəm, "Qarabağ” İsveçrədə daha yaxşı oynayacaq. Çünki meydan sahibləri hücuma meyl edəcək və belədə boşluqlar yaranacaq. "Qarabağ” da bunlardan isifadə edə bilər. Komandanın zəif tərəfi? Məncə, futbolçular da, Qurban Qurbanov da bunları bilir. Dayaq yarımmüdafiəçisi lazımdır. "Qarabağ” 4-lü müdafiə sisteminə öyrəşib. Hansı ki, iki mərkəz müdafiəçisi və qarşılarında dayaq yarımmüdafiəçiləri olur. Həmin mövqedə Qara Qarayev oynayırdı, boşluqları doldururdu. Əvvəl mərkəz yarımmüdafiəçisi baxımından problemlər yox idi. İndi isə üzə çıxır. Fikir verdim, "Sürix”in 20 nömrəli futbolçusu çox sürətlidir. Uzun ötürmələrdən yararlanmaq istəyirdilər. Hətta bir epizodda Medina ona "korpus”la mane oldu, yoxsa təkbətək çıxacaqdı. Səfər matçında belə hallar çox olacaq. Ona görə də, Maksim, Medina çox ağıllı, sakit və səhvsiz oynamalıdır. Səhv olmamalıdır. Onların yarımmüdafiə xətti bizə problem yaratmadı. Hiss olunurdu ki, onlarda mərkəz xətti yox dərəcəsindədir. Kadi mərkəzə keçəndə oyunun sxemi təmiz dəyişilirdi. Zubir də bəzən mərkəzə doğru irəliləyir və cinahı Cəfərquliyev üçün hazırlayır. Bu sistem "Qarabağ”da artıq "avtomat”dır. Səfərdə də ondan istifadə etməlidirlər. Bir şərtlə ki, müdafiəyə zərər dəyməsin”.

Mircavadov Avropa komandalarının evdə daha yaxşı oynadığını dedi:

"Təkcə İsveçrə deyi, Avropa komandalarının əksəriyyəti xalları evdə qazanır. Həm azarkeşlərin çılğınlığı, həm oyunçuların motivasiyası üstünlük yaradır. Ona görə dedim ki, "Qarabağ”da problem olmamalıdır, onlar belə təzyiqlərə öyrəşib. Sakit halda öz işlərini görə bilərlər. Məsələn, topla çalışmaq, driblinqdən və birəbirlərdən istifadə etməlidirlər. Fikrimcə, belə də olacaq”.

Təcrübəli mütəxəssis bu gün Konfrans Liqasında mübarizəyə başlayacaq klublarımızın da şanslarını dəyərləndirdi:

"Zirə” Bakıda oynayacaq. Futbolçuların açıqlamalarını oxuyuram, sakit halda hazırlaşıblar. Bu, yaxşı haldır, təzyiq yoxdur. Düzdür, oyunda təzyiqlər, tələsmək, səhvlər olacaq, bu mütləqdir. Təcrübəlilərin oyunu əsas rol oynayacaq. Topu itirməmək şərtilə hücumlar qurmaq, evdə qələbə qazanmaq lazımdır. "Neftçi” ilə "Qəbələ” səfərdə oynayacaq. Ad olaraq fubol ölkələri deyilə bilər. Amma məsələn, mən, anlamadım ki, Polşa yığması necə oynayır. Məsələn, onların futbolçularının əksəriyyəti xaricdən gəlir. Bunun sayəsində yığma oynayır. Amma Polşa çempionatında oynayanları gördük. Deyərdim ki, "Qarabağ” onları futbol baxımından şil-küt etdi. Hər komponentdə onlardan ikibaş üstün idi. Yəni, öz oyununu oynamalısan. Bundan əlavə rəqib haqqında böyük informasiyan olmalıdır. Rəqiblərin heyəti, liderləri, künc zərbələri, harda pressinq edirlər, bütün bunlar haqda informasiyan olmalıdır. Avropa klubları sürətli oynayır və uzun ötürmələrdən çox istifadə edir. Hazırda rahatam, üç klubumuza da inanıram. Şans öz oyunundan asılıdır. Əvvəl Konfrans Liqası iyulun əvvəlində başlayırdı. İndi isə ayın sonuna yaxın start verilir. Bu yaxşı haldır ki, hazırlaşmağa vaxt olur. Kim hazır olsa, oyunu da o aparacaq”. 

Səbuhi Həsənov