XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Muzeydən 673 brilyantla bəzədilmiş boyunbağı oğurlandı: Dəyəri nə qədərdir?
Dünya12:14 28.08.2026

Muzeydən 673 brilyantla bəzədilmiş boyunbağı oğurlandı: Dəyəri nə qədərdir?

Vyanada sərgi zamanı Fransanın məşhur zərgərlik evi “Van Cleef & Arpels”ə məxsus son dərəcə qiymətli brilyant boyunbağı oğurlanıb. Söhbət vaxtilə Misir kraliçasının taxdığı tarixi zinət əşyasından gedir. “Sotheby's” hərrac evinin məlumatına görə, bu boyunbağı 2015-ci ildə təxminən 4,3 milyon dollara satılıb.

Qaynarinfo xəbər verir ki, oğurluq Vyanadakı Tətbiqi Sənət Muzeyində baş verib. Burada “Van Cleef & Arpels” kolleksiyasından 300-dən çox zərgərlik nümunəsinin nümayiş olunduğu “Şedevrlər” sərgisi keçirilir.

Muzeyin məlumatına görə, oğurlanan boyunbağı, ehtimal ki, kral ailəsinə məxsus zinət əşyasıdır. Onun üzərində ümumi çəkisi 200 karatdan çox olan 673 almaz yerləşir.

Sərgidə şüşə vitrin arxasında nümayiş etdirilən eksponat vaxtilə Misir kraliçası Nəsliyə məxsus olub. Məlumata görə, kraliça boyunbağını 1939-cu ildə qızı Favziyanın o vaxtkı İran vəliəhdi Məhəmməd Rza Pəhləvi ilə toyunda taxıb. O, daha sonra İran şahı olub.

2015-ci ildə zinət əşyası Nyu-Yorkda hərraca çıxarılıb və təxminən 4,3 milyon dollara, yaxud 3,7 milyon avroya satılıb.

Polisin məlumatına görə, muzeyə gələn iki kişi ziyarət zamanı şüşə vitrini sındırıb, boyunbağını götürərək hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanları şübhəlilərin müəyyənləşdirilməsi üçün onların fotoşəkillərini yayıb və ictimaiyyətdən kömək istəyib.

Axtarış elanlarında tünd rəngli geyimdə olan iki kişinin görüntüləri yer alıb. Hazırda onların şəxsiyyəti müəyyən edilməyib. Muzey oğurluq faktını təsdiqləyib və hadisə zamanı heç kimin xəsarət almadığını bildirib. Araşdırmanın təfərrüatları açıqlanmır. Cinayətdən sonra muzeyin daxilində və ətrafında polis əməkdaşları işləyib. İstintaq davam edir.

Aydın