Hüseynbala Səlimov
Əlbəttə ki, bir sosial layihə ilə, - o, nə qədər uğurlu olursa, olsun, - insanları efirə bağlamaq mümkün deyil və yaxşı haldır ki, telekanallar özləri də bunu başa düşməyə başlayıblar.
Odur ki, müxtəlif cəhdlər edilir, ictimai proqramların çeşidini bir az da artırmağa səylər göstərilir. Belə bir məqam da unudulmur ki, insanların yadında qalan, onları daha çox cəlb edən ilk növbədə tok-şoulardır, ona görə ki, onlar özləri bu cür layihələrdə bu və ya digər şəkildə iştirak edir və özlərini də prosesə cəlb edilmiş sayırlar.
Bir ara hamı siyasi tok-şouların yerində yaranmış boşluğu musiqili verilişlərlə doldurmağa çalışdı. Amma gün ərzində musiqidən nə qədər danışmaq olar, eyni adamları nə qədər dinləmək olar?..
Elə bu səbəbdən də tamaşaçı ilə yeni "dialoq platformaları” qurmağa cəhd göstərilir. Di gəl, bizə elə gəlir ki, burada başqa bir problem də var: həqiqi, səmimi dialoq müstəvisi qurmaq heç də asan iş deyil, "aşağılar” bunu istəsələr də və buna cəhd göstərsələr də, "yuxarı”lar razı olmazlar.
O gün qəfil təsadüfdən belə cəhdlərdən birinə tuş gəldim: telekanallarımızın birində Mirzə Ələkbər Sabir poeziyasını, daha çox da satira janrını və xüsusən də onun hazırda nə qədər gərəkli olub-olmamasını müzakirə etməyə çalışırdılar.
Qənaətim budur ki, gəlin elə məsələlərdən danışaq ki, onlarla bağlı həqiqəti deyə bilək. Sabir poeziyası, 21-ci əsrdəki azəri cəmiyyətinin durumu, bizim hər birimizin həyata və ictimai problemlərə baxışı–bunlar girə biləcəyimiz kol deyil, çünki bu məsələlərin müzakirəsində biz heç vaxt səmimi olmayacağıq, həqiqəti deməyəcəyik. Təkcə ona görə yox ki, bu ölkədə həqiqət çox siyasiləşib, təhlükəli olub və onu dilə gətirməyin hər birimiz üçün ciddi fəsadları ola bilər.
Bəli, bu da var, özü də real şəkildə. Amma bizim hər birimiz həm də əsl həqiqətin deyilməsində maraqlı deyilik.
Ona görə ki, M.Ə.Sabirin personajlarından hər birimizdə nəsə var–nə olsun ki, qiyafə sarıdan çox dəyişmişik, qalstuk taxır, Avropa kostyumlarını geyir və hətta bir azacıq uzaqdan baxanda avropalıya da bənzəyirik,- əslində hər birimiz qafa sarıdan Sabirin və ya Mirzə Cəlilin personajları kimi tiplərik, köhnə Xudayarlar və köhnə Məmmədhəsənlərik...
Bilirsinizmi, hər dövrün öz nadanlığı olur. Üstəlik, qatı mühafizəkarlıqda, istənilən yeniliyə qarşı olmağın özündə də böyük bir nadanlıq var. 18-19-cu əsrdə uşağını "şkol”a buraxmayana nadan deyirdilərsə, 21-ci əsrdə demokratiyanı qəbul etməyənləri, düzgün seçki keçirməyənləri nadan, Məmmədhəsən və yaxud Xudayar adlandırırlar...
Bu səpkidən fikir yürütməli olsaq Azərbaycan əslində heç Sabirdən, Mirzə Cəlildən çox da uzağa getməyib – buralar indi də böyük Danabaş kəndidir və biz də, olsa–olsa, bu kəndin kefli İsgəndərləriyik, hərçənd ki, kefli İsgəndər olmaq da zarafat iş deyil və belələrinin də sayı getdikcə azalmaqdadır, çünki hamı daha "praktik”, daha "praqmatik” olmağa səy edir – axı həyat beş günlükdür...
Qərəz, cəmi bir-iki gün bundan əvvəl yenə də cəmi aləmə haray çəkdik ki, bəs Şərqdə ilk demokratik respublikanı biz yaratmışıq! Xub! Amma bizdən soruşmazlarımı ki, bəs hanı o əsl demokratik respublika, yoxsa onun da ömrü 23 ay oldu? Nə cavab verərik buna biz?
Sizləri bilmirəm, şəxsən mən bəndəniz burada susmaqdan qeyri əlac tapmıram, çünki bizim Məmmədhəsənlər, ən əsası da Tükəzbanlar 101 il bundan öncə səs hüququ alsalar da hələ də ondan düz-əməlli istifadə edə bimirlər. Qardaş, deyiləsi dərd deyil; kağıza bir şey yazıb qutuya atırsan, amma qutudan tamam başqa şey çıxır...
O ki qaldı savadsızlığın ləğvinə, bizim guya "təhsil”ə böyük önəm verməyimizə, bəli, azacıq irəliləyiş var. Amma çox azacıq, çünki 18-19 əsrin azərbaycanlısı deyirdi ki, mənim uşağıma nə oxumaq lazımdır, nə də ki, onun diplomu, atam –babam, məsələn, qəssab olubdur, uşağım da qəssab olacaq!
Bəs 21-ci əsrin azərbaycanlısı nə deyir? Elə o, da təxminən eyni şeyi deyir. Buyurur ki, mənim uşağıma da oxumaq lazım deyil, amma diplomu olmalıdır və siz mənə diplomun qiymətini deyin, qalanı sizlik deyil, artıq mənlikdir!..
Burada da bizim nadanlıq dediyimiz və yalnız simvolik Danabaş kəndinə aid etdiyimiz məsələ, yəni nadanlıq olduğu kimi qalmaqdadır– cəmi dünyada insanlar pul verirlər ki, uşaqları oxuyub savad yiyəsi olsunlar, biz isə pul veririik ki, uşaqlarımız oxumasın, ali məktəbin yolunu gedib-gəlib, axırda bir parça kağız, yəni diplom alsınlar və biz də bu diplomun surətini çıxardıb arasına bir xeyli pul qoyub kiməsə verək ki, bəs mənim uşağım "oxumuş adam”dır, ona bir vəzifə ver...
Odur, qardaşlar, biz nə qədər səmimi olmağa çalışsaq da heç vaxt bu mətləbləri açıb-tökmərik. Ona görə də gəlin dağdan-dərədən, kaman kimi qaşlardan və ox kimi kipriklərdən danışaq. Bundan danışanda biz daha "səmimi” oluruq...
Sabir haqqındakı "tok-şuya” baxanda elə hey gözlədim ki, axır kimsə onun çox məşhur beytlərindən birini deyəcək, amma demədilər. Odur ki, özüm o beyti deyəcəm. Bəli, böyük Sabir ərz edib ki:
Kim ki insanı sevir, aşiqi-hüriyyət olur,
Bəli, hüriyyət olan yerdə də insanlıq olur...
Bəli, qardaşlar, hüriyyət olmayan yerdə insanlıq olmur. İnsanlıq olmayan yerdə isə nadanlıq baş alıb gedir və qiyafə də hec cür bunu ört – basdır edə bilmir. Bəlkə də ona görə belə alındı ki, vaxtında başbilən insanlarımız "türk kimlikli, islam etiqadlı və Avropa qiyafəli” olmağı arzuladılar bizə...
Biz də olduq. Bir daha deyirik ki, qifayəmiz batılıdan-qərblidən qəti seçilməz, amma qafa deyilən məsələ də var axı, əzizlərim: bizim bu gün də əziyyətə qatlaşıb çiyinlərimizdə gəzdirdiyimiz batman başlarımız heç də avropalı qafası deyildir və bütün problemlərin də kökü bundadır...