ABŞ və Çin rəsmiləri nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və ticarət atəşkəsinin bərpası üzrə çərçivə razılaşmasının əldə olunduğunu bildiriblər. Bununla belə, ticarət ziddiyyətlərinin köklü həllinə dair heç bir əlamət müşahidə olunmur.
Qaynarinfo "Reuters”ə
istinadla xəbər verir ki, ABŞ-ın ticarət naziri Hovard Lutnik bu razılaşmanın Cenevrədə əldə olunmuş qarşılıqlı tarif yumşaldılmasına dair razılaşmanı "məzmunla doldurduğunu” deyib. Onun sözlərinə görə, yeni saziş Çin tərəfindən nadir torpaq mineralları və maqnitlər, eləcə də ABŞ tərəfindən tətbiq olunan bəzi son ixrac məhdudiyyətləri ilə bağlı balanslı şəkildə məhdudiyyətlərin qaldırılmasını nəzərdə tutur.
Çinin ticarət nazirinin müavini Li Çenqan isə bildirib ki, prinsip etibarilə ticarət sahəsində çərçivə razılaşması əldə olunub və bu sənəd ABŞ və Çin liderlərinə təqdim ediləcək.
Tərəflərin 10 avqusta qədər daha genişmiqyaslı ticarət razılaşması üzrə razılığa gəlmək vaxtı var. Əks halda, ABŞ tərəfindən tariflər 30%-dən 145%-ə, Çin tərəfindən isə 10%-dən 125%-ə yüksələcək.
ABŞ prezidenti Donald Trampın dəyişkən ticarət siyasəti dünya bazarlarında narahatlıqlara səbəb olub, iri limanlarda xaos yaradıb və şirkətləri on milyardlarla dollar itkiyə və əlavə xərclərə məruz qoyub.
Çərçivə razılaşmasının əldə olunmasından sonra dünya fond bazarları Trampın "Azadlıq günü” adlandırdığı qərarların yaratdığı itkiləri bərpa edib və indekslər rekord səviyyəyə yaxınlaşıb. Əvvəlki çalxalanmalardan zərər görmüş investorlar ehtiyatlı davranaraq razılaşmanı sakit qarşılayıblar. MSCI-nin Yaponiya istisna olmaqla Asiya-Sakit Okean regionu üzrə indeksində 0,57%-lik artım qeydə alınıb.
Bu arada Çində bəzi şirkətlər Çin hökumətindən ixrac üçün lisenziya aldıqlarını bildirərək, məhdudiyyətlərin yumşaldılması istiqamətində ilkin əlamətlərin göründüyünü qeyd ediblər.
Qeyd edək ki, 12 may tarixində Vaşinqton və Pekin 90 günlük müvəqqəti tarif azaldılmasına razılaşıblar: ABŞ tarifləri 145%-dən 30%-ə, Çin isə 125%-dən 10%-ə endirib. Lakin qısa müddət sonra ABŞ prezidenti Çin tərəfini "tarif atəşkəsini” pozmaqda ittiham edib.
5 iyunda Çin lideri Si Szinpin və ABŞ prezidenti artan ticarət gərginliyi fonunda telefon danışığı aparıblar.
9 iyunda isə məlum olub ki, ABŞ və Çin nümayəndələri Londonda yeni ticarət danışıqları raundu keçirəcəklər. ABŞ tərəfi əsas strateji mineralların tədarükünü bərpa etməyə çalışacaq.
Alpər
Şərhlər