NASA və ABŞ Energetika Nazirliyi qarşıdakı dörd il ərzində Ayın səthində nüvə reaktorunun hazırlanması və yerləşdirilməsi üzərində işləyir. Rəsmilərin sözlərinə görə, bu addım prezident Trampın kosmosun mənimsənilməsi ilə bağlı baxışlarından birinin həyata keçirilməsi deməkdir.
Qaynarinfo xəbər verir ki, çərşənbə axşamı ABŞ Energetika Nazirliyi (DOE) və NASA qarşılıqlı anlaşma memorandumu imzaladıqlarını elan ediblər. "New York Post”un yazdığına görə, qurumlar 2030-cu ilə qədər həm Ayda, həm də orbitdə nüvə reaktorlarının yerləşdirilməsi ilə bağlı iddialı məqsədə çatmağı planlaşdırırlar.
Ayda nüvə reaktorları: planlara nə daxildir?
Nazirlikdə bildirilib ki, reaktorlar Ay səthində bölünmə enerjisi sistemindən istifadə edəcək. Bu sistem günəş işığının mövcudluğundan və temperaturdan asılı olmayaraq gələcək uzunmüddətli Ay missiyaları üçün "təhlükəsiz” və "bol” elektrik enerjisi istehsal etməyə imkan verəcək.
"Prezident Trampın milli kosmik siyasəti çərçivəsində Amerika Aya qayıtmaq, daimi mövcudluq üçün infrastruktur qurmaq və Marsa və ondan kənara növbəti nəhəng sıçrayış üçün zəruri investisiyaları etmək əzmindədir”, deyə NASA-nın administratoru Cered Ayzekman bildirib.
Onun sözlərinə görə, bu gələcəyə nail olmaq nüvə enerjisindən istifadəni tələb edir. Ayzekman qeyd edib ki, bu razılaşma NASA və Energetika Nazirliyi arasında əməkdaşlığı gücləndirərək kosmosun mənimsənilməsi və kəşflərin "qızıl dövrü”nün başlanması üçün lazım olan imkanların yaradılmasını təmin edir.
Məlumata görə, NASA artıq bir neçə ildir "Artemida” proqramı çərçivəsində yaradılacaq bir və ya bir neçə Ay bazasını enerji ilə təmin edə biləcək nüvə reaktorunun üzərində işləyir.
ABŞ-a kosmosda nüvə enerjisi niyə lazımdır?
Dekabr ayında Donald Tramp "Kosmosda Amerikanın üstünlüyünün təmin edilməsi” adlı sərəncam imzalayıb. Sərəncam 2030-cu ilə qədər Ayın səthində daimi baza tikintisinə başlamağı nəzərdə tutur. Sənəddə həmçinin ABŞ-ın kosmosda üstünlüyünü təmin etmək üçün həmin vaxta qədər Ayda ən azı bir nüvə reaktorunun yerləşdirilməsi tapşırığı verilib.
"Tarix göstərir ki, Amerika elmi və innovasiyaları birləşəndə – Manhetten layihəsindən ‘Apollon’ missiyasına qədər – ölkəmiz dünyanı bir vaxtlar mümkünsüz hesab edilən yeni hədlərə doğru aparır”, deyə ABŞ-ın energetika naziri Kris Rayt açıqlamasında bildirib.
O vurğulayıb ki, bu razılaşma həmin irsi davam etdirir. Prezident Trampın liderliyi və "Amerika hər şeydən öncə” kosmik siyasəti sayəsində Nazirlik NASA və kommersiya kosmik sənayesi ilə birlikdə nüvə energetikası və kosmosun mənimsənilməsi tarixində ən böyük texnoloji nailiyyətlərdən birinə çevriləcək layihə üzərində işləməkdən qürur duyur.
Aydın
Şərhlər