
"Hakimiyyət büdcə kəsirlərini kommunal xərcləri artırmaqla qapatmaq istəyir".
Bu sözləri Qaynar.info-ya iqtisadçı ekspert Natiq Cəfərli gələn ildən ölkədə kommunal haqların artırılması ehtimalı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Natiq Cəfərlinin sözlərinə görə, hökümətin arqumentləri bundan ibarət idi ki, axrıncı dəfə qiymət artımı 6 il bundan əvvəl olub: "Yəni arqument olaraq bunu gətirirlər. Amma əsas səbəb bu deyil, məncə. Çünki gələn ilin büdcəsində problemlər olacaq. Biz bu tipli problemlərin yaranacağını dəfələrlə demişdik. Bizi dinləmədilər. Gələn ilin büdcəsində neftdən gələn gəlirlər kifayət qədər azalacaq. Neftdən aslı olan büdcə ilk dəfə olaraq artımla deyil, gəlirlərin azalması ilə üzləşəcək. Büdcə kəsiri ilk dəfə olaraq kəskin surətdə artacaq".
İqtisadçı ekspert bildirib ki, büdcə kəsirləri başqa ölkələrdə faizlə artdığı halda, bizdə iki tam onda altı dəfə artacaq: "Yəni birdən-birə bu qədər kəsir yaranacaq və büdcə gəlirlərində 4 faiz azalma olacaq. Çox güman ki, büdcədə olan bu kəsir problemlərini həll etmək üçün komunal xərclərin artımı ilə qapatmaq istəyirlər. Digər yol hökümət üçün daha çətindir, daha ağırdır. Digər yol ondan ibarət ola bilər ki, bazar ciddi şəkildə liberallaşsın, inhisarçılıq aradan qalxsın, iqtisadiyyatın artımında fərdlərin rolu artsın. Görünən odur ki, hakimiyyət buna getmək istəmir. İstəmir ki, iqtisadiyyat liberallaşsın, inhisarçılıq aradan qalxsın, korrupsiya aradan qalxsın".
Natiq Cəfərli onu da qeyd edib ki, bu artımlar yanacağın qiymətində olsa, bütün sahələrə birbaşa və dolayısı yolla öz kəskin təsirini göstərəcək.
Xatırladaq ki, bu gün maliyyə naziri Samir Şərifov gələn ildən ölkədə kommunal haqların artırılması ehtimalı ilə bağlı məsələləri şərh edib.
Onun sözlərinə görə, Azərbaycanda sonuncu dəfə kommunal xərclər 2007-ci ildə artırılıb: «Bu illər ərzində minimum əmək haqqının sosial bazası 2,6 dəfə, minimal pensiyaların sosial bazası isə 2,5 dəfə artıb. Bununla bağlı 7 sərəncam imzalanıb».
S.Şərifov qeyd edib ki, Milli Məclisin komitələrinin iclaslarında kommunal xərclərin artırılacağını deməyib: «Mən kommunal xərclərin artacağını deməmişəm. Sadəcə, bununla bağlı öz təklifimi vermişəm. Bildirmişəm ki, 2007-ci ildəki son artımlardan bu vaxta qədər ölkənin kommunal sahədə artımın edilməsi labüddür. Bununla bağlı Tarif Şurasından təkliflər olacaqsa, son sözü də elə Tarif Şurası deyəcək».
Elkin
Qaynar.info