Dünya 20:38 09.06.2022

Navalnı Google və Meta-nı Putinə kömək etməkdə günahlandırdı

Google və Meta Rusiyada müxalifəti müharibə əleyhinə kampaniyalar aparmaq imkanından məhrum edib.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri rusiyalı müxalifət lideri Navalni deyib.

Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalni Google və Meta şirkətlərini Rusiya ərazisində reklamı bağladıqlarına görə tənqid edib və bunun müxalifəti sarsıtdığını deyib.

Navalni Kopenhagen Demokratiya Sammitinə yazılı müraciətində bildirib ki, texnologiya dövlət tərəfindən müxalifləri həbs etmək üçün istifadə olunur, lakin bu, həm də həqiqətə çatmaq imkanı verir.

"İnternet bizə senzuradan yan keçmək imkanı verir, - deyə Navalninin müraciətində deyilir. - Ancaq eyni zamanda, Google və Meta Rusiyadakı reklamlarını bağlamaqla müxalifəti müharibə əleyhinə kampaniyalar aparmaq imkanından məhrum edərək Putinə böyük hədiyyə verdi”.

Hər iki şirkət Rusiyanın Ukraynanı işğal etməsindən bir neçə gün sonra Rusiyadakı istifadəçiləri hədəf alan reklamı dayandırıb.

Navalni deyib ki, onlar həqiqətən "neytral platformalar" olub-olmadıqlarını və demokratik ölkələrdəki istifadəçilərin repressiv cəmiyyətlərdə olduğu kimi eyni qaydalar altında fəaliyyət göstərmək haqqının olub olmadığını aydınlaşdırmalıdılar.

"Norveç və Uqandanın İnternet və demokratiyanın rolu ilə bağlı bir az fərqli fikirləri olduğunu nəzərə alsaq, İnternet hökumət direktivlərini necə qəbul etməlidir?" – o müraciətində soruşub:

"Biz texnologiyanı sevirik. Biz sosial şəbəkələri sevirik. Biz azad informasiya cəmiyyətində yaşamaq istəyirik. Beləliklə, gəlin, pis adamların informasiya mühitindən istifadə edərək öz xalqlarını və hamımızı qaranlıq əsrlərə aparmaq cəhdlərinin qarşısını necə alacağımızı aydınlaşdıraq".
 
Nurlan Hüseynov