Dünya 18:12 27.02.2024

Navalnı Kremllə razılaşdırılmış mübadiləyə razı olub - "Reuters"

Həbsdə ölən rusiyalı müxalif siyasətçi Aleksey Navalnı mübadilənin hazırlanmasından xəbəri olub və bununla razılaşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” mənbələrə istinadən məlumat yayıb.

"Danışıqlarla tanış olan rusiyalı mənbə "Reuters” agentliyinə bildirib ki, məhbus mübadiləsi fevralın ortalarında baş tutmalı idi və həm Navalnı, həm də həyat yoldaşı buna razı olublar”, deyə agentlik yazır.

Bildirilir ki, ilkin olaraq plan Kremlin casusluqda ittiham etdiyi yalnız WSJ müxbiri Evan Qerşkoviçin mübadiləsi nəzərdə tuturdu. Rusiya prezidenti Vladimir Putin onu Berlində qətlə görə cəza çəkən FTX zabiti Vadim Krasikovla dəyişməyə hazır idi. "Amma almanlar bunun qəti əleyhinə idilər, çünki bu, Amerikanın problemi idi. Bu planda Navalnı ortaya çıxanda, nəhayət, almanlar razılaşdılar", deyə mənbə bildirib.

"Nəhayət, hər şey Olaf Şolts Ştatlara gedəndə (o, fevralın 9-da Ağ Evdə danışıqlar aparıb) təsdiqləndi. Sonra bütün bunların nə vaxt və harada baş verəcəyi ilə bağlı təfərrüatlar müzakirə olunmağa başladı", deyə mənbə bildirib.

Hər iki Rusiya mənbəsi ehtimal edir ki, Qerşkoviçin dəyişdirilməsi şansı indi azalıb. "Onlar yenə də variant axtaracaqlar, lakin biz Qerşkoviçin həbsi anına qayıdırıq. Heç nə müzakirə olunmur", deyə Rusiya mənbəsi qeyd edib.

Xatırladaq ki, fevralın 16-da Rusiya Federasiyasının Federal Penitensiar Xidməti rusiyalı müxalifətçi Aleksey Navalnının Yamalo-Nenets Muxtar Dairəsinin 3 saylı islah koloniyasında öldüyü barədə məlumat yayıb.

Navalnının həbsdə olduğu koloniyanın nümayəndələri siyasətçinin anasına onun qəfil ölüm sindromundan öldüyünü bildiriblər.

Fevralın 26-da Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Mariya Pevçix bildirib ki, müxalif rusiyalı siyasətçi Aleksey Navalnının mübadiləsinə dair razılaşma olub, lakin danışıqlar son mərhələdə olanda o, koloniyada dünyasını dəyişib.

Navalnı 2021-ci ilin əvvəlindən həbsdədir. 2023-cü ilin avqustunda Moskva Şəhər Məhkəməsi siyasətçini "ekstremizm” işi üzrə xüsusi rejimli koloniyada 19 il müddətinə azadlıqdan məhrum edib.

Nizami Bağırov