Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov orta məktəblərin internetlə təminatı məsələsinə aydınlıq gətirib
SalamNews xəbər verir ki, nazir jurnalistlərə deyib: "Bu gün orta məktəblərin 30-35 faizi internet şəbəkəsinə birləşdirilib. Məktəblərdə internetin sürəti yüksək olmasa da orta səviyyədədir. Bu da əsasən şəhər yerlərindədir. Təhsil Nazirliyinin gələcək inkişafa, elektron təhsilə olan tələbləri var. Həmin tələbləri yerinə yetirmək üçün orta məktəbləri genişzolaqlı internetə birləşdirmək lazımdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Təhsil Nazirliyinin birgə proqramı həyata keçiriləcək. Gələn ildən Dövlət Neft Fondu ilə həyata keçirilməsi planlaşdırılan geniş zolaqlı optik şəbəkə internet layihəsi çərçivəsində orta məktəblərin genişzolaqlı internetə birləşdirilməsi əsas məsələlərdən biri olacaq.”
O söyləyib ki, gələn ildən Dövlət Neft Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması” layihəsi həyata keçiriləcək. İndi bununla bağlı işləri tamamlamışıq. Bu layihə beynəlxalq təşkilatların diqqətini cəlb edir. Eyni zamanda inkişaf etməkdə olan ölkələr üçün bu layihə etalon kimi qəbul olunacaq.