İdman 15:23 08.07.2022

Nazirlə görüşdən sonra “Turan Tovuz”da bayram havası…

Bir neçə gün öncə ölkənin tanınmış futbol veteranları Gənclər və İdman Naziri Fərid Qayıbovla görüşdü. Azərbaycan Veteran Futbolçular Birliyinin, o cümlədən "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev və bir neçə veteran futbolçunun iştirakı ilə keçən görüşün məqsədi maraqlı idi. Bu səbəbdən Abdullayevlə danışmağı məqsədəuyğun saydıq.

Keçmiş futbolçu Qaynarinfo-ya açıqlamasında həm nazirlə, həm də ötən gün Tovuzda keçirilən görüşlə bağlı fikirlərini bölüşdü. Bununla yanaşı o klubun büdcəsi ilə bağlı sualları da cavablandırdı.

"Nazirliyə müraciət etmişdik. O da veteranlarla görüşmək istədiyini bildirdi. Görüşmək istəyən çox idi. Biz də veteranları yığıb görüşə getdik. AFFA-dan Sərxan müəllimi də dəvət etdilər. Nazirlə söhbətdə bildirdik ki, Azərbaycanda futbol var, amma nəticə yoxdur. Əsasən uşaq fubolunun inkişafından danışdıq. Tərlan Əhmədov yaxşı təkliflər verdi. Nazir də bildirdi ki, proqram hazırlanmalıdır ki, 7-8 ildən sonra nəsə edə bilək. Ən azından Avropa çempionatının qrup mərhələsinə düşək. Bunun üçün indidən başlamaq lazımdır. Arif Əsədov, Asim Xudiyev, Novruz Əzimov da fikirlərini dedi”.

Nazirlə görüşdə Nazim Süleymanov və bəzi tanınmış veteranların iştirak etməməsinin səbəbini Abdullayev belə izah edib:

"Nazim Süleymanov da dəvət olunmuşdu. Amma nəyə görə gəlmədiyini bilmirəm. Halbuki siyahıya onun da adı yazılmışdı. Onunla yanaşı Əsgər Abdullayevə, Vaqif Sadıqova da deyilmişdi. Yəni, məcburi deyildi. Hamı nazirlə görüşmək istəyərdi. Nazir hər şeyi açıq danışandır. Özü də yaxşı təkliflər verir. Legioner məşqçi ilə bağlı məsələ qaldırmışdıq. O da bildirdi ki, buna pis baxmır. Amma bir şərtlə ki, gələn məşqçi yerlilərin də köməyindən istifadə etsin. Yoxsa ki, xarici məşqçi gəlir, bir azərbaycanlını yaxın buraxmır. Bizimkilər də ondan nəsə öyrənməlidir. Məşqçiləri də xaricə göndərmək lazımdır. Görüşdən sonra Tovuza qayıtdım. Yaxın günlərdə bu haqda müzakirə aparıb, təkliflərimizi yazılı şəkildə nazirliyə göndərəcəyik. Görüşlərimizi mütəmadi şəkildə davam etdirməyə çalışacağıq. Bu, futbola bir təkan olacaq”.

Veteran futbolçu ötən gün Tovuzda keçirilən tədbirin məqsədi ilə bağlı sualı da cavablandırdı:

"Təqdimat oldu, icra başçısı Məmməd Məmmədov çıxış etdi. "Turan Tovuz”un inkişaf etməsi üçün lazımi qədər dəstək göstərəcəyini dedi. Klub rəhbərləri ilə görüşdü. İcra başçısı bu işə həqiqətən hərtərəfli girişib, nəsə etmək istəyir. Maliyyə dəstəyi də verəcəyini söylədi. Bilet satışı və komanda üçün avtobus təşkili məsələlərinə də toxundu. Yaxın günlərdə komandaya avtobus alınacağını da bildirdi. Bu olmalıdır, çünki avtobus komandanın üzüdür. Digər tərəfdən forma məsələsində də dəstək olacağını və bunun üçün lazımi sənədləri toplamağımızı tapşırdı. Bilirsiniz, rayonlarda futbolu inkişaf etdirmək lazımdır. Klubların Bakıda yığışması ilə inkişaf olmur. Rayonlarda ajiotaj olur”.

"Turan Tovuz”un büdcəsinin müəyyənləşib-müəyyənləşməməsi haqda suala Abdullayev belə cavab verdi:

"Hamı sözlə deyir ki, guya əsas komandaya iki milyon manat pul ayırıblar. Amma bu, təsdiqini tapmayıb. Həmin pul dövlət büdcəsindən ayrılmalıdır. İcra Hakimiyyətlərinə də tapşırılıb, nəzarət edəcəklər. Ancaq iki milyon yaxşı komanda düzəltmək üçün azdır. Əvvəlki illər olsaydı, normal idi. Amma indi hər şeyin qiyməti qalxıb, bahalıqdır. Ona görə də başçının imicinə görə digər iş adamları da kluba yardım edəcəklər. Tovuzda iş adamları çoxdur. Gərək başlayasan, nəsə nəticə göstərəsən ki, sponsorları cəlb edəsən”.

Komandanın heyəti ilə bağlı yeniliklərdən danşan Abdullayev, hələ ki, legioner cəlb olunmamasının səbəblərini də dedi:

"Legioner götürmək üçün əvvəlcə büdcəmiz təsdiq olunmalıdır. Düzdür, legioner transferi nəzərdə tutmuşuq. Ancaq bu gün yaxşı transferlər etmişik. Baş məşqçi Ayxan Abbasov Tovuzda sevilir, özü də buranın komandasında 3 il oynayıb. Rayonda onun yaxşı imici var. "Sumqayıt”da da özünü sübut edib. Yerli futbolçuların seçimindən sonra legioner məsələsinə baxacağıq. Təxminən 3-4 futbolçu gətirməyi nəzərdə tutmuşuq. Hazırda danışıq apardığımız legionerlər var. Qalıb maliyyə məsələsi. Eşitdiyimə görə, bu həftənin sonu büdcə təsdiq olunmalıdır”.

Səbuhi Həsənov