(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə hazırlanıb)
Təbiətin qorunması, ayrı-ayrılıqda fauna və floranın, ətraf mühitin, təbii ehtiyatların, mühafizəsi və bərpası hər zaman diqqət çəkəm məsələlərdəndir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindəndir.
"Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini, ekoloq Xosrov Musayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanın daxili və xarici siyasəti ilə yanaşı, həm də ekologiya siyasəti var:
"Bu siyasətin əsas məqsədi və məramı indiki nəsil üçün təbiəti qoruyub saxlamaqdır. Biz bu gün təbiəti qorumaqla eyni zamanda öz sağlamlığımızı qoruyuruq. Əgər biz bu gün təbiəti qorumuruqsa, deməli, gələcək nəsillərə qəsd etmiş oluruq. Dövlətin də əsas prioritet sahələrindən biri ətraf mühitin qorunması, sağlam mühitin yaradılmasıdır... Bu da gələcək inkişafa çox böyük təkan verir. Çünki sağlam mühitdə sağlam insanlar və gələcək olur. Bu sahədə görülən işlər və əldə olunan nəticələrlə yanaşı, eyni zamanda çoxlu sayda problemlərimiz də var. Bunların arasında ən ciddi problem meşəsizlikdir. Orta statistik rəqəmlərə görə, Azərbaycanın vaxtı ilə 25-30% ərazisi meşə idisə, bu rəqəmlər hazırda 11,4%-dir. Görün bu, dünyanın orta göstəricisindən nə qədər aşağıdır. İkinci ən böyük problem sudur. Bu, gələcəkdə çox ciddi problemə çevriləcək. Çünki Azərbaycanın su ehtiyatlarının 72%-i tranzit sularıdır. Onu da müqayisə edək ki, Cənubi Qafqazda 62% Gürcüstanın, 28% Ermənistanın, cəmi 10% Azərbaycanın payına düşür. Yəni, su ehtiyyatlarına görə, qıtlıq ərazidə yerləşirik. Üçüncü problem isə torpaqlarımızın 80%-i deqradasiya olunub”.
Xosrov Musayev deyir ki, torpaqların münbitliyinin azalması prosesi çox sürətlə gedir:
"Məsələn, Almaniyada buğda istehsalında orta məhsuldarlıq 85%-dir. Amma Azərbaycanda bu göstərici 30 sentnerdir. Bu da böyük problemdir. Azərbaycanda ərzaq təhlükəsizliyi də çox ciddi məsələdir. İstehsaldan çox biz ərzaq məhsullarını xarici ölkələrdən alırıq. O cümlədən 1 milyon ton buğdanı da xaricdən alırıq. Bu da Azərbaycandan valyutanın çıxması deməkdir. Hər bir ölkənin ərzaq təhlükəsizliyi başqa dövlətdən asılı vəziyyətə düşür. Bütün bunlar da yaxşı hal deyl. Biz daha çox idxala deyil, ixraca üstünlük verməliyik”.
Sədr hesab edir ki, ekoloji təmiz məhsul istehsal etmək ən önəmli məsələlərdən biridir:
"Məsələn, Almaniyada bazara çıxarılan məhsulun mütləq sertifikatı olmalıdır. Sertifikatda insan həyatı üçün zərərli maddə olmamalıdır. Çox təəsüflər olsun ki, Azərbaycanda bazara çıxarılan heç bir məhsulun sertifikatı yoxdur. Bazarlara gedəndə bunu aydın görürük. Ola bilər ki, xarici ölkələrdən gələn məhsulların sertifikatı var, amma daxildən satışa çıxarılan heç bir məhsulun sertifikatı yoxdur. Sertifikatı olmayan məhsullar əslində bazara çıxarılmamalıdır. Almaniyada olanda bir gilanar ağacı gördüm, yaxınlaşdım ki, ordan meyvə yeyəm. Onu qoymadılar, dedilər ki, bu meyvələr aidiyyatı qurumlara getməlidir, analiz nümunələri götürülməlidir, insan sağlamlığına zərərli deyilsə, o zaman satışa çıxarılmalıdır, sonda onu yemək olar”.
Xosrov Musayev bildirib ki, ətraf mühitin mühafizəsində problemlərlə yanaşı, eyni zamanda qanunvericilikdə boşluqlar var:
"Bunu deyəndə çoxlarının xoşuna gəlmir. Meşələrimizin hamısında ancaq fermalar yerləşir. Bu yaxşı hal deyil, onun haqqında danışanda çox insanın marağına toxunur. Bunlar həll olunmalıdır. Meşələrin də birinci düşməni mal-qaradır. Ümumiyyətlə, təbiət özü-özünü bərpa etdir, onun işinə qarışmaq olmaz. Çox təəssüflər olsun ki, bərpa prosesinin getməsinə insanlar imkan vermirlər. Azərbaycanda ətraf mühitin mühafisəsi deyəndə göz önünə gələn problemlərdən biri də su ehtiyatlarının çirklənməsi məsələsidir. Məsələn, əslində, yeraltı su ehtiyatları, içməli sular, artizanlarla bağlı bir araşdırma yoxdur. Beynəlxalq ekspertlərin dediyinə görə, Azərbaycanda su ehtiyatlarının 40%-i çırklidir, 60%-i də keyfiyyətsizdir. Bu da ciddi problemdir. Çünki ən çox infeksiya, xəstəliklərin yaranmasının su ilə bağlıdr. Biz gün ərzində 2,5-3 litrə yaxın sudan istifadə edirik. İnsan ömrü boyu 70 tona yaxın su içir. Su da saf, daha keyfiyyətli olanda insan sağlamlığına müsbət təsir göstərir. Amma çirkli hava, tərkibində zərərli maddələrin olması bu da insan sağlamlığına ciddi zərər vurur, böyrəyi sıradan çıxardır, daş əmələ gətirir. Çox təsüflər olsun ki, bu məsələ ilə məşğul olan qurumlar da suyun analizini aparmırlar. Təmizləyicu qurğular belə işin öhdəsində gələ bilmir, nə qədər təmizləsələr də, yenə də problemlər qalmaqdadır”.
Sədrin fikirincə, ətraf mühitin mühafizəsi ilə bağlı qərarlar hazırlayarkən adətən nazirlikdən, müxtəlif qurumlardan məlumat alırlar:
"Ancaq ən yaxşı halda bu prosesin içində olan insanlardan informasiya almaq lazımdır. Çünki bu problemlə məşğul olanlar daha dəqiq məlumatlar verirlər, nəinki nazirlikdə kabinetdə oturanlar. Onlar heç bilmir ki, nə baş verir. Bizim də bəlamız ondadır ki, problemlərin içində olan insanlardan məsləhət almaq lazımdır. Bizdə həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onunla yanaşı, Milli Məclisdə Ekologiya Komitəsi var. Dünya çox sürətlə inkişaf etməyə başlayır. Qanunlar da köhnəlib, bunların yenilənməsinə böyük ehtiyac var. Bütün hər şey qanunlarla tənzimlənir, yeni qanunlar qəbul edilməlidir. O günü dedilər ki, yeni bir qanun var, kim yeraltı sulardan istifadə edirsə, dövlətə pul ödəməlidir. Bu da normal bir şey deyil. Əhalni yükləsələr, onlar bu böyük yükün altından çıxa bilməyəcəklər. Dövlət ailəni keyfiyyətli su ilə təmin etməyə borcludur”.
Xosrov Musayev Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələrinin ekologiyaya böyük zərər vurduğunu vurğulayıb:
"Ekoloji monitorinqlər aparılmalıdır. İstehsal müəssisələrinin ətraf mühitə heç bir zərəri olmamalıdır. Amma bu müəssisələr ətraf mühitə daha çox zərər vurur və sahibkarlar da bu məsələdə maraqlı deyillər. Onların marağı kapitallarının artırılmasıdır. Dövlət bunu müəyyən qanun çərçivəsində tənzimləməlidir. Monitorinqlər aparılmalıdır və bunun statistikası olmalıdır”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.