Nəqliyyat Nazirliyi Bakıda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə sərnişin dolu avtobusların daxil olmasına icazə verilməməsi ilə bağlı müraciət edib. Bunu a24.az-a Dövlət Avtomobil Nəqliyyatı İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.
Onun sözlərinə görə, sərnişin dolu avtobusun yanacaq doldurması qadağandır: “Bu, sərnişinlərə və ətrafa ciddi təhlükə yaradır. Bu cür hallara qarşı tədbirlər həyata keçiririk. Sürücülərə şiddətli töhmət verilir və yaxud da ardıcıl bu cür nöqsanlara görə işdən azad olunur. Birmənalı şəkildə sürücü bağışlanmır”.
Nazirlik nümayəndəsi qeyd edib ki, təkcə 2014-cü il ərzində yanacaqdoldurma məntəqəsinə sərnişinlə dolu avtobusla daxil olduğuna görə 10 sürücü cəzalandırılıb: “Bunlardan 6-na şiddətli töhmət verilib, 4-ü təkrar törətdiyinə görə işdən azad olunub”.
Ə.Cəfərov deyib ki, bu cür hallar sərnişinlər və onların tərəfindən aşkarlandığından, paytaxda fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrinə Nəqliyyat Nazirliyi adından müraciət ünvanlanıb: “Rəsmi qaydada nümayəndələrimiz yanacaqdoldurma məntəqələrinə göndərilib və xəbərdarlıq edilib”.
Ə.Cəfərov onu da qeyd edib ki, xəbərdarlıq nəticəsiz qalarsa, Nəqliyyat Nazirliyi yanacaqdoldurma məntəqələrinə lisenziya verən dövlət qurumlarına müraciət ünvanlamağı hazırlaşır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) də sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə bu məsələ ilə bağlı tövsiyyə xarakterli sənədlə müraciət ünvanlayıb. Bunu a24.az-a BŞDYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, tövsiyyədə vurğulanır ki, sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən yanacağın əvvəlcədən götürülməsi təmin olunmalı və bunun üçün avtobus qarajlarının inzibati ərazisində kiçik yanacaqdoldurma stansiyasının qurulması vacibdir: “Artıq sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər bunun icrasına başlayıb. Onlar yanacağı yanacaqdaşıyan avtomobillə alır və öz qarajlarında avtobuslara tökdürürlər. Bütün hüquqi və fiziki şəxslərin bunu icra etməsi məqsədəuyğundur”.
İdarə rəsmisi bildirib ki, hazırda paytaxtda fəaliyyət göstərən avtobuslar iritutumludur və bu nəqliyyat vasitəsi yanacaqdoldurma məntəqəsinə daxil olan zaman oranın yarısını tutur: “Bu da digər avtomobillərin məntəqəyə daxil olmasına süni maneə yaradır”.
V.Əsədov qeyd edib ki, ictimai nəqliyyat vasitələrinin sərnişinlərlə dolu yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır. Əks halda, sürücülər inzibati məsuliyyət daşıyır: “Sürcünün əməli cərimə balı ilə qiymətləndirilir və yüksək məbləğdə cərimə olunur. Sözügedən nöqsanlara görə 2014-cü ildə yol polisi tərəfindən keçirilən tədbirlər nəticəsində 60-a yaxın sürücü aşkarlanıb və məsuliyyətə cəlb edilib”.
İdarə rəsmisi bir daha sürücülərə tövsiyyə edərək vurğulayıb ki, avtobus sürücüləri reysqabağı yanacağın olub-olmaması barədə aidiyyatı üzrə dispetçer və qaraj rəhbərliyinə məlumat versələr, belə hal yaranmaz: “Ən azından, onlar düşünməlidirlər ki, son anda məsuliyyətə cəlb edilən sürücülərdir və belə nöqsanlara görə aldıqları əməkhaqlarından cərimə ödəməli olurlar. Cərimələrin ödənilməməsi və eyni zamanda belə xətalara yol verilməməsi üçün sürücülər diqqətli olmalıdırlar”.
Qaynar.info