(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb)
2004-cü ildən uğurla icra olunan bu proqramlar davamlı olaraq, bir-birinin ardınca həyata keçirilməkdədir. Hazırda regionların inkişafı üzrə sayca 4-cü dövlət proqramı icra edilir.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.
Ümumilikdə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına ən azı 17 milyard manatdan çox vəsaitin sərf edilməsi nəzərdə tutulur.
Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Qaynarinfo-ya bildirib ki, bu sahədə ciddi dəyişikliklərə ehtiyyac var:
"Regionların sosial-iqtisadi inkişafının təşviqi bugünkü reallıqlara uyğun deyil. Bu müddət ərzində regionların sosial-iqtisadi inkişafının təşviqilə bağlı ciddi bir iş görülməyib. Bu istiqamətdə layihələr elan və icra edildi. Hazırda 2019-2023-cü illəri əhatə edən 4-cü layihə icra olunur. İndiyə qədər bu yöndə həyata keçirilən layihələr daha çox infrastruktur əsaslı layihələr oldu. Təbii ki, infrastrukturun yaradılması regionun sosial-iqtisadi inkişafı yolunda baza, təməl amillərindən biridir. İnfrastruktur olmalıdır ki, qeyd edilən istiqamətlərdə də inkişaf təmin olunsun. Ona görə də daha çox infrastruktur layihələrinin icrası ilə bağlı yol, kommunal xidmətlərlə təmin edilmə və s. istiqamətlərdə işlər görüldü.
Amma bütün bunlar regionun sosial-iqtisdadi inkişafına, təəssüf ki, gözlənildiyi qədər töhfə verə bilmədi. Təəssüf ki, indiyə kimi bu istiqamətdə əhatəli monitorinq, qiymətləndirmə aparılmayıb. Dövlət proqramlarının icrası, onun effekti ilə bağlı nə hökumət, nə də vətəndaş cəmiyyəti tərəfindən belə bir qiymətləndirmə aparılmayıb. Bu istiqamətlərdə qiymətləndirici meyarlara baxmaqla vəziyyətin nə yerdə olduğunu görmək olar. Regionların sosial-iqtisadi inkişafı üzrə proqramların icra olunduğu dövrdə sürətli urbanizasiya və yerlərdəki əhalinin Bakı və Abşeron yarımadasına köçü baş verdi. Əhali işi və infrastrukturu məhz bu bölgədə tapır. İqtisadiyyatın 75, bəzi illərdə hətta 80 faizi Bakının payına düşür. Digər göstəricilərdə də anoloji mənzərənin şahidi oluruq. Bunu əmanətlərin strukturundan tutmuş, bank kreditləşməsi, sənaye məhsullarının istehsal həcminə qədər bütün sahələrdə müşahidə edirik.
Diversifikasiya, regionlar üzrə ədalətli paylanma aspektindən qiymətləndirdikdə görürük ki, həmin proqramların icrası əslində çox da böyük töhfələr verməyib.
Regionların sosial-iqtisadi inkişafı çərçivəsində ona görə infrastruktur layihələrinə daha geniş önəm verilib ki, adətən bu kimi layihələrdə korrupsiya daha rahat şəkildə ayaq aça bilir, dövlət vəsaitləri mənimsənilir.
Sosial-iqtisadi inkişafı şərtləndirən əsas faktorlar regionlarda biznes mühitinin, sahibkarlığın inkişaf etdirilməsi, bu sahənin təşviqindən ibarətdir. Bununla bağlı müxtəlif layihələr, proqramlar mövcuddur. Bu istiqamətdə qəbul edilən sənədlərin mahiyyəti də regional xarakterli parametrləri özündə əks etdirir. Həmin sənədin mahiyyəti regionlara investisiya qoyuluşunun təşviqi istiqamətindədir. Amma hər hansı bir faktorla regionlarda biznes mühitini inkişaf etdirmək olmaz. Nə qədər ki, icra hakimiyyəti strukturu var, liberal fəaliyyət imkanları məhdudlaşdırılmaqda davam edir, regionların sosial-iqtisadi inkişafı üzrə proqramların effektivliyi də aşağı olacaq. Bəzi regionlarda infrastruktur formalaşdırıldı, amma həmin infrastruktur dəyərə çevrilmədi, iş yerlərinin yaranmasına, ümumi daxili məhsulun artmasına, sahibkarlığın inkişafına, insanların paytaxta doğru təmərgüzləşməsinin qarşısının alınmasına gətirib çıxarmadı”.
Rüfət Sultan