Xəbər lenti

İdman 16:25 06.03.2023

“Neftçi”nin ilk qolunun müəllifi: “Zərbə vurub, üzümü çevirib qayıdırdım, bilirdim ki..."

Azərbaycan Premyer Liqasının 25-ci turu "Neftçi” üçün əlamətdar oldu. "Turan Tovuz”la qarşılaşan paytaxt təmsilçisi Azərbaycan çempionatları tarixində 1500-cü qoluna imza atdı. Həmin qola isə "Ağ-qaralar”ın və millimizin ən önəmi futbolçularından olan Emin Mahmudov müəlliflik etdi. Mahmudovun uzaq məsafədən vurduğu həmin baxımlı qol, əslində, "Neftçi”nin müstəqillik dönəmindən bəri Azərbaycan çempionatlarında ilk qolunun müəllifi olan tanınmış veteran futbolçu Yunis Hüseynovu xatırlatdı. Bakı klubunun əfsanələrin sırasında yer alan Hüseynov, ümumiyyətlə, maraqlı və qol duyumu ilə fərqlənən futbolçulardan biri idi. 

Futbol oynadığı dönəmlərdə xüsusən də uzaq məsafələrdən rəqibləri məyus etməyi sevən, baxımlı ötürmələri ilə də yaddaşlarda iz buraxan Hüseynov Qaynarinfo-ya açıqlamasında 1500 qolun köklü bir klub üçün çox az olduğunu dedi. O, kayerası ərzində vurduğu maraqlı qollardan da danışdı. Hüseynov "Neftçi”dəki ilk qolunu belə xatırlayır:
 
"Cavan idim, 27 yaşım vardı. Azərbaycan çempionatında "dağıdan” vaxtlarım idi (gülür). Sovetin dönəmində Yüksək Dəstədə oynadığım üçün Azərbaycan çempionatı asan gəlirdi. Rəqibimiz Sumqayıtın "Xəzər” komandası idi. Həmin vaxt çox güclənmişdilər. "Neftçi”nin futbolçularının, demək olar, əksəriyyəti - Allahverdi Səfərov, Vaqif Sadıqov, Yaşar müəllim, qapıçı Elxan Həsənov o komandaya getmişdi. Həmin oyuna qapıda Elxan dayanmışdı. 11 metrlik cərimə zərbəsindən fərqləndim. İndiyəcən yadımdadır, topu Elxanın sol tərəfindən qapıya vurmuşdum. Elə həmin oyun 1:0 hesabı ilə bitmişdi. Xoş təəssüratlardır. İndi deyirsiniz ki, "Neftçi” 1500 qol vurub. Mənə elə gəlir, bu illər ərzində 1500 qol "Neftçi” üçün çox azdır. Həmişə ilklərin müəllifi olmaq, əlbəttə, adama xoşdur”.
 


Mütəxəssis sabiq komandasında vurduğu qollardan hansını ən yaxşı kimi qiymətləndirməsi ilə bağlı sualı da cavabladı. O, futbol oynadığı dönəmlərdə xüsusən də uzaq məsafələrdən fərqlənməyi və ötürmələr etməyi sevdiyini bildirdi:

"1992-ci ildə ilk çempionatın birinci dövrəsində oynadım. Sonra İrandan təklif gəldi, getdim. Ancaq orada çox qala bilmədim, qayıdıb ikinci dövrənin sonunda yenə "Neftçi”də oynadım. Birinci dövrədə 29 qol vurub, sonra İrana getmişdim. Azərbaycanda qalsaydım, bəlkə də 50-60 qol vurardım (gülür). 12 oyun ardıcıl qollarım oldu. "Xəzər”lə oyunda ilk dəfə fərqlənmişdim. 12 oyunluq seriya elə həmin komanda ilə növbəti oyunda qırıldı. Ən yaxşı qolumun hansı olduğu yadıma gəlmir. Çünki çox qol vurmuşam. Ümumiyyətlə, qollarımı yadımda saxlamırdım. Amma xoşuma gələn ötürmələrim var. Qol vurmaq deyil, daha çox məhsuldar ötürmə verməyi xoşlayırdım. Ötürməmdən sonra qol vurulanda mənə ləzzət edirdi. Azərbaycan çempionatında müxtəlif, 35, hətta 40 metrdən qollar vurmuşam. O vaxt Yüksək Dəstədə oynamaq çox çətin idi. Səfərdə "Dinamo”ya (Minsk) cərimə zərbəsindən, "Kayrat”a (Almatı) da uzaq məsafədən qol vurduğumu xatırlayıram. Azərbaycan çempionatında bir dəfə mərkəz xəttinin dairəsinin rəqib meydanına tərəf olan hissəsinin yaxınlığından adını xatırlamadığım hansısa komandaya qol vurmuşdum. Sizi inandırım ki, oyun zamanı qapıya zərbə vurub, üzümü çevirib qayıdırdım, bilirdim ki, qol olacaq”.
 

 
Sabiq futbolçu müasir futbolda qol vurmağın daha asan olduğunu dedi:

"İndi qol vurmaq daha asandır. Qapıya zərbə endirmirlər axı. Zərbə endirmək lazımdır. Çempionatın bütün oyunlarını izləyirəm. Elə anlar olur ki, evdə oturub öz-özümə əsəbiləşirəm, futbolçuya qışqırıram ki ”uzaqdan vur də”. Çərçivəyə zərbə endirmirlər. Cinahlardan hücum edib cərimə meydançasının daxilində nisbətən arxaya ötürmə verirlər, 4-5 nəfəri aldadıb sonra qol vururlar. Halbuki, məsələn, 4 zərbə vursan, onlardan 3-ü çərçivəyə getsə, ən azı biri təhlükə yarada bilər. Demirəm ki, bütün zərbələr qol olacaq. Amma zərbə vurmalısan. O vaxt nəinki mən, bütün rəqiblər cərimə meydançasının yaxınlığına çatanda boşluq tapan kimi uzaq məsafədən zərbə endirirdilər. İndi qapıya 10 metr qalmış zərbə vururlar. Demirəm ki, yeri gəldi-gəlmədi zərbə endirməlisən. Amma imkan varsa, vurmaq lazımdır”.
 
 

O, cari mövsümdə Azərbaycan Premyer Liqasında keçirilən oyunlarda vurulmuş hansı qolu bəyəndiyini söylədi: 

"Bu yaxınlarda "Kəpəz”in futbolçusu uzaqdan yaxşı qol vurdu. Səhv etmirəmsə, "Sumqayıt”la oyun idi, topu qapının uzaq küncünə vurdu. Düzdür, küləyin də köməyi oldu, amma futbolçunun qapıçının irəlidə olduğunu görüb, fikirləşib belə qol vurması yaxşı haldır”. 
 


Hüseynov "Neftçi”nin 1500-cü qolunu vuran Mahmudovu da təbrik etdi. O, komandanın "Turan Tovuz”a qarşı oyununu dəyərləndirdi:

"Mahmudovu təbrik edirəm. Bilirsiniz ki, hər dəfə "Neftçi”ni yaxşı oynamadığına görə tənqid edirdim. Amma dünənki oyunda istək, mübarizə var idi. Belə davam etsələr, həqiqətən təriflər olacaq. "Neftçi”nin hər oyunu belə keçirməsini istəyirəm. Meydançada qəzəbli idilər. Bunu görmək istəyirəm. Yaxşı oyunla qələbə qazandılar. "Neftçi”yə belə oyun və qələbə qazanmasını arzu edirəm”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->