
- Cənab prezident! Bir il öncə Nemət Pənahlının atası rəhmətə getdi. O, ölüm yatağında yatarkən bütün səlahiyyətli nümayəndələrə müraciət etdim və Nemət Pənahlıya atası ilə vidalaşmaq üçün imkan yaratmalarını xahiş etdim. Amma Əhəd Pənahlı övlad acısı ilə qovrula-qovrula sönüb getdi.
Daha sonra biz Nemət Pənahlıya heç olmasa atasının cənazəsini yerdən qaldırmaq şəraitinin yaradılması üçün səlahiyyət sahiblərinə üz tutduq. Təəssüf ki, bundan da imtina edildi.
Bu gün Pənahlılar ailəsi eyni sarsıntını yaşayır. Nemət Pənahlının anası ümidsiz bir xəstəlikdən əziyyət çəkir və demək olar, son günlərini yaşayır. Mən heç bir səlahiyyət sahibinə yox, birbaşa Sizə, bu ölkənin rəhbərinə üz tuturam. Sizə üz tuturam və Nemət Pənahlıya anası Sara Pənahlı ilə vidalaşa bilmək üçün şərait yaratmağınızı xahiş edirəm.