Xəbər lenti

Nərimanov məhkəməsində "diffamasiya" QALMAQALI
Ölkə16:42 24.06.2014

Nərimanov məhkəməsində "diffamasiya" QALMAQALI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Jurnalistin bu maddələrlə məhkəməyə verilməsi ifadə azadlığının məhdudlaşdırılmasıdır"
Müğənni Mətanət İskəndərli Nərimanov rayon Məhkəməsinə xüsusi ittham qaydasında müraciət edərək, Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlunun və portalın əməkdaşı İntiqam Valehoğlunun cinayət məsuliyyətinə (Cinayət Məcəlləsi. maddə 147.1) cəlb olunmasını tələb edib. Müğənni hər iki jurnalistin həbs tələbini irəli sürüb.
Məsələ ilə bağlı media eksperti, hüquqşünas Ələsgər Məmmədli Aktual.az-a açıqlamasında bildirib ki, Azərbaycan Avropa Konvensiyasına qoşulduğu üçün jurnalistin bu maddələrlə məhkəməyə verilməsi ifadə azadlığının məhdudlaşdırılmasıdır:
“Məlum məsələdir ki, Azərbaycan Avropa Konvensiyasına qoşulduğu üçün Avropa Şurası qarşısında götürdüyü öhdəliyə əsasən, Cinayət Məcəlləsinin 147-148- ci maddələri ilə jurnalistlərə qarşı məhkəmə çəkişmələri ifadə azadlığının məhdudlaşdırılması kimi təsvir olunur. Böhtan, təhqir olsa belə, jurnalist həbs olunmamalıdır. Hazırda Azərbaycan məhkəmələrində belə hallarda həbs qərarı çıxarılmır”.
Ə. Məmmədli qeyd edir ki, Avropa İnsan Haqları Məhkəməsi 2007 və 2010-cu illərdə Azərbaycana qarşı iki qərar çıxarıb:
“Bu qərarlar Ağazadə Mahmudov və Eynulla Fətullayevin Azərbaycana qarşı məhkəmə qərarlarıdır. Azərbaycan buna görə təzminat ödəyib. 2010-ci ildən sonra Avropa Azərbaycanda böhtan və təhqirə görə cinayət diffamasiyasının tətbiq edilməsinə, qeyri-rəsmi olaraq, qadağa qoyub. Məhkəmələrdə indiki halda buna görə həbs cəzası çıxarılmır. Amma qanunvericilikdə, hüquqi müstəvidə iddialar qaldırıla bilər. Burada hakimlər ən çox həbsə yox, cəriməyə üstünlük verirlər”.