“Netflix”in dünyada böyük auditoriya qazanan “Outer Banks” serialının beşinci və final mövsümündə hadisələrin bir hissəsi Azərbaycanda cərəyan edir. Serialın qəhrəmanları əfsanəvi Mavi Tacın sirrini açmaq üçün Gəncəyə gəlirlər. Ekranda Gəncənin adı çəkilsə də, “Azərbaycan” səhnələrinin əslində Xorvatiyada çəkilməsi, yerli sakinlərin xorvat dilində danışması və Gəncə ətrafında mövcud olmayan sirli gölün göstərilməsi diqqət çəkir.
Qaynarinfo xəbər verir ki, “Netflix”in məşhur macəra serialı “Outer Banks”ın beşinci və son mövsümü 20 avqust 2026-cı ildə yayımlanıb. Final mövsümü 10 seriyadan ibarətdir.
“Netflix”in rəsmi məlumatına görə, yeni mövsümdə “Pogues” adlandırılan dost qrupu – Con B, Sara, Kiara, Poup və Kleo – Mərakeşdə Cey-Ceyin ölümündən sonra həm dostlarının qisasını almağa, həm də itirdikləri Mavi Tacı geri qaytarmağa çalışırlar. Onların qarşısında Çandler Qroff, Daliya və “Corsairs” adlı təhlükəli qrup dayanır.
Serialın Azərbaycanla bağlı əsas hadisələri isə 9-cu seriyada baş verir.
“Arise, Arise” – Azərbaycana missiya
Final mövsümünün 9-cu seriyası “Arise, Arise” adlanır. Seriyanın rəsmi təsvirində də qəhrəmanların Azərbaycana missiyaya yollandığı açıq şəkildə qeyd olunur.
Poup rəqiblərinə qarşı pusqu hazırlayır, Kiara isə “Corsairs” qrupundan əvvəl Mavi Tacı lazımi yerə çatdırmağa və onun ölüləri diriltdiyinə dair əfsanəni sınaqdan keçirməyə çalışır.
Hadisələr Azərbaycanda əsasən Gəncə və onun ətrafı kimi təqdim edilən məkanlarda cərəyan edir.
Serialda qəhrəmanlar Mavi Tacın sirrini açdıqdan sonra onun gücündən istifadə etmək üçün Azərbaycanda yerləşdiyi deyilən xüsusi gölə getməli olduqlarını öyrənirlər. Əfsanəyə əsasən, tac müəyyən astronomik hadisə zamanı həmin məkanda istifadə edilməlidir.
Kiara buna xüsusilə inanır. Çünki onun məqsədi tacın fövqəltəbii gücündən istifadə edərək öldürülmüş Cey-Ceyi həyata qaytarmaqdır.
“Netflix”in final mövsümünün sonluğu ilə bağlı rəsmi izahında həmin məkan birbaşa “Azərbaycandakı peyğəmbərlikdə göstərilən göl” kimi təqdim edilir. Kiara Mavi Tacı “Corsairs”in lideri Finçdən (Finch) götürərək həmin gölə qaçır. Meteor yağışı başlayanda o, tacla bağlı ritualı yerinə yetirərək Cey-Ceyin geri qayıtmasını istəyir.
Lakin Cey-Cey fiziki olaraq həyata qayıtmır. Bunun əvəzinə Kiara onunla bağlı xatirələr görür və nəticədə dostunun ölümünü qəbul etməyə başlayır.
Serialın yaradıcıları Mavi Tacın həqiqətən fövqəltəbii gücə malik olub-olmaması məsələsini isə açıq saxlayıblar.

Gəncə bazarı, yerli qadın və silahlı quldurlar
Azərbaycan epizodunun diqqətçəkən hissələrindən biri “Gəncə bazarı” və onun ətrafında baş verən hadisələrdir.
“Pogues” burada “Corsairs” qrupunun üzvlərindən gizlənməyə və planlarını həyata keçirmək üçün lazım olan vasitələri əldə etməyə çalışır.
Təqib zamanı qəhrəmanlar yerli qadının həyətinə daxil olurlar. Ardınca silahlı “Corsairs” üzvləri də həyətə girirlər.
Qadın Gəncə sakini kimi təqdim olunur və silahlı şəxslərin onun həyətinə daxil olmasına sərt etiraz edir. Dialoq zamanı onların oradan çıxmasını tələb edir, hətta “işğalın bitdiyini” bildirən ifadə işlədir. Bundan sonra silahlı şəxslərdən biri qadına zərbə vurur. Qadının işlətdiyi "işğal bitdi" ifadəsi Ermənistan-Azərbaycan münaqişəsinə eyham təsəvvürü yaratsa da, sözügedən dialoqda hansı konkret işğaldan bəhs edildiyi izah olunmur, “Corsairs” üzvlərinin hər hansı konkret millətin nümayəndələri olduğu göstərilmir. Buna görə də səhnəni Ermənistan-Azərbaycan münaqişəsinə eyham kimi anlamaq üçün əsas yoxdur. Burada mühüm məqam ondan ibarətdir ki, “Outer Banks” sənədli və ya tarixi ekran əsəri deyil.

Personajın rəsmi titrlərdəki adı da onun etnik mənsubiyyətinə dair məlumat vermir. Aktrisa Maqdalena Jivalyiç Tadiçin (Magdalena Živaljić Tadić) canlandırdığı obraz “Ganja Market Resident” – “Gəncə bazarının sakini” kimi göstərilir.
Amma səhnədə başqa maraqlı detal da var - “Gəncə sakini” Azərbaycan dilində deyil, xorvat dilində danışır.
Hətta “Gəncə bazarı”nda görünən bəzi digər yerli personajların da xorvat dilində danışması diqqətdən yayınmır.
Bunun səbəbi çəkiliş məkanına nəzər saldıqda aydın olur.
“Netflix”in “Gəncəsi” əslində Xorvatiyadır
Serialın Azərbaycan hissələrinin real Gəncədə çəkilmədiyi məlum olur.
“Netflix”in çəkiliş məkanları barədə materialında final mövsümünün beynəlxalq çəkilişlərindən bəhs edilir. Xorvatiyanın rəsmi və yerli mənbələri isə beşinci mövsümün böyük çəkilişlərinin Dubrovnik və digər Xorvatiya şəhərlərində aparıldığını təsdiqləyirlər.
“Screen Global Production”ın Xorvatiya üzrə istehsal bələdçisinə görə, “Outer Banks”ın final mövsümünün böyük hissəsi Dubrovnikdə, digər səhnələri isə Split, Trogir, Şibenik və Omişdə çəkilib.
Xorvatiyanın HINA agentliyi hələ 2025-ci ilin oktyabrında çəkilişlərin Dubrovnikin tarixi mərkəzində aparıldığını xəbər vermişdi. Stradun küçəsi, Müqəddəs Blez kilsəsinin qarşısı və Sponza sarayının ətrafı çəkiliş meydançasına çevrilmişdi.

Gəncədəki körpü Omişdədir
Ən maraqlı dəyişikliklərdən biri Gəncədə olduğu göstərilən körpüdür.
9-cu seriyanın Azərbaycan səhnələrinin çəkiliş yerlərini araşdıran “Shipped Away” nəşri müəyyən edib ki, ekranda Gəncə ərazisində göstərilən körpü əslində Xorvatiyanın Omiş şəhərindəki “Most Cetina” körpüsüdür.
Hətta körpünün serialda daha köhnə və yararsız görünməsi üçün kompüter qrafikasından – CGI texnologiyasından istifadə edilib.
Xorvatiyanın “Slobodna Dalmacija” nəşri çəkilişlər zamanı həmin ərazidən fotolar da yayımlayıb. Nəşr “Outer Banks”ın final mövsümü üçün Omiş və Çetina (Cetina) çayı ətrafında avtomobilin körpüdən düşdüyü böyük aksiya səhnəsinin çəkildiyini yazıb. Çəkilişlərə görə bəzi yolların müvəqqəti bağlanması da tələb olunub.
“Gəncə bazarı” da Gəncədə deyil
Araşdırmalara görə, Azərbaycan kimi təqdim edilən səhnələrin böyük hissəsi Omiş ətrafında, bir qismi isə Splitin tarixi mərkəzindəki Diokletian sarayı ərazisində çəkilib.
Finaldakı “Azərbaycan gölü” səhnələri üçün isə Dubrovnik yaxınlığındakı Lokrum adasından istifadə olunub.
Beləliklə, tamaşaçının ekranda vahid Gəncə və onun ətrafı kimi gördüyü coğrafiya əslində Xorvatiyanın müxtəlif bölgələrində çəkilmiş səhnələrin montajı ilə yaradılıb.
Dubrovnik şəhər rəhbərliyi də serialın final mövsümünün çəkilişlərinin 2025-ci ilin oktyabrında şəhərdə başladığını və Dubrovnikin tarixi mərkəzi, Stradun, şəhər divarları, Yezuit pilləkənləri (Jesuit Stairs), Src dağı (Srđ) və Lokrum adası kimi məkanlardan istifadə edildiyini açıqlayıb.

Gəncənin yaxınlığında sirli göl
Serialın Azərbaycan təsvirində daha bir bədii detal Gəncə yaxınlığında yerləşdiyi göstərilən sirli göldür.
Məhz həmin göl Mavi Tac əfsanəsinin son nöqtəsi kimi təqdim edilir. Kiara meteor yağışı zamanı tacı buraya gətirərək Cey-Ceyi həyata qaytarmağa çalışır.
“Netflix” də finalın rəsmi izahında həmin yeri “Azərbaycandakı peyğəmbərlikdə göstərilən göl” adlandırır.
Ancaq bu, real Gəncə coğrafiyasını göstərmək məqsədi daşıyan sənədli təsvir deyil. Bu, serial üçün yaradılmış bədii-mistik məkandır və həmin səhnələr də Azərbaycanda deyil, Xorvatiyada lentə alınıb.
Azərbaycan tamaşaçısının diqqətindən yayınmayan detal
Maraqlıdır ki, xarici tamaşaçılar da Azərbaycan səhnələrindəki uyğunsuzluqları görüblər.
“Outer Banks”ın “Reddit” icmasında 9-cu seriya yayımlandıqdan sonra ayrıca Azərbaycan mövzusu açılıb. İzləyicilər Gəncə kimi göstərilən ərazilərin Xorvatiya olduğunu, personajların Azərbaycanda xorvat dilində danışmasını və körpünün Omişdə yerləşdiyini müzakirə ediblər.
İzləyicilərdən biri “Gəncə sakini” olan qadının xorvat dilində danışdığını eşidəndə səhnəni saxladığını və buna təəccübləndiyini yazıb. Digər istifadəçilər “göl” kimi göstərilən məkanın da əslində Xorvatiyadakı çəkiliş yeri olduğunu qeyd ediblər.
Azərbaycan final mövsümündə mühüm yer tutur
Bütün bu coğrafi və dil uyğunsuzluqlarına baxmayaraq, Azərbaycan “Outer Banks”ın final mövsümündə sadəcə təsadüfi fon kimi istifadə edilməyib.
Əksinə, serialın illərdir davam edən xəzinə macərasının ən mühüm mərhələlərindən biri məhz Azərbaycanda və Gəncədə baş verir.
“Pogues” Mavi Tacın ardınca Azərbaycana gəlir, burada “Corsairs” ilə qarşıdurmaya girir, Gəncədə pusqu qurur və Kiara nəhayət, tacın əfsanəvi gücünü Azərbaycanda sınayır.
Final mövsümünün 9-cu seriyasının rəsmi təsvirində də Azərbaycanın adı xüsusi olaraq çəkilir.
“Outer Banks”ın beşinci mövsümü eyni zamanda serialın son mövsümüdür. “Netflix”in məlumatına görə, 20 avqust 2026-cı ildə yayımlanan mövsüm 10 seriyadan ibarətdir.
Beləliklə, “Netflix” Azərbaycanı real coğrafiyasını olduğu kimi göstərmək məqsədilə deyil, Mavi Tac ətrafında qurulan macəra və mistik süjetin məkanı kimi seçib. Gəncə adı serialda realdır, amma tamaşaçının gördüyü “Gəncə”nin küçələri, bazarı, körpüsü və sirli gölü böyük ölçüdə Xorvatiyadakı çəkiliş məkanlarından və bədii əlavələrdən yaradılıb.
Şərhlər