Xəbər lenti

Nəzərdə tutulan ödəniş məbləği büdcəyə təsirsiz ötüşəcək - Ekspert
Ekonomiks13:30 06.11.2020

Nəzərdə tutulan ödəniş məbləği büdcəyə təsirsiz ötüşəcək - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İstər mikrosahibkarlara, istərsə də işsiz vətəndaşlar üçün verilən məbləğ çox da böyük olmayacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında tətbiq edilən sərt karantin tədbirlərindən danışarkən deyib. Ekspert qeyd edib ki, sözügedən şəhər və rayonlarla bağlı nəzərdə tutulan məbləğ büdcəyə təsirsiz ötüşəcək:

"Əslində bu, böyük həcmdə maliyyə vəsaiti deyil. Çünki qərarda sərt karantin qaydası 10 bölgəyə nəzərdə tutulub. Aprel-may aylarında bu qərar 600 min insana həvalə edilirdi. Sonradan isə bu rəqəmdə 284 minə kimi azalma olmuşdu. İndi bu rəqəm daha da aşağı olacaq. Göründüyü kimi, qərarda böyük bölgə - Bakı və Sumqayıt, Abşeron əhatə olunmayıb. Ona görə də 10 bölgə ilə bağlı böyük maliyyə vəsaitinin verilməsinə ehtiyac olmayacaq. Çox güman ki, büdcədə bu vəsaitlərin ödənilməsi üçün ehtiyat fondunda maliyyə var. Düşünürəm ki, Nazirlər Kabinetinin ehtiyat fondundan ödənişlər olacaq. Mikrosahibkarlıqla bağlı nəzərdə tutulan məbləğin özü çox da böyük olmayacaq. Amma əhatə dairəsi bir neçə min insanı əhatə edəcək”.

Natiq Cəfərli bildirib ki, qərarda göstərilən ödənişlərin ödənilməsinə büdcənin kifayət qədər imkanları var:

"Ümumilikdə götürəndə həm torpaqların işğaldan azad edilməsi, həm də pandemiyadan yaranan problemlər büdcənin üzərinə əlavə yüklər gətirdi. Ona görə də büdcənin kəsir hissəsi son illərin ən yüksək həddinə çatıb. Gələn il daha böyük xərcləmələr olacaq. Ona görə büdcənin Milli Məclisə təqdim olunması Nazirlər Kabineti, Maliyyə Nazirliyi tərəfindən yubadılır”.

 

Natiq Cəfərli qeyd edib ki, gələn il işğaldan azad olunan torpaqlarda infrastrukturun qurulması və təhlükəsizlik tədbirlərinin görülməsi də əlavə xərclərdir:

"Çox güman ki, gələn ilin təsdiq olunan dövlət büdcəsində maliyyə yükü daha da artıq olacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində sərt karantin qaydalarının tətbiq olunması ilə bağlı qərar verib. Qərara görə, adı gedən rayonlarda muzdlu işçilərin əmək haqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək. Bundan əlavə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.

Bahar Rüstəmli