
NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvləri barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmənin bu günə təyin olunan ilkin baxış iclası təxirə salınıb.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təsirləndirilən şəxslərin vəkili Elçin Sadıqovun prosesdə iştirak etmədiyi bildirilib və məhkəmənin onun iştirakı ilə keçirilməsinin zəruriliyi qeyd edilib. Proses iyunun 27-də keçiriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin III kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb.
Eyni zamanda 1995-ci il təvəllüdlü, Odlar Yurdu Universitetinin III kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd “Molotov kokteyli”, 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb.
1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin III kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində “Təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.
Qaynar.info