Xəbər lenti

Novruz bayramında bölgələrdəki otellərin qiyməti
Ölkə 17:27 19.02.2025

Novruz bayramında bölgələrdəki otellərin qiyməti "kəllə-çarxa" çıxacaq

Mart ayında Azərbaycanda 12 günlük - uzun bayram tətili gözlənilir. Hər il yüzlərlə insan bu tətili fürsət bilib istirahət planları qurur. Lakin son illər vəziyyət bir qədər fərqlidir.

Quru sərhədlərin hələ də bağlı olması xarici ölkələrə səyahət imkanlarının məhdudlaşmasına, yerli turistlərin əsasən ölkədaxili istirahət məkanlarına üz tutmasına səbəb olur. Bu isə otellərin doluluq səviyyəsini artırır və qiymət artımı isə qaşılmaz olur...

Ötən illərin təcrübələri göstərir ki, bayram günlərində, xüsusilə də uzunmüddətli tətillərdə otel qiymətləri adi günlərlə müqayisədə xeyli artır.

Bəs görəsən, Novruz bayramında vəziyyət necə olacaq? Qiymətlər nə qədər bahalaşacaq? Turistlər bu vəziyyətdə nə etməlidir?

Qaynarinfo xəbər verir ki, BAKU.WS-in əməkdaşı sözügedən məsələ ilə əlaqədar araşdırma apardı. Ölkəmizin kurort zonalarında yerləşən qabaqcıl otellərdən topladığımız məlumatlar belədir:

Şahdağ 

Hazırda qış olduğunu nəzərə alsaq, bura qar turizmi baxımdan ölkənin ən ideal məkanlarından sayılır. Şahdağda yerləşən otellərdən birində 2 nəfərlik standart otağın 1 gecəlik qiyməti həftəiçi 180 manatdan başlayaraq təklif edilir. Həmin ərazidə yerləşən başqa bir oteldə isə bu günlük eyni xidmətin qiyməti 400 manatdır. Lakin hər iki otel bayram günlərində qiymətlərin artacağını istisna etmir.

"Hazırda bizdə qiymətlər dəyişir. Məsələn, iş günləri standart 2 nəfərlik otağın qiyməti 180 manatdırsa, həftəsonu və beşinci günü bu məbləğ 210 manatdan başlayır. Bayramda - yəni 1 ay sonra qiymətlər 250 AZN olaraq dəyişəcək".

Quba 

Qubada yerləşən lüks otellərdən birində standart 2 nəfərlik otağın 1 gecə üçün hazırkı qiyməti 215 manatdır. Lakin bayram gününə indidən rezervasiya etmək istədikdə qiymət 275 manat olaraq dəyişir. 

Qubanın bir digər gəzməli-görməli yerində məskən tutan lüks oteldə isə hazırda 1 gecəlik 2 nəfərlik standart otağın xərci mənzərəyə görə dəyişir. Məsələn, əgər otağınız göl mənzərəli olacaqsa məbləğ 170, dağ mənzərəli olacaqsa 140 manatdır. Müştərilər həmin otelin eyni otaqlarını bayram günləri 250-280 AZN-dən başlayan qiymətlərlə bron edə biləcək. 

Lənkəran

Lənkəranın dağ mənzərəli otellərindən birində bugünkü rezervasiya qiyməti 2 nəfərlik standart otaq üçün 140 manatdırsa, bu məbləğ bir ay sonra - mart ayının 21-dən etibarən 400-500 manat olacaq.

"Martın 21-i oteldə bir gecəlik standart otaqda qonaqlama 500, 22-si isə 400 manat olacaq", - deyə otelin əməkdaşı bildirir.

İsmayıllı

İsmayıllıda yerləşən otellərdə də vəziyyət digərlərindən fərqlənmir. Belə ki, bayramda bu bölgədə yerləşən otellərə üz tutanlar iş günləri ilə müqayisədə bir qədər "tərləməli" olacaqlar. Hazırkı qiymət standart 2 nəfərlik otaqda 150 AZN-dirsə, bayramda otel eyni otağın qiymətini 50%-dən çox qaldıraraq 360 manat edəcək.

Şəki

Tarixi küçələri, abidələri ilə gözoxşayan Şəkimizin ən lüks otellərindən birində hazırkı rezervasiya məbləği 140-160 manat arasıdır. Bu qiymət bayram günlərində bir qədər dəyişsə də, insafən deyək ki digərləri arasında bir az münasibdir. Bayram günləri Şəkiyə üz tutsanız otelin 1 gecəlik 2 nəfərlik standart otağı 230-250 AZN arası xidmət göstərəcək.

Uzunmüddətli tətil və daxili turizmə artan maraq fonunda deyə bilərik ki, orta səviyyəli otellərdə qiymətlərin 40-60% arasında bahalaşması gözlənilir. Lüks və beş ulduzlu otellərdə isə artım 70-100%-ə çata bilər. Bundan başqa, populyar turizm bölgələrində otel yerlərinin tez dolması ehtimalı yüksəkdir.   Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Bununla da Novruz tətili 11 gün davam edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->