Xəbər lenti

O`Braynın səfəri gərginləşən münasibətlərə necə təsir edəcək? (ŞƏRH)
Siyasət 12:52 05.12.2023

O`Braynın səfəri gərginləşən münasibətlərə necə təsir edəcək? (ŞƏRH)

"O`Braynın Bakı səfəri ABŞ-la Azərbaycan arasında münasibətlərdə yaranan gərgin müstəvini dəyişməyə xidmət edir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ-ın dövlət katibi Entoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Bakıya olacaq səfərini şərh edərkən deyib.

Natiq Mirinin sözlərinə görə, ABŞ xarici siyasətdə əvvəlcə səhvə yol verir, sonra da onu düzəltmək üçün hərəkətə keçir:

"Onun bəzən bilərəkdən etdiyi bu səhvlər təzyiq xarakteri daşıyır. Ancaq etdiyi təzyiqlər işə yaramayan kimi, dərhal münasibətləri tənzimləməyə çalışırlar. Azərbaycan Cənubi Qafqazın strateji ölkəsidir. Ona görə də Vaşinqton ölkəmizlə münasibətləri tənzimləməkdə maraqlıdır. 



ABŞ həmçinin sülh prosesində öz geosiyasi maraqlarını təmin etmək istəyir. Bir tərəfdən sülh müqaviləsinin imzalanmasında irəliləyişə, başqa bir tərəfdə kommunikasiyaların açılması prosesində Zəngəzur dəhlizinin açılmasının təmin edilməsi və ona özünün nəzarətini təmin etmək istəyir. Əlbəttə ki, yeni kommunikasiya sistemi açıldığı halda, ABŞ onun öz istədiyi formada həyata keçirilməsində maraqlıdır. Bakıdan da bu yöndə konkret qərar verməyi tələb edir. Bu da ondan ibarətdir ki, yeni kommunikasiya sistemi açılarsa, o Çindən deyil, Mərkəzi Asiyadan başlasın. Bununla da Qərb Çinin "bir kəmər, bir yol” layihəsinin aradan qaldırılmasına çalışır. Vaşinqton Zəngəzur dəhlizinə özünün nəzarətilə Rusiya və İranı da oyundan çəxarmaq istəyir”. 
 
Ekspertin fikrincə, bütün bunlar "ilanı Azərbaycan əlilə tutmağa" xidmət edir ki, bu da dolayısı ilə ölkəmizi odun içinə atmaqdır:

"Azərbaycan bu cür çarpaz atəşin ortasında qalmamaq üçün Naxçıvanla birləşəcək yolun İran üzərindən keçməsinə razılıq verib. Bakıya gələn O`Brayn təkliflərində yuxarıda qeyd etdiyim istəklər öz əksini tapacaq. Amma Azərbaycan onunla razı olmayacaq".

Qeyd edək ki, ABŞ-nin dövlət katibi Entoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn dekabrın 6-da Bakıya gələcək. Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, O'Brayn Bakıda Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədilə Azərbaycanın vəzifəli şəxsləri ilə görüşəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->