Dünya 19:00 11.11.2023

Şolts Aİ-ni Ukrayna, Moldova və Gürcüstana üzvlük islahatlarında kömək etməyə çağırdı

Avropa İttifaqı (Aİ) siyasi birliyə daxil olmaq üçün zəruri islahatlarla Ukrayna, Moldova və Gürcüstanı dəstəkləməlidir. 

Qaynarinfo xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

"Biz sülh və sabitliyi reallığa çevirməliyik. Eyni zamanda, biz Avropa İttifaqına daxil olmaq üçün zəruri olan islahatların aparılmasında hər kəsə dəstək olmalıyıq. Bu, Moldova, Ukrayna və Gürcüstana da aiddir", deyə Şolts bildirib.

O, həmçinin bir daha vurğulayıb ki, Avropa İttifaqı lazım olduğu müddətdə Kiyevə dəstək verməyi planlaşdırır.

Noyabrın 8-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağı tövsiyə edib. Müvafiq tövsiyə Kiyev və Kişinyov tərəfindən islahat məqsədlərinin həyata keçirilməsində irəliləyişlərin qiymətləndirilməsindən sonra verilib. Xüsusilə, Ukrayna dövlətindən korrupsiyaya qarşı mübarizəni davam etdirmək və milli azlıqların hüquqlarını qorumaq tələb olunur.

AK həmçinin şərtlərin yerinə yetirilməsi şərti ilə Gürcüstana Aİ-yə namizəd statusunun verilməsini tövsiyə edib. Avropa Komissiyasının qeyd etdiyi tələblər arasında Gürcüstanın hərəkətlərinin Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunluğunun artırılması şərti də var.

Aydın