
Azərbaycan ordusunda bir neçə əsgərin naməlum şəraitdə ölümü hələ də müzakirə olunur. Çünki ölüm hadisələri çox müəmmalıdır və hələ də araşdırmaların nəticəsi bəlli deyil. Ordudakı əsgər ölümləri sabiq nazir Səfər Əbiyevdən sonra da davam etməkdədir.
Yeni nazirin gəlişi də heç nəyi dəyişmədi. Ölən və ya öldürülən əsgərlərin valideynləri fəryad edir, kömək istəyirlər. Çünki övladlarının ölüm səbəbləri onlardan ya gizlədilir, ya da yaxşı araşdırılmır.
Belə ki, 2013-cü ildə dekabrın 10-dan 11-nə keçən gecə Naftalan rayonunda yerləşən N saylı hərbi hissədə əsgər Orxan Alıyev müəmmalı şəkildə dünyasını dəyişmişdi. Hərbi tibbi ekspertiza əsgərin yataqdan durmadığını, onun hipertrafik kardiomiopatiyadan öldüyü rəyini verib. Əsgərin ailəsi tibbi ekspertizaya inanmır, övladlarının öldürüldüyünü deyir.
Oktyabrın 23-də əsgər Orxan Alıyevin valideynləri Prezident Administrasiyası qarşısında aksiya keçiriblər.
Orxan Alıyevin atası Şirazi Alıyev musavat.com-a açıqlamasında bildirib ki, uzun müddətdən bəri hər bir dövlət orqanına müraciət edib. Heç birindən də fayda görməyib: “Bu gün mənim Prezident Administrasiyasına gəlməyimin səbəbləri var. Məcburam. Getmədiyim, müraciət etmədiyim yer qalmayıb. Hərbi Prokurorluq işə qeyri-ciddi yanaşır. Zakir Qaralovun əmrini yerinə yetirmirlər”.
“Bu məsələdə ya yüksək vəzifəli bir məmurun qohumu var, ya da lazımı şəxslərə böyük məbləğdə pullar verilib”
Şirazi Alıyevin sözlərinə görə, oğlunun qətlə yetirilməsi ilə bağlı bütün dəlil və sübutlar var: “Əlimdə hər bir sənəd var. Şahidlərin səs yazıları, danışıqlarının nüsxəsi var. Bunları istintaqa təqdim etməyimə baxmayaraq, onlar bu məsələni araşdırmayıblar. İşə xitam veriblər. Bu işdə şahid olanlardan biri məktəbli bir qızdır. Müstəntiq onu ailəsindən xəbərsiz dindirib. Hətta ona təzyiqlər edilib ki, danışmasın. Əks halda, onun üçün yaxşı olmayacaq. Mən əminəm ki, mənim oğlumu öldürüblər. Bu məsələdə ya yüksək vəzifəli bir məmurun qohumu var, ya da lazımı şəxslərə böyük məbləğdə pullar verilib. Çünki məsələ bir yolla ört-basdır edilir.
Mənim oğlum xidmət etdiyi müddət ərzində, həmin hərbi hissədə məndən rüşvət alıblar. Oğlumun yerini dəyişməmək üçün hərbi hissə komandiri məndən 800 manat pul alıb. Oğlumun təhlükəsizliyi üçün isə bölük komandiri Ayaz Baxışov məndən 300 manat pul alıb. Bütün bu sözlərimin sübutu var. Məndə bütün dəlillər var və mən bunları istintaqa təqdim etmişəm. Bu ölkədə qanun var, amma kağız üzərində... Əgər elə olmasaydı, mənim oğlumun qatillər tapılardı. Araşdırma getmir. Bizi inandıracaq heç nə yoxdur. 30-a yaxın insan bu məsələyə görə dindirilməli idi. Amma heç biri dindirilməyib.
“Tapşırıq verdi ki, bizi qarşılasın və məsələyə ciddi yanaşsın”
Bu gün Prezident Administrasiyasında Fuad Ələsgərovla görüşməli idik. Amma son anda onunla yox, müavini ilə görüşdük. Mənsurov soyadlı şəxs bizi qəbul elədi və Baş prokurorun müavini Xanlar Vəliyevlə telefon bağlantısı yaratdı. Tapşırıq verdi ki, bizi qarşılasın və məsələyə ciddi yanaşsın. O da bizi qəbul edəcəyini dedi.
Amma bizə qarşı kobudluq da edildi. Qapıda dayanan polis əməkdaşı bizi təhqir etdi. Vətəndaş şikayət üçün Prezident Administrasiyasına gəlir, orada dayanan polis isə onları təhqir edir. Bu hansı qanuna sığır? Bu nə olan şeydir?” (musavat.com)
Qaynar.info




