Xəbər lenti

OPEC-in qərarsızlığı manata necə təsir edəcək? - ŞƏRH
Ekonomiks09:46 18.04.2016

OPEC-in qərarsızlığı manata necə təsir edəcək? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu toplantı sübut etdi ki, OPEC-in neft bazarına təsir imkanları tükənib. Ona görə də gələcəkdə də OPEC-dən asılı bazar gözləntisinin yaranmasını müşahidə etməyəcəyik".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli neft hasil edən ölkələrin aprelin 17-də Qətərin paytaxtı Dohada baş tutan görüşün nəticələrini şərh edərkən deyib.
Natiq Cəfərli bildirib ki, OPEC-də toplaşan dövlətlərin hərəsini öz bazar maraqları var: "Məhz bazar maraqları belə bir böyük anlaşmanın reallaşmasını nəzəri cəhətdən mümkünsüz edirdi. Bu da baş verdi. Bu toplantının neftin qiymətinə dərhal təsir etməsi gözlənilən idi. Çox güman ki, neftin qiyməti uzun müddət ucuzlaşmağa başlıyacaq. 30-40 dollar arasında dəyişəcək. Çünki ABŞ valyutası ilə bağlı qərarlar neftin qiymətini 40 dollardan yuxarı çəkməyə nail olmuşdu. Yenidən əvvəlki aylarda olan koridora - 30-40 dollar arasında enməsi ehtimalı var. Gələcəkdə neft bazarı makroiqtisadi və fundamental göstəricilərə reaksiya verəcək. Yəni ölkələrdə hasilatın miqdarına, dünyada neft istehlakının artması və ya azlması faktoruna reaksiya verəcək. İran, Liviya, İraq kimi ölkələr hasilatı artırsa və ABŞ-da hasilat tempinin artımını müşahidə etsək, yenidən neftin qiymətinin hətta 30 dollardan aşağı düşməsi ehtimalı da var. Hələlik yaxın həftələrdə neftin qiymətinin 30-40 dollar arasında azalma və artmalarla dəyişəcəyi gözlənilir".
Ekspertin fikrincə, bu toplantı həm də onu sübut etdi ki, OPEC neft bazarına təsir imkanları tükənib: "OPEC ölkələrinin öz maraqları var. Bundan əlavə OPEC-in bir nəzarət mexanizmi yoxdur ki, qəbul edilmiş qərarlara sərt nəzarəti həyata keçirsin. Ona görə də  gələcəkdə də OPEC-dən asılı bazar gözləntisinin yaranmasını müşahidə etməyəcəyik".
Natiq Cəfərli bildirir ki, neftin qiyməti nə qədər çox aşağı düşəcəksə, valyuta gəlirlərimiz bir o qədər azalacaq: "Manata basqıları davamlı şəkildə görünəcək. Bir məsələ də var ki, indiki şəraitdə söhbət tək dollar qıtlığından və ölkəyə gələn valyuta azlığından getmir. Həm də manat qıtlığı yaşanır. Mərkəzi Bank çox sərt monitar siyasəti - pul qıtlığı siyasətini həyata keçirir. Manatın dövriyəsini xeyli dərəcədə azaldıb. Bu da iqtisadi aktivliyə mənfi təsir göstərir. Dolların məzənnəsinin müəyyən dərəcədə sabitləşməsinə imkan yaratsa da, iqtisadi aktivliyi kəskin şəkildə aşağı salıb. Bu da işsizliyin artmasına və insanların gəlirlərinin azalmasına səbəb olur. Banklar kreditləşməni dayandırıb. Ona görə hökümət də, Mərkəzi Bank da dilemma qarşısında qalıb. Hökumət iqtisadi aktivliyi artırmaq, iş yerləri yaratmaq istiyirsə, manat kütləsini və dövriyəsini artırmalıdır. Manatın dövriyəsi artacaqsa, məzənnəyə təsir edəcək. Dollar bahalaşacaq. Buna görə də hökümət seçim qarşısındadır. Bunların qarşısını almaq üçün isə təəssüf ki, hökümətin böhran proqramını hələ görməmişik".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az