
Ətir və ya parfumeriya sahəsi gəncləri ən çox maraqlandıran sahələrdən biridir. Çoxumuz yəqin ki, Patrik Zuskindin “Parfümer” əsərini oxumuşuq və ya filminə baxmışıq. Mütəxəssislərin fikrincə, əsərin bu qədər çox yayılmasının səbəb onun adıdır.
Azərbaycanda ətir sahəsi son bir neçə ildə daha da inkişaf etməyə başlayıb. Digər tərəfdən, ölkədə son dövrlər gözə çarpan məsələlərdən biri də internet mağazaların artımasıdır. Qaynar.info-nun “Biznes lanç” rubrikasının “Villa Pizza” restoranındakı budəfəki qonağı həm ətriyyat sahəsində, həm də elektron satışı sahəsində müəyyən uğur əldə edən “Parfumshop” internet mağazasının sahibi Rövşən Məmmədovdur.“Villa Pizza”ya çatanda müsahibimlə razılaşdığımız vaxta hələ 5 dəqiqə qalırdı. Gözlədim, ancaq vaxt tamam olsa da, müshaibim görünmürdü. O, təqribən 15 dəqiqə sonra gəlib çıxdı.
- Azərbaycanda ən böyük elektron ətir mağazasına rəhbərlik edirsiz. Bu sektora necə gəldiniz?
- 1998-ci ildən artıq ətir sektorunda var idim. 2000-ci ildə qərara gəldim ki, bir mağaza açım. Mağaza deyəndə balaca bir yer idi. Təxminən 1 kvadratmetrlik mağaza. 4 il burada işləyəndən sonra həmin balaca yer oldu 80 kv m-lik mağaza. 2006-ci il yanvarın 15-də mağazanın yerini dəyişdik. Artıq icarə yox, şəxsi mağaza açdıq. Ancaq həmin mağaza ara küçələrdən birində idi. Şəhərdə getdikcə tıxacların artması müştərilərin mağazaya gəlməsində problemlər yaradırdı. Artıq müştərilər özləri bizi vadar etdilər ki, internet-mağaza açaq. Necə vadar elədilər onu da izah edim. Məsələn, daimi müştərilərimiz var idi, nömrələrimizi bilirdilər. Zəng edib deyirdilər ki, taksi ilə filan yerə göndərin ordan götürək. Belə hallar tez-tez baş verirdi. Ona görə də 2011-ci il aprelin 11-də qərara aldıq ki, internet-mağaza açaq. Bu qayda ilə mağaza böyüməyə başladı.
- 2011-ci ildə ölkədə internet vasitəsi ilə alış-veriş bu qədər inkişaf etməmişdi...
- Bizdə online sifariş qəbul etmək forması da var. Müştəri sayta daxil olur, sevdiyi məhsulu seçir, atır səbətə. Adını, soyadını, əlaqə nömrəsini və ünvanını yazır, biz məhsulu müştəriyə çatdırırıq. Digər internet mağazalara nisbətən, hər şeyi rahatlaşdırdıq, özümüzü qoyduq müştərilərin yerinə və onlar kimi düşünməyə başladıq. Necə edək ki, müştəriyə rahat olsun. Məsələn, mən bir ətir almaq istəyirəm, sayta girib qeydiyyatdan keçim, şifrəni yadda saxlayım, sabah başqa bir internet mağazadan ayaqqabı almaq istəyirəm, yenə şifrəni yadda saxlayım. Bu istehlakçını yorur. Biz bunları etmədik. Müştəri sadəcə adını, soyadını və ünvanını yazır, biz çatdırırıq. Ancaq yenə də daha çox sifariş zənglər vasitəsi ilə olur. Bizimkilər istəyir ki, insan görsün, kompyuterlə, robotla iş görmək istəmir. Səs eşitmək istəyirlər ki, həqiqətən də, insanla danışırlar. Bu onlar üçün daha inandırıcıdır. Bir zamanlar yeni müştərilərimizin 70 faizi zəng edib bu sualı verirdi: “Sizdə saxta ətirlərdir ya orijinal?”. Bu sual vadar etdi ki, videorolik çəkək. Həmin videorolikdə saxta ətirlə orijinal ətri necə ayırmaq olar sualına cavab var. Bundan sonra suallar azalmağa başladı. Ümumiyyətlə, bu bazarda belə problemlər çoxdur. Lap dünya bazarında qırmızı rəngdə ətir sifariş edirsən, sarı rəng gəlir, balaca gəlir, saxta məhsul olur.
- İnsanları ətir məsələsində ən çox narahat edən sual, bəlkə də, budur: Saxta ətirlə orijinal ətri necə ayırmaq olar? Bunun sadə üsulları varmı?
- Bunu ayırmaq üçün ən sadə yol, ətirləri bizdən sifariş etməkdir (gülür). Təbii ki, bu, zarafat idi. Fərqi yoxdur hardan alırsız, alın, orijinal olmasını bilmək üçün ən sadə yol ətirin üstündəki sellofan paketin kip olmasına diqqət etməkdir. İstehsalçılar bu nüansa xüsusi diqqət edirlər. Orijinal ətirlərdə qablaşdırma çox səliqəli olur. Çox az hallarda ərəb markalarında bu nüansa fikir verilmir. Bütün tanınmış markaların ətirində sellofan qutunun üstünə sıx oturur. Bundan başqa, orijinal ətirlərdə şüşə şəffaf olmalıdır. Amma Türkiyə və ya Çin istehsalı olan ətirlərdə şüşə bulanıq olur, şəffaf olmur, yazılar bir-birinə qarışır. Bir məsələ də var ki, ştrix kodlarının olmasına aldanmaq olmaz. Ştrix kodları saxta yolla elə çap edirlər ki, ayırmaq olmur. Bir məsələyə də diqqət etmək lazımdır ki, saxta ətirlərin demək olar ki, 30 ml qramlıq qablaşdırılması olmur. Bu onlara sərf etmir. Əsasən 50 ml və 100 ml qablaşdırmada olur. Siz mağazanın saxta və ya orijinal ətir satdığını dəqiqləşdirmək istəyirsizsə, maraqlandığınız ətrin 30 ml qablaşdırmasının olub - olmadığını soruşun. Saxtadırsa, olmayacaq.
- Qanunverciliyə görə ölkəyə gətirilən məhsulların üzərində Azərbaycan dilində məlumatlar yazılmalıdır. Ətir sahəsində bu nüans qorunurmu?
- Ətirlərin üzərində Azərbaycan dilində hələ ki, məlumatlar olmur.
- Zəng mərkəzləri olan şirkətlər istehlakçıların bəzən vaxt keçirmək və ya zənglərə cavab verən şəxslə zarafat etmək istədiklərindən şikayətlənirlər. Siz də belə problemlərlə qarşılaşırsız?
- Şirkəti ilk yaratdığımız zamanlarda belə hallar çox olurdu. İndi, demək olar ki, yoxdur. Daha çox zəng edib məsləhət almaq istəyirlər. Məhsulu saytda görürlər və zəng edib onun haqqında məlumat alırlar. Bundan başqa, daha çox suallar olur ki, bölgələrə çatdırma necədir, mümkündürmü? İnsanlarda bir zamanlar inamsızlıq var idi. İnanmırdılar ki, sifariş yerinə yetiriləcək. Ancaq indi hələ sifariş deyilən yerə çatdırılmamış, bir çoxları internet vasitəsi ilə ödəniş edir. Yəni son dövrlər nəğdsiz ödəmə daha çox inkişaf edir. Biz hər şeyi bir dəfəyə etmədik, tələbata uyğun davranmağı üstün tutduq. İnternet-mağaza açırıq deyə dərhal “call center” yaratmadıq. Əvvəl adi telefonla işlədik, sonra qısa nömrə, 2 xətt, 3 xətt və hazırda 6 xəttimiz fəaliyyət göstərir. Artıq elə bir sistem qurmuşuq ki, müştərinin bir neçə dəfə zəng etməsinə ehtiyac yoxdur. Sadəcə ünvanını deyir, o da olmasa mobil nömrəsini deməsi kifayətdir. Biz onun ünvanına məhsulu çatdırırıq. Mobil nömrəni daxil etdikdə sistemimiz imkan verir ki, biz müştərinin bütün baza məlumatlarını görə bilək.
- Sizin üçün şirkətini özünün tanıtımı daha önəmlidir, yoxsa məhsulların tanıtımı və onların satışının artırılması?
- Bu suala Anar cavab versə daha yaxşı olar (Anar Əsgər – Parfumshop-un marketinq direktoru)
Anar Əsgər: Əslində hər ikisi önəmlidir. Ümumilikdə şirkətlərin marketinqi göstərdikləri xidmətdən asılıdır. Məsələn, hansısa kampaniaya keçirdirik, onun nəticəsini müştərilərdən daxil olan müraciətlərə əsasən müəyyənləşdiririk. Biz hər ikisini addım-addım edirik. Hansısa bir dövr ərzində aqressiv marketinq edə bilərik. Bundan sonra çoxlu sifarişlər gələ bilər, amma, eyni zamanda, şirkətin potensialı bütün müştərilərə yüksək xidmət göstərmək gücündə olmaya bilər. Daşıyıcıların sayı kifayət qədər olmaz ki, bütün sifarişləri yerinə yetirə bilsin. Bu, şirkətin özünə qarşı antireklam olar.

- Ümumilikdə çatdırılma sahəsində sıxlıq yaşanırmı?
- Bəli, olur belə hallar. Bu kimi hallarda mağazanın rəhbəri olmağıma baxmayaraq, özüm də şəxsi maşınımla müştərilərin sifarişini yerinə yetirirəm. Məsələn, bu gün müsahibəyə gələndə bir az gecikdim. Həmin vaxt bir müştərinin sifarişini çatdırırdım.
- Hansısa məhsul istifadəçiləri adətən 2 yerə bölünür. Hansısa markanın daimi istifadəçisi və müxtəlif markaların istifadəçiləri. Ətir sahəsində də belədir. Məsələn, kimsə birdəfəlik hansısa fransız ətrini istifadə edir, bəziləri isə, hələ də qərarsızdır. Sizdə belə bir xidmət varmı, müştərilərə, məsələn, getdikləri görüşlərə və tədbirlərə uyğun ətir məsləhət görsün? Mən sevgilimlə görüşə gedirəmsə, hansı ətirdən istifadə edim və ya iş görüşünə gedirəmsə, hansı ətir yaxşıdır?(Suallara yenidən Rövşən Məmmədov cavab verir)
- Bəli, artıq bizdə bu xidmət var. Çünki əvvəl qeyd etdiyim kimi, mən 14 ildir bu işin içindəyəm. Avtomatik olaraq müştəri zəng vuranda bizim əməkdaşlar onlara seçimlə bağlı çox gözəl məsləhətlər verə bilirlər. Hədiyyə alanda və ya özü üçün ətir alanda biz yaşını soruşuruq. Ona uyğun olaraq operatorlar düzgün məsləhətlər verirlər. Bəzən müştərilər dostlarının istifadə etdiyi hansısa ətirin adını eşidirlər. Məsələn, eşidirlər ki, “Molekul” ətri yaxşıdır. Zəng edib bizdən bu ətri istəyirlər. “Molekul”un hardasa 6-7 növu var, biz onlara çeşidləri, onların fərqini izah edirik. Bundan başqa, saytımızda məsləhət bölməsi fəaliyyət göstərir. İşçilərimiz müştərilərə online məsləhətlər verirlər. Uğur qazanmağımızın əsas tərəflərindən biri də budur ki, bizdəki işçilər yalnız satıcı yox, eyni zamanda mütəxəssisdirlər. Bəzən bir ətrin istifadəçisi olan müştərilər həmin ətri uzun müddət istifadə edəndən sonra zəng edirlər ki, həmişə aldığım ətirin artıq əvvəlki kimi qoxusu yoxdur. Bu formada çoxlu zənglər gəlir bizə. Məsələ ondadır ki, insanlar artıq qoxuya öyrəşir. Məsələn, evə ilk daxil olanda yemək qoxusunu dərhal hiss edirsiz. Bir neçə saat keçdikdən sonra öyrəşirsiz, qoxu “itir”. Ətir də belədir. Həmin qoxu sizin üçün adiləşə bilər, amma ətrafdakılar onu hələ də hiss edirlər.
- Bir çox şirkətlərdə, o cümlədən sizin şirkətin saytında qarşılaşdığım nüanslardan biri də budur ki, şirkət saytları ya tamam rus dilindədir, ya da əsas dil rus dilidir. Bu nə ilə bağlıdır? Hədəf qrupunuz rusdillilərdir, yoxsa belə olanda şirkətin reytinqi daha yüksək olur?
- 2011-ci ildə biz internet-mağazmızı açanda İT mütəxəssislərinə müraciət etdim. Əfsuslar olsun ki, mənim qarşıma çıxan rusdilli mütəxəssis idi və elə o vaxtdan rus dilində sayt hazırlandı. Hazırda bizim İT mütəxəssislərimiz digər dil versiyalarının hazırlanması üzərində işləyirlər.
- Ətir sahəsində yerli markaların inkişafı ilə bağlı durum necədir? Keyfiyyətli yerli markalarınız varmı?
- Fəxriyyə Xələfovanın ətirləri var. Bəyənilir və müştəriləri də var. Azərbaycanın ilk milli ətir markasıdır. Rəsmi satış hüquqlarımız da var. Biz də satırıq həmin ətirləri. Başqa hər hansı marka yoxdur.
- İmicini düşünən, ciddi şirkətlərin reklam və PR büdcələri kimi Koorporativ Sosial Məsuliyyət büdcələri olur, layihələri dəstəkləyirlər və ya özləri bu istiqamətdə hansısa işlər görürlər. “Parfumshop”da bu məsələ ilə bağlı durum necədir?
- Sosial məsuliyyət bir şirkətin, bir vətəndaşın borcudur. İnsanın vətəndaşlıq borcudur. Bizim şirkətdə bununla bağlı belə bir nümunə var. Fiziki qüsurlu bir şəxslə tanış olduq təsadüfən və həmin şəxs sosial şəbəkələrdə iş axtardığını yazmışdı. Biz internet mağazayıq və əsas şüarlarımızdan biri "Evdə qalın, biz özümüz sizə xidmət göstərək!" formatındadır. Bu da bizə imkan verirdi ki, fiziki qüsurlu insanı işlə təmin edə bilək və biz həmin şəxsi sosial şəbəkələr üzrə kontent menecer kimi işə götürdük. Həmin şəxs evində oturaraq işləyir və əmək haqqı alır.
- İqtisadi sahələrin bir çoxunda monopoliya problemi sahibkarların iş fəaliyyətinə mənfi təsir göstərir. Parfümeriya sahəsində bu durum necədir?
- Ətir sahəsində rəqabət tam azaddır. Biz heç bir monopoliya problemi ilə qarşılaşmırıq.
- Deyilənə görə, ideal ətir tapmaq mümkünsüzdür...
- Razılaşıram. Artıq 14 ildir ki, mən bu işin içindəyəm və bu 14 ildə hələ elə bir ətir qarşıma çıxmayıb ki, tamamilə xoşuma gəlsin.

- Ətirlərinizi tez-tez dəyişirsiz?
- Demək olar. İndi isə ümumiyyətlə istifadə etmirəm. Bütün günü ətir qoxularının içindəyəm deyə, qoxuları hiss etmirəm.
- Demək, özünüz Parfumshop-un müştərisi deyilsiz?
- Özüm üçün almıram, amma hıdiyyə kimi alıram. Bir iş adamı öz məhsulundan demək olar ki, istifadə etmir. Yəqin ki, bu pizzanı bişirən də ondan yemir.
- Sizin sahədə ən böyük problem kimi nəyi görürsüz?
- Əsas problem olaraq bu sahədə internet mağazalar açanlarla bağlıdır. Mən onlara səslənirəm ki, 5-6 aydan sonra mağazanı bağlayacaqlarsa, orijinal ətirlər satmayacaqlarsa, 6 manatlıq ətirləri 60 manata satacaqlarsa, bu işlə məşğul olmasınlar. Bu, etibarı azaldır. Saxta ətir satırlar və hələ 1+1 kampaniya da həyata keçirdirlər. Bir daha deyim ki, bu etibarı azaldır.
- Rövşən bəy, Anar bəy, müsahibə üçün təşəkkür edirəm.
- Buyurun, bizə xoş idi.






