Yaxınları və vəkil bu qərara öz etirazlarını bildiriblər; gənc fəalla bağlı apellyasiya şikayəti veriləcək
Bu gün gənc fəal Orxan Əyyubzadənin məhkəmə prosesi keçirilib. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Əliyev Elşad gənc fəal haqqında seçilmiş həbs qətimkan tədbirinin 1 ay uzadılması barədə qərar çıxarıb. Orxan Əyyubzadənin yaxınları və vəkili hakimin bu qərarına öz etirazlarını bildiriblər.
Orxan Əyyubzadənin həbs müddətinin bir ay uzadılması ilə bağlı musavat.com-a açıqlama verən vəkil Əsabəli Mustafayev bunları deyib: “Təəssüflər olsun ki, növbəti məhkəmə qanunsuzluğunun şahidi olduq. Orxanın artıq həbsi ilə bağlı istintaq müddəti bitmək üzrə idi. Prokuror həbs müddətinin uzadılması ilə bağlı təqdimat verdi. Biz də vaxtın uzadılmasına ehtiyac olmadığını bildirdik. Çünki buna zərurət yox idi. Orxanın qaçıb gizlənmək. yaxud istintaqa təsir göstərmək imkanı yox idi. Prokuror bununla bağlı sualımızı da cavablandıra bilmədi. Məhkəmənin nəzərinə Orxanın səhhətində olan problemləri də çatdırdıq. Təəssüf ki, buna baxmayaraq, məhkəmə qanunsuz qərarını verdi. Sona qədər mübarizəmizi aparacağıq. Bu gün verilmiş qərarla bağlı apellyasiya şikayətini yaxın zamanlarda məhkəməyə təqdim edəcəyik”.
“Həbs olunmuşamsa, bunlar xalqımı sevdiyimə görədir”
Orxan Əyyubzadənin Hüquqlarının Müdafiə Komitəsinin sədri Şamil Beydulla gənc fəalın səhhətinin günü-gündən pisləşdiyini bildirdi: “Bu gün məhkəmədə onunla görüşdüm. Səhhətindən şikayətləndi. Saxlanma kamerasının dəyişdirilməsini istəyir. Çünki kameradakı adamların çoxluğu xəstəliyini sürətləndirir. Hər kəsə salam söylədi. Bildirdi ki, həbs olunmuşamsa, bunlar xalqımı sevdiyimə görədir”.
Xatırladaq ki, Orxan Əyyubzadə mayın 6-da NİDA-çılara oxunan hökmə etiraz etdiyinə görə həbs olunaraq, 20 sutka inzibati həbs cəzası almışdı. Mayın 26-da həbs müddəti bitən gənc fəal məhkəmə önünə çıxarılaraq, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə( hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) haqqında cinayət işi açılmışdı. Bu maddədə 3 ilə qədər həbs müddəti nəzərdə tutulur.
Qaynar.info