Qadının xarici görünüşü onu oğlundan və nəvəsindən məhrum edib
Çinli qadın iddia edir ki, onun yeganə oğlu artıq onu görmək istəmir və nəvəsi ilə görüşməyə də icazə vermir. Səbəb qadının həddindən artıq eybəcər olmasıdır.
ANS PRESS-in məlumatına görə, 63 yaşlı Din Lyan Çinin Xancjou şəhərində küçədə ağlayan vəziyyətdə tapılıb. Qadın 5 saatlıq yol qət edərək həmin şəhərə yeni doğulmuş nəvəsini görməyə gəlib. O, nəvəsinə kisə dolu hədiyyələr gətirib ki, bəlkə oğlu fikrindən daşınıb ona uşağı görməyə icazə verər. Lakin oğul fikrindən dönməyib. Din Lyan oğlunun yaşadığı ünvanı dəqiq bilmədiyindən geri qayıtmağa məcbur olub.
Küçədə ağlayaraq gəzən qadını görənlər ona yaxınlaşıb nə baş verdiyini soruşublar. Din Lyanın danışdığı tarixçə şəhər sakinlərini elə sarsıdıb ki, yerli telekanalın jurnalistləri dəvət ediblər. Din telekanala müsahibəsində ucqar bir kənddən gəldiyini deyib. Qadın universitet bitirmiş yeganə oğlu və yeni doğulmuş nəvəsilə fəxr etdiyini söyləyərək ağlayıb.
Onun sözlərinə görə, oğlu universiteti bitirdikdən sonra Xançau şəhərində yüksək səviyyəli avtosalonda işə düzəlib və evlənib. Lakin oğul toya təşrif buyuran anasına görə xəcalət çəkib. Oğlu anasını kişisayağı geyimdə toya gəldiyi üçün tənbeh edib və bundan sonra onunla bütün əlaqələri kəsib.
Bununla belə, oğul bir neçə gün əvvəl anasına zəng edərək ata olduğu xəbərini verib. "O, mənə tapşırdı ki, gəlməyim. Dedi ki, mən çox eybəcərəm. Məndən utanır" Lakin bu xəbərdən sonra Din oğlunu və nəvəsini görmək arzusu ilə şəhərə gəlib və beləcə küçədə qalıb.
Teleproqram efirə getdikdən sonra oğul sosial mediada təhbeh obyektinə çevrilib. İnsanlar oğulun anasından niyə imtina etdiyini anlamağa çalışırlar.